AZ

Xalqımızı nicata aparan yol

“Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  müasir müstəqil, qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanla qürur duyur. Arxada qalan hər gün Azərbaycanın müstəqillik  tarixinə uğur səhifəsi kimi yazılır. Təbii ki, bu uğurlarımız, Zəfərlərimiz böyük səylərin, qətiyyətin nəticəsidir. Xalqımız Milli Qurtuluş Gününü qeyd edir. Ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən silsilə tədbirlər məhz Qurtuluşun bugünkü uğurlara yol açdığını əsaslı şəkildə diqqətə çatdırır  və belə bir əminlik ifadə olunur ki, hər bir hədəfə zamanında nail olan Azərbaycanı bundan sonra da möhtəşəm uğurlar gözləyir. Hər bir bayram, tarixi gün arxada qalan dövrün hesabatı, yeni dövrün hədəflərinin təqdimatıdır. 15 iyun 1993-cü il tarixindən bizləri 31 illik zaman ayırır. Zamanın hakimliyinə, tarixin yaddaşına söykənərək Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə ölkəmizin nədən xilas olduğunu aydın şəkildə görür, Ümummilli Lider Heydər Əliyevə borclu olduğumuzu  indiki və gələcək nəsillərə çatdırır, bu yolun uğurlu davamından böyük qürur hissi keçiririk. Reallıq budur ki, 1991-1993-cü ilin iyununadək olan dövr tariximizə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran dövrü kimi daxil oldu. Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdır. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının girovuna çevrilmələri, ümumiyyətlə,normal idarəçilik sistemi formalaşdırmaqdan, hadisələrdən düzgün nəticə çıxarmaqdan uzaq olmaları vəziyyəti  hər an gərginləşdirdi. Torpaqlarımızın  Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu təsdiqlədi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.  Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı: “1993-cü il iyunun 15-də Ümummilli Lider  Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu,  inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin  sədri seçildi.  1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında Milli Məclis  15 iyun gününü bayram elan etdi. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixi gün Azərbaycanın bugününün və gələcəyinin əsası oldu.”

Nurlan Həsənov onu da vurğulayıb ki, güclü Lideri olan dövlətlər və xalqlar böyük  inkişaf yolu keçir, möhtəşəm uğurlara imza atırlar: “Eyni zamanda,  Azərbaycan reallıqlarının fonunda o da təsdiqləndi ki, müstəqilliyin qorunub saxlanılması onun əldə edilməsindən də çətindir. Ümummilli Lider Heydər Əliyev adını tariximizə  müstəqilliyimizin   memarı kimi  qızıl hərflərlə yazdırdı. 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. İllər keçdikcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətini daha dərindən dərk edir, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ilin ölkəmizin həyatında rolu yüksək dəyərləndirilir. Qurtuluş əbəs yerə  bugünkü uğurlarımızın başlanğıc nöqtəsi kimi dəyərləndirilmir. Ümummilli Lider Heydər Əliyev  problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib  amil kimi önə çəkirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”  Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi inkişaf təmin edildi. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. “Əsrin müqaviləsi” imzalandı və 23 ildən sonra “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı. Regional çərçivədə başlanan əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırdı.”

Millət vəkili bildirib ki, tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı: “Üç il sonra 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq dayandı. Ulu Öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, tarixi ədalət bərpa edildi. Tarixi ədalətə söykənən hədəflərimiz davamlıdır. Xalqımız tam əmindir ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər bir hədəfə zamanında nail olacağıq. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdış Proqramının uğurlu icrası soydaşlarımızın qayıdış ünvanlarının sayının artmasında özünün aydın ifadəsini tapır.”

Nurlan Həsənov tariximizin bu mühüm hadisəsini də xüsusi qeyd edib ki,  Şuşa Bəyannaməsinin imzalanmasından üç il keçir: “ 2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşa Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Müttəfiqlik  Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan və Türkiyə birliyini daha da gücləndirir. Bu müttəfiqliyi hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində görmək mümkündür.  Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Bu birlik dünyaya nümunədir. 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin ondan sonrakı dövr  bu birliyi daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
3
ikisahil.az

4Mənbələr