AZ

Qohum evliliyinin qarşısını almaq mümkün olacaq? – Ekspertlərin RƏYİNDƏ

Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Gündəmlə bağlı Ednews-a danışan sosioloq Elçin Bayramlı təklifi təqdirəlayiq hesab edib. O deyib ki, uzun illərdi bu məsələni təklif edir. 

52e73509f91d1fd8d59987a5f85be074.jpg

“Azərbaycanda bu problem ənənəvidir. Son vaxtlar bir qədər azalmış olsa belə, aradan qalxmır. Bu da özünü həm sosial, həm də mənəvi cəhətdən göstərir. Elmi olaraq sübut olunub ki, yaxın qohumların evlənməsi ciddi problemlərə, uşaqlarda bir çox xəstəliklərin yaranmasına səbəb olur. Mənəvi cəhətdən də qəbul olunmazdır. Çünki xalaqızı, dayıqızı, bibiqızı, əmiqızı bunlar qardaş bacı statusundandır. Onların evlənməsi o qədər də normal deyil. Mənəvi, psixoloji baxımdan buna ehtiyac yoxdur. Bu təklif kimi qalmasa yaxşıdı, qanun qəbul edilməyin vaxtıdır”.

Ekspert vurğulayır ki, bizim cəmiyyətdə maarifləndirmə tendensiyası həm zəif həm də effektsizdir. Heç bir sahədə maarifləndirmə zərrə qədər də vəziyyəti dəyişmir. Biz bunu çox uzun illərdir görürük.

“Demək yalnız inzibati metodlarla, qanunlarla, ciddi nəzarətlə bu problemlərin üzərinə getmək və həll etmək lazımdır. Bir tərəfdən baxdıqda insanların hüquqlarına zidd görünür, insan istədiyi şəxslə evlənməlidir. Amma insan hüquqlarının da bir məntiqi, qaydası olmalıdır. Qaydalar izah olunmalıdır. Çünki cəmiyyətimizə ziyan vurur. Bu hala son qoyulmalı, müvafiq qanun qəbul edilməli və qadağan olunmalıdır”.

Psixoloq Nabat Mirzəyeva da saytımıza açıqlamasında bildirdi ki, evlilik ata və ana modelindən ibarət olur. İki bədən birləşdiyi zaman dünyaya gələn övlad hər ikisinin genetikasını və hər ikisinin ötürülmüş xromsomlarını daşıyır: 

1710407225_c25a5133-f849-4c50-ab5a-85a7f143f51b.jpg

“Sözsüz ki, biz ailə qurduğumuz zaman övladımızın sağlam dünyaya gəlməsini istəyirik. Ancaq qohum evliliklərindən dünyaya gələn övladlarda əgər ki, sıradan bir evliliklərdə xəstəliklər 1 faiz olarsa, qohum evliliklərində yüksək faiz artımı ilə problemli və qüsurlu uşaqların dünyaya gəlməsi daha çox olur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, qohum evlilikləri nəticəsində təəsüf ki, övladlarımızda göz, qulaq, ürək qüsuru və talessemiya xəstəliklər baş qaldırmağa başlayır. Əfsuslar olsun ki, bir çox qohum evliliklərində övladlar qüsurlu şəkildə doğulur.

Psixoloq qeyd edib ki, qohumların boşanması da ciddi problemlərə səbəb olur:

“Əksər hallarda cütlüklər yola getmədiyi hallarda boşanma ilə nəticələnir. Bu halda qohumlar arasında düşmənçilik meydana gəlir.

Hətta qohum evliliklərində boşanmalar olandan sonra belə ailələr arasında söz-söhbətlər və nifaq yaranır. Xoşbəxtliklə nəticəsində olunan bu toy, nikah evlilik hüsranla tamamlanır. Ona görə qohum evlilikləri qəbul olunmaz bir evlilik olmalıdır”.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Aynurə İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
ednews.net

1Mənbələr