AZ

Bakıda əlillər üçün parklanma yerləri haradadır?

Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılır.

"Cebhe.info" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə ediləcək. Qüvvədə olan məcəlləyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə on manat məbləğində cərimə edilir. 

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov “Cebhe.info”-ya deyib ki, bir il bundan əvvəl Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərinin yaradılmasına başlanılıb və onların idarə olunması ilə bağlı qaydalar qəbul edilib:

“Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri, mərkəz də daxil olmaqla beş müxtəlif zonaya bölünüb. Parklanma yerlərinin təşkili qanunamüvafiq qaydada həyata keçirilir və əlilliyi olan şəxslər də mütləq qaydada nəzərə alınır. 

Parklanma məntəqələrində fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün qanuna uyğun olaraq xüsusi yerlər ayrılıb və müvafiq yol nişanları ilə təchiz edilib. “AzParking” mobil tətbiqində onlar üçün nəzərdə tutulan yerlər də xüsusi rənglə göstərilir. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrini saxlayanlar üçün cərimələr də nəzərdə tutulub”. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “Cebhe.info”-ya açıqlamasında deyib ki, əlillərin avtomobilini parklaması ilə bağlı xüsusi bir proqram təyin olunmayıb:

“Bu proqramın təyin oluna bilməməsi müəyyən dərəcədə insanlarda çaşqınlıq və suallar yaradır. Çünki bu gün əlillərin avtomobilinin parklanması üçün xüsusi ayrılmış zolaqlar və yerlər yoxdur. Varsa belə, söhbət ödənişli və güzəştli paktlanma yerlərindən gedir. Bu parklanma yerlərini də demək olar ki, görmək olmur.

Bəzi xüsusi xəstəxanalarda və reabilitasiya mərkəzlərində ola bilər. Ancaq digər yerlərdə əlillər üçün xüsusi yerlər təhkim olunmayıb”. 

Ekspert vurğulayıb ki, əlillərin avtomobillərinin parklanması üçün yerlərin artırılması və ya onlara güzəştin tətbiqinə ehtiyac var:

“Əlillərə xüsusi imtiyazlar tətbiq etməklə əliliyi olan şəxslərin ərazi üzrə ümumi istifadə olunan dayanma durmadan istifadə etmək üçün güzəşt tətbiq oluna bilər. Ancaq reabilitasiya yerləri, xəstəxanalar və digər ərazilər üzrə indiyə qədər əlillər üçün parklanma yerləri müəyyən olunmayıb. Ona görə də bu məsələnin nə dərəcədə effektiv olacağı məchuldur. Yəni qanuni qüvvəyə minməsi və bundan əlillərin yararlanması hələ ki, sual doğurur və gələcəkdəki addımlardan xəbərsizik”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
cebheinfo.az

1Mənbələr