AZ

Sənaye parkları hansı funksiyanı yerinə yetirir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş məkanlara sənaye parkı deyilir.

Banco.az Azərbaycanda sənaye parklarının vəziyyəti barədə məlumatları təqdim edir:

Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.
Sənaye parkının yaradılmasında məqsəd iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Eyni zamanda  innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı da bu parkların öhdəliyindədir.  
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkında 40 müəssisəyə rezident statusu verilib. Fəaliyyət göstərən müəssisələrin faktiki sayı isə 24-ə yüksəlib. 
2011-ci ildə yaradılan Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.
2015-ci ildə Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı və Mingəçevir Sənaye Parkı yaradılıb.  Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış, ümumilikdə 20 min ton iplik istehsalı gücünə malik “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilib.
2016-cı il 14 sentyabr tarixli Sərəncam ilə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 7 müəssisə rezident kimi qeydiyyatdan keçib.
2021-ci ildə isə  Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Artıq 21 sahibkara sənaye parkının rezidenti statusu verilib.
2021-ci il 4 oktyabrda Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində  yaradılan Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. 
2024-cü ilin yanvar-mart ayları ərzində Ağdam Sənaye Parkında 4, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 olmaqla, cəmi 7 müəssisəyə rezident statusu verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
banco.az

1Mənbələr