AZ

Ekspert: Sertifikasiya müəllimlər arasında rəqabət formalaşdırır

Ekspert:

Bakı, 12 iyun, AZƏRTAC

Müəllimlərin pedaqoji fəaliyyətinin inkişafı istiqamətində Elm və Təhsil Nazirliyi onların ixtisasları üzrə sertifikasiya imtahanı keçirir. Bu imtahan getdikcə bütün ixtisaslar üzrə təşkil ediləcək. 2022-2023-cü tədris ilində sertifikatlaşdırma prosesində müvəffəqiyyət qazanmayan müəllimlər işlədikləri məktəblərdə fəaliyyətlərini bir il davam etdirmək şərtilə bu il yenidən sertifikasiya imtahanına cəlb edildilər. İmtahanda iştirak edən 7296 nəfərdən 3424 nəfər ibtidai sinif, 485 nəfər isə Azərbaycan dili və ədəbiyyat müəllimi keçid balını toplaya bilmədi. Bu göstərici ümumi iştirakçıların 50 faizindən çoxdur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert sertifikasiya nəticələrini təhsil üçün acınacaqlı vəziyyət kimi dəyərləndirib: “Gələcəyimizi, övladlarımızı əmanət etdiyimiz müəllim öz ixtisası üzrə ümumi balın 50 faizini toplaya bilmir, zəif nəticə göstərir. Gələcək nəslimizə “2” qiymət alan müəllim lazım deyil. Buna görə də həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməlidir. Heç kim övladını ibtidai sinifdə, necə deyərlər, imtahandan keçə bilməyən müəllimə etibar etmək istəməz. Hər bir uşaq ibtidai sinifdə ilkin biliklərə yiyələnir, bu biliklərin bünövrəsi qoyulur. İbtidai təhsil kifayət qədər möhkəm olduqda növbəti təhsil mərhələsi də uğurlu olur. İbtidai sinif üzrə biliyi zəif olanlar növbəti təhsil pilləsində də bunun çətinliyini yaşayırlar. Bu proses vətəndaşın ali məktəblərə qəbul olmasından başlayaraq gələcək karyerasına kimi öz təsirini göstərir.

Hazırda məktəblərdə müxtəlif yollarla diplom almış bir çox ixtisas sahəsi üzrə işləyən müəllimlər var. Onlardan bəziləri əvvəlki illərdə ixtisasartırma yolu ilə, bəziləri ixtisaslarını dəyişməklə əmək fəaliyyətinə davam edirlər. Hazırda kolleci bitirərək məktəblərdə işləyən müəllimlərin arasında müvəffəqiyyət göstəricisi yüksək olanlar da var. Amma təəssüf ki, neqativ vəziyyətlə də qarşılaşırıq. Müsabiqə şərtlərini ödəməyən müəllimlərin əksəriyyətinin ibtidai sinif müəllimi olması və daha çox yaşlı nəslin nümayəndəsi olması, yəni 10 ildən yuxarı pedaqoji fəaliyyətinin olması da bir o qədər acınacaqlıdır. On ildən yuxarı pedaqoji təcrübəyə malik olan bir müəllimin öz ixtisası üzrə ümumi sualların 50 faizindən aşağı nəticə göstərməsi ictimaiyyət tərəfindən heç də xoş qarşılanmadı. Düşünürəm ki, sertifikasiya imtahanı bu kimi neqativ vəziyyəti üzə çıxarmaqla gələcəkdə məktəblərdə savadlı kadrların formalaşmasına töhfə verəcək”.

Ekspert bildirib ki, dünyanın əksər ölkələrində peşə ixtisası üzrə təkmilləşdirici layihələr, sertifikasiya həyata keçirilir: “Fikrimcə, bizdə də keçirilən sertifikasiya imtahanları təhsilin inkişafı istiqamətində yaxın 5-6 ildə özünü doğruldaraq təsirini hiss etdirəcək. Bu proses məktəblərdə peşəkar müəllimlərin işləməsinə səbəb olacaq. Həmçinin müəllimlərdə müəyyən qədər məsuliyyəti də artıracaq, ciddi rəqabət formalaşdıracaq və bu da pedaqoji ixtisaslar üzrə universiteti bitirən gənc kadrlara müsbət təsir edəcək”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
azertag.az

1Mənbələr