AZ

Qohum evlilikləri uşaqlarda hansı xəstəliklərə yol açır?

Məlum olduğu kimi, qan qohumluğu olan şəxslərin nikaha girməsini qadağa etməklə bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilib. Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət qanuna təklif edilən dəyişikliyi gələcəkdə dünyaya gələn uşaqlarda ortaya çıxa biləcək sağlamlıq fəsadları baxımından məqbul hesab edib.

Bakıvaxtı.az xəbər verir ki, birinci və ya ikinci dərəcə qohum evlilikləri zamanı uşağın ana bətnindən düşməsi və ya ölü doğuş halları ilə yanaşı doğulan uşaqlarda otozomal resesif xəstəliklər daha çox müşahidə edilir.

ATU Tədris Terapevtik klinikasının İnvaziv Uşaq Kardioloqu Elnur İmanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu xəstəliklərdən biri və

ən çox rast gəlinəni ürək-damar xəstəlikləridir.

Uşaq kardioloqu bildirib ki, hər 1000 doğuşdan 10-da anadangəlmə ürək qüsuru müşahidə edilir.

Elnur İmanov: Qohum evliliyi anadangəlmə ürək qüsuruna zəmin hazırlayır

“Qohum evliliyi anadangəlmə ürək qüsurunun yaranmasına zəmin hazırlayır. Qeyd edim ki, anadangəlmə ürək qüsurunun yaranmasında 15 faktor var. Ölkələrə görə bu faktorların yeri dəyişməkdədir. Biz bu məsələləri Amerikaya məxsus kitablardan oxuyuruq və orada qohum evliliyi ən son sıralarda yer alır. Şərq ölkələrində isə bu faktor ön sıraya keçməkdədir”, - o əlavə edib.

 

E.İmanov təəssüflə qeyd edib ki, respublikamız da qohum evliliyinə görə anadangəlmə ürək qüsurlu uşaqların dünyaya gəldiyi ölkələr sırasında yer almaqdadır: 

“Bizdə xüsusilə birinci dərəcədən qohum evlilikləri daha geniş yayılıb. İstisna deyil ki, bu da özünü müxtəlif xəstəliklərlə büruzə verir”.

O, anadangəlmə ürək qüsurlu uşaqlarla işləyən bir kardioloq kimi qanun layihəsinə edilən bu dəyişikliyi dəstəklədiyini bildirib. 

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
bakivaxti.az

1Mənbələr