AZ

Şusalılar Böyük Qayıdış sevinciniyenidənyaşadılar TƏHLİL

Şuşa şəhərində 126 ailənin - 491 nəfərin daimi məskunlaşması təmin edilib

Böyük Qayıdış konsepsiyasına uyğun olaraq işğaldan azad olunan ərazilərimiz bu gün yeni dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu ərazilər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib.

2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri birgə bəyanat imzalandılar və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", - deyə Prezident çıxışlarının birində bildirmişdir.

Şuşanın da işğalına 28 ildən sonra son qoyuldu. "Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır", - deyən Cənab Prezident vurğulayıb ki, Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi: "Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi". Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Artıq Azərbaycanın işğalda olan torpaqları azaddır və Qarabağ Azərbaycandır!!!

21 AİLƏ OLMAQLA, 85 NƏFƏR ŞUŞA SAKİNİ DOĞMA YURDUNA QOVUŞDU

Bu gün Şuşa öz əzəli sakinlərini alnı-açıq şəkildə qarşılayır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. 12 iyun tarixində növbəti köç karvanı Şuşaya çatdı. 21 ailə olmaqla, 85 nəfər Şuşa sakini doğma yurduna qovuşdu. Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. Bununla da Şuşa şəhərində 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünü yaşayır

Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Qeyd edək ki, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Azad Şuşamız hər gün dəyişir və gözəlləşir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının göstəriciləridir.

ŞUŞANIN BAŞ PLANI - TARİXLƏ MÜASİRLİYİN VƏHDƏTİ

Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, dövlət başçısı tərəfindən Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Şuşanın Baş planı hazırlanarkən orada həyata keçirilən bütün layihələrin tarixlə müasirliyin vəhdəti üzərində qurulması nəzərə alınıb. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir. Tarixi məhəllələr çoxdur. Əlbəttə, bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi.

Yeni Baş plana uyğun olaraq, tarixi ərazidə müasir kiçik evlər olacaq. Şəhər məktəbi artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq. Şəhər xəstəxanası isə 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq.

BU İLİN SONUNA QƏDƏR 20 MİN KEÇMİŞ KÖÇKÜN ƏZƏLİ YURDA QAYIDACAQ

İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yol infrastrukturunun təzələnməsi daha da sürətləndirilir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlər də bu sıradadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, Füzuliyə, eləcə də Laçına köçlər yola salınıb. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. "Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır", - deyə Azərbaycan Prezidenti bildirib.

DÖVLƏT PROQRAMINA ƏSASƏN, CƏBRAYIL, QUBADLI VƏ ZƏNGİLANA 40 MİN NƏFƏR KÖÇƏCƏK

Müvafiq Dövlət Proqramına əsasən, 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Zəngilanda da böyük abadlıq-quruculuq işləri görülür. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir. Həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Xorovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.

"2022-2026-cı illər üzrə Dövlət proqramı"na əsasən, Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir.

Bütün bu və ya digər görüləcək işlər tarixi ərazilərimizə yeni sima bəxş edəcək və buraya qayıdan keçmiş köçkünlərin rahat və firavan yaşayışının təminində rol oynayacaqdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
sia.az

1Mənbələr