AZ

Qohum evliliyi ləğv olunsa, nə baş verəcək?

Ednews Oğuz Ayvazın “XIX əsrdə qalmış cəmiyyətimiz” adlı yazısını təqdim edir:

Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilə bilər. Əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu kimi evliliklər artıq tarixin arxivinə yuvarlanır. Amma inanmıram ki, bu təkcə qanunvericiliklə həllini tapsın. Azərbaycan cəmiyyəti köhnə ənənələri özündə qoruyub saxlayan, öz nəslini kor-təbii şəkildə artırıb yaşatmaq istəyən adamlarla doludur. Halbuki indi zəmanə dəyişib. Biz köhnədə ilişib qalmamalıyıq. Mentalitetimizdən, yosunlaşmış adətlərimizdən əlimizi çəkməli, yeni mərhələyə qədəm qoymalıyıq. 

Biz hələ qohum evliliyinin nə kimi fəsadlara yol açdığından xəbərsizik. Bu barədə kifayət qədər maariflənmə aparılmayıb. Qohum evliliyi - ailə quran şəxslər arasında qan bağının olmasıdır. Bacı və qardaşın uşaqlarının (yəni əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu - əmiqızı, xalaqızı, dayıqızı, bibiqızı) bir-biri ilə nikaha daxil olması qohum evliliyi sayılır. Nəticədə, bu evlilik bir sıra fəsadlara gətirib çıxardır. Şəxslər arasındakı qan bağının yaxınlıq dərəcəsi artdıqca, fəsadların meydana çıxma riski daha da yüksəlir.

Aralarında qan bağı mövcud olan şəxslərin nikahdan öncə həkim-genetiklə ətraflı məsləhətləşmə aparması vacibdir. Həkim-genetik xromosom xəstəlikləri olan ailələrin tibbi-genetik məsləhəti, diferensial diaqnostikanın aparılması və ailəvi-geneoloji analizin keçirilməsi kimi çox əhəmiyyətli öhdəlikləri yerinə yetirərək fəsadların qarşısını mümkün qədər almağa çalışacaq. İrsi xəstəliklər həm anadangəlmə, həm də uşaq doğulandan sonra müxtəlif yaş dövrlərində özünü büruzə verə bilər.

Anada və atada mövcud olan müxtəlif xüsusiyyətlərin daha sonrakı nəslə ötürülməsi genlər tərəfindən təmin edilir. Bu genlərdə hər hansı bir səbəbdən insanlarda xəstəliyə gətirib çıxara bilən mutasiyalar meydana gələ bilər və insanlar bu mutasiyaları daha sonrakı nəslə ötürə bilər. Qohum şəxslər isə öz genlərini ortaq bir atadan aldıqları üçün onların eyni genlərində mutasiya daşıma ehtimalları -  qohum olmayan şəxslərə nisbətən xeyli çoxdur. Beləliklə, genlərində mutasiyanın olduğu cütlüyün dünyaya gələn hər körpəsində bu xəstəliyin meydana çıxması  riski 25 faiz olacaq. Mütəxəssislərin fikrinə görə, qan qohumluğu olan şəxslərdən dünyaya gəlmiş uşaqların talassemiya xəstəsi olması ehtimalı böyükdür. Talassemiya - xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülən ağır irsi qan xəstəliyidir.

Gördüyünüz kimi, qohum evliliyi nəinki cütlüyün sağlamlığına, psixikasına, hətta uşağının gələcəyinə belə təsir edə bilər. Biz isə bu həqiqətləri bilmədən - ya da bilərəkdən qohum evliliyinə göz yumuruq. 

photo_10928.jpg

Təəssüf ki, indi də qohum evlilikləri yaşanmaqdadır. Bu təfəkkür gələcək nəsillərə ötürülərək zəncirvari bir qəza törətməkdə davam edir. Beyinlərdə inqilab lazımdır, nəyisə qadağa etməklə məsələnin həll yolunu tapmaq mümkün görünmür. Bu inqilabın isə vaxtı, çox güman, uzun illər çəkəcək. Bir nəsil çıxıb gedərsə, o zaman o özü ilə bərabər köhnə fikri də aparacaq. Əvvəllər insanlar sosial şəbəkələrə girən xanımlara pis gözlə baxırdılar, onları “ayağısürüşkən” hesab edirdilər. Yaxud da şortik. Düzdü, şortik məsələsi hələ də gündəmdədir. Biz bu şortik məsələsini heç cür həll edə bilmədik. Ancaq zaman onu göstərir ki, artıq sosial şəbəkəyə girən xanımlara pis gözlə baxılmır, artıq bu immuniteti qazanmışıq. Biz nə vaxt ki insanların pal-paltarından gözümüzü çəkib, onların qəlbinə və ruhuna baxsaq, o zaman sağlam bir cəmiyyət quracağıq. 

Qonşumuz, qardaşımız Türkiyə uzun illərdi qohum evliyiliyi söhbətlərindən şikəst qalıb. Eyni cəmiyyət, eyni təfəkkür, eyni adətlər. Nəticədə bədbəxt uşaqlar dünyaya gəlir. Türkiyənin yanında biz toya getməliyik. Orada insanların yazıb-oxuma faizləri çox aşağıdır. Üstəlik, dini manipulyasiyaya məruz qalan cəmiyyəti asanlıqla aldatmaq mümkündür. Təbii ki, aldanılan bir cəmiyyəti idarə etmək daha asandır. Burada serialların da xüsusi rolu var. Türkiyədə tək-tük serialları çıxmaq şərti ilə, demək olar, əksəriyyəti ailə-məişət mövzusundan kənara çıxa bilmir. Bizdə də kütləvi şəkildə izlənilir və yaxşı nəticələr hasil olunmur. İnsanların təhsil səviyyəsi aşağı olduğu üçün kitab-dəftərə yox, görünməzlərə, falçılara, ekstrasenslərə inanırlar. Həyatlarındakı uğursuzluqlarının səbəbini özlərində yox, başqa yerlərdə axtarırlar.  

Qayıdaq qohum evliliyinə. Gənclər əksərən ailələrinin təsiri və təzyiqi ilə evlənirlər. Bu da bir çox hallarda neqativ nəticələrə gətirib çıxardır. Bu günlərdə yaxın dostlarımdan birini məlum məsələyə görə itirdim, daha doğrusu, qohumlarının təsirə düşməsinə dözə bilmədim və bir daha onu axtarmadım. İstəmədiyi halda bir neçə ibtidai icma quruluşundan qalma təfəkkürə sahib adamların əhatəsində tək qaldı, mübarizə aparmadı və qohum evliliyinə qol çəkdi. Əslində, o öz taleyinin qaranlığa gedən yoluna qol çəkdi. Halbuki dostum təfəkkürcə onlardan qat-qat üstün idi. Kitab oxuyur, filmlərə baxırdı. Ancaq, görünür, oxuduqlarından yanlış təəssürat alıbmış. Köhnə təfəkkürün çoxluğu onun yeni təfəkkürünü əzib və nəticədə ağ bayraq qaldıraraq təslim olub.

Qohum evliliyi ilə bağlı qərar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. Fikir verdim ki, yenə yumor hissinin güclü olduğunu düşünən xalqımız “kim daha çox güldürər” yarışına girib bu mövzu haqda gülməli statuslar yazmaqdadırlar. Nə bilim, “başqasının xalası qızı ilə evlənə bilərik?” kimi bayağı, əttökən statuslar. Bilmirəm, nəyə görə belədir, ancaq bizim camaat hər şeyi zarafatla, “hihaha”larla ört-basdır eləməyə çalışır. Yumor yaxşı şeydir, yumor tərəqqidir. Ancaq yumor da yumor ola. “Komedixana” təfəkküründə yumorla bir yerə gedəsi deyilik. 

Uzun illərdir bu mövzuda yazıram, amma heç bir halda bu kimi şəxslərin təfəkkürünə təsir edə bilmirəm. Yüz il əvvəl Mirzə Cəlil, Axundov da bu mövzularda yazıblar, ancaq faydası yoxdur. Nə çarə ki, cəmiyyət bozluğun, qaranlığın arxasınca gedir. Halbuki onlar Mirzə Cəlili, Axundovu, Sabiri sevdiklərini deyirlər. Hər yerdə onları müdafiə edirlər. Lakin həqiqət odur ki, heç biri bu müəllifləri oxumayıblar. Oxusalar, onsuz da, indi mənim bu mövzuda yazmağıma lüzum qalmazdı. Bir dəfə haradasa oxumuşdum, ya da elə özüm demişdim: nə vaxt ki, Mirzə Cəlil, Sabir aktuallığını itirəcək, biz o zaman sağlam bir cəmiyyət olacağıq. Sabirin, Mirzə Cəlilin mövzuları indi də aktualdırsa və biz onların güzgüsünə baxıb özümüzü düzəltmiriksə, deməli, hələ də XIX əsrdə qalmışıq. Ümid edirəm ki, bu qərar - qohum evliliyinin ləğvi, bəlkə də, yatmış dinozavrı oyada və daha işıqlı gələcəyi təmin edə. Ümid də saman çöpü kimidir -  boğulanın əzablarını uzadır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
ednews.net

1Mənbələr