AZ

Cütlüyün xalauşağı olduğu necə bilinəcək? – “Bu, asan məsələdir, Ədliyyə Nazirliyinin portalı var”

Ailə Məcəlləsinə dəyişikliklər təklif olunub. Təklif edələn dəyişikliklərin qəbul olunacağı halda qohum evliliklərinə icazə verilməyəcək.

Bəs nikaha daxil olarkən bu şəxslərin qohum olması necə müəyyənləşəcək? Bunun hansısa mexanizmi varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, xalaqızı, əmioğlu kimi qohum evliliklərinin qanunla qadağan edilməsi rəsmiləşər, ancaq düşüncə dəyişməzsə, effektiv nəticə əldə etmək mümkün olmayacaq:

“Bu qadağaların fəsadları ola bilər. Rəsmi nikahı qadağan etmək çıxış yolu deyil. Çünki bu, həmin şəxslər arasında cinsi əlaqəni və ya vətəndaş nikahını önləyə bilməz. Qohumluğu olan şəxslər yenə birgə yaşaya biləcəklər, sadəcə olaraq, onların münasibətləri dövlət qeydiyyatına alınmayacaq. Onların dünyaya uşaq gətirməsi, valideynlik hüququnun tanınması qanunla qadağan edilə bilməz. Bu isə nikahsız ailələrin sayının artmasına səbəb olacaq”.

Müsahibimiz deyir ki, qohum evliliklərinin qarşısını almağın ən effektiv yolu şüurlarda dəyişikliyə nail olmaqdır:

“Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu məsələni qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq  qohumları) ilə evləndiyi ailələr, bölgələr var. Qadağanın tətbiqi bu tendensiyanı dayandırmayacaq. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Buraya uşaqların övladlığa verilməsindən tutmuş, sənəd üzərində qohumluqdan imtina etməyə qədər ən müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Ona görə də, bu proses daha çox bilgiləndirmə yolu ilə, şüurda dəyişiklik edilərək aparılmalıdır. Onlar qohum evliliklərindən doğulacaq uşaqların mümkün xəstəlikləri ilə bağlı maarifləndirilməlidirlər”

Qohumluq əlaqələrinin necə müəyyən edilməsi məsələsinə də toxunan hüquqşünas deyir ki, Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinin portalı var və şəxslərin qohum olub, olmadığını oradan aydınlaşdırmaq mümkündür:

“Bu, ciddi problem yaradacaq məsələ deyil. O ki, qaldı hazırda nişanlı olan qohumlara, qanun hələ qüvvəyə minməyib. Bununla bağlı layihə üç oxunuşda Milli Məclisdən keçməli, daha sonra isə qanunu prezident təsdiqləməlidir. Qanun qüvvəyə minənə, prezident bu qanunu imzalayana qədər xeyli müddət keçəcək və bu müddət ərzində nişanlı olanlar nigaha daxil ola bilərlər”- deyə, Ş.Paşayev sonda dedi.

Digər müsahibimiz, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə isə deyir ki, qanunda insanların şəxsi həyatına təsir göstərən dəyişiklik çox mühüm, eyni zamanda çətin bir addımdır.

“Belə bir qanunun reallaşmasının asan olacağını heç kəs düşünmür. Aktual bir məsələ olaraq düşünürəm ki, qohum evliliklərinin qadağan edilməsi lazımi addımdır. Statsitikaya baxdıqda görürük ki, qohum evlilikləri ilə evlənən şəxslər kifayət qədər gəncdirlər. Bu isə o deməkdir ki, qohum nikahlarının sayı artır. Qohum nikahlarının millətin sağlamlıq göstəricilərinə, doğulan körpələrin sağlamlığına mənfi təsiri elmi cəhətdən sübut olunmuş faktdır”.

H.Axundzadə deyir ki, bu qanunun icra mexanizmləri tədricən işləniləcək və müəyyən çətinliklər olacaq.

“Artım tendensiyasını nəzərə alaraq qadağasız bu praktika ilə effektiv mübarizə aparmaq  mümkün deyil. Cəmiyyətdə qohum evlilikləri qadağan olmazsa, tezliklə qohum evliliklərinin artmasına gətirib çıxara bilər. Milli sağlamlıq, qız uşaqlarının hüquqlarının qorunması və gender bərabərliyi naminə belə bir qanunun qəbul edilməsi çox vacibdir”- deyə, o , sonda bildirdi.

Mədinə Useynova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
konkret.az

1Mənbələr