AZ

Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı istifadəyə verilib - YENİLƏNİB

Zəngilan, 12 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilən hərracda Laçındakı “Əhmədli” mişar daşı və Qubadlıdakı “Hacılı” əhəng daşı yataqları sahibkarların istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə - Şərqi Zəngəzur iqtisadi rayonunda hərrac keçirilib.

İyunun 12-də yer təkinin istifadəyə verilməsi üçün Zəngilanın Ağalı kəndində təşkil edilən tədbirdə aidiyyəti qurumların nümayəndələri, investorlar və media mənsubları iştirak ediblər. Tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov çıxış edərək, əsas məqsədin təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadənin, həmçinin investorlar arasında şəffaf rəqabətin təmin edilməsi olduğunu vurğulayıb.

Hərracdan öncə işğaldan azad olunan ərazilərdə yer təkindən istifadəyə yeni yanaşmalar, bölgədəki faydalı qazıntı yataqlarının növləri, mühafizəsi və öyrənilməsi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. İşğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzur regionunun iqtisadi inkişafına töhfə olacaq. Bu, doğma torpaqlarına geri dönən soydaşlarımızın işlə təminatı baxımından da vacib məqamdır. Faydalı qazıntı yataqlarının səmərəli istismarı azad olunmuş bölgələrimizin bərpasında və yenidən qurulmasında müstəsna əhəmiyyətə malikdir.

Hərracda Laçın rayonundakı “Əhmədli” mişar daşı yatağında sahəsi 44,2 hektar olan 7 lot və Qubadlı rayonundakı “Hacılı” əhəng daşı yatağında sahəsi 18,5 hektar olan 3 ədəd lot istifadəyə verilib. Faydalı qazıntı yataqları üçün edilən son təkliflər ilkin qiymətindən yüksək olub.

13:23

Şərqi Zəngəzur iqtisadi rayonunda yer təkindən istifadə məqsədilə ilk hərrac keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində keçirilən hərracda aidiyyəti qurumların rəsmiləri, investor şirkətlər və media mənsubları iştirak edirlər. Hərrac işğaldan azad olunan bölgələrdə yer təkindən qanunauyğun və səmərəli istifadəni nəzərdə tutur.

Qubadlı rayonundakı “Hacılı” əhəng daşı yatağı və Laçına məxsus “Əhmədli” mişar daşı yatağı hərraca çıxarılır. Auksionda 4 istismarçı şirkət 10 lot üzrə rəqabət aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
azertag.az

3Mənbələr