AZ

"COP29-un özünəməxsus tələbləri var" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 demək olar ki, dünya birliyi qarşısında duran ən aktual gündəliyi meydana gətirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, söhbət iqlim dəyişikliyinə qarşı birgə səylərlə mübarizə aparmağımızdır: "Çünki biz bilirik ki, əgər planetin bir hissəsində təbii fəlakət, ağır vəziyyət yaranırsa, o, bütün planetin iqliminə, ətraf mühitinə sirayət edir. Bu baxımdan COP29-un özünəməxsus tələbləri var. İlk növbədə bu, yaşıl enerjiyə keçiddir. Yaşıl enerjiyə keçidlə bağlı COP28-də çox böyük narazılıqlar oldu. Çünki rəsmi Əbu-Dabi tədbir əsnasında çalışdı ki, ənənəvi enerji mənbələrinin istismarı ilə bağlı yeni razılaşmalar əldə etsin. Bu, iştirakçıların çoxunun ürəyincə olmadı. Çünki bir yandan tendensiya ona doğru gedir ki, neft, qaz mənbələrindən istifadənin həcmi azalsın ki, yaşıl enerjiyə, bərpa olunan enerji mənbələrinin üstünlüyünə nail olaq. Ancaq belə məqamda Ərəb Əmirlikləri özlərinin korporativ maraqları üzərində çalışmağa başladılar. COP28-in meydanlarında məhz yeni razılaşmalar əldə etdilər. Ona görə də onlar tənqid atəşinə tutuldular.

Azərbaycan isə artıq COP29-u qəbul etməyə hazırlaşarkən demək olar ki, yaşıl enerjiyə keçidimizi dönməz vəziyyətə gətirib çıxarırıq. Birincisi, azad olunmuş ərazilərimizdə ancaq bərpa olunan enerji mənbələrindən istifadə edəcəyik. Söhbət su, külək, günəş enerjisindən gedir ki, artıq qurğular təmin olunur. Aydın planımız var. Dövlət başçısı Prezident İlham Əliyevin qayəsi, məqsədi ondan ibarətdir ki, 30-35-ci ilə qədər Qarabağ bölgəsində, Şərqi Zəngəzurda karbon emissiyası sıfırlansın. Bu, özünəməxsus bir normaya çevriləcək. Çünki Azərbaycanın belə imkanları var. Biz qəti əminik ki, buna nail ola biləcəyik. COP29-u Azərbaycanda keçirməklə dünya birliyinə səslənirik və göstəririk ki, əgər biz belə qayğıları gündəmə gətiririksə, məqsədlərimizi müəyyən ediriksə, deməli, bundan istifadə etmək vacibdir. Bizim yolumuzla digərləri də gedə bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə çox böyük təşəbbüskarlığı var. Biz BƏƏ, Səudiyyə Ərəbistanının aparıcı şirkətləri ilə bu istiqamətlərin hamısında əməli işlərimizi aparırıq. Texnoloji baxımdan öz suverenliyimizi bərpa edirik. Nəhayət, dünya birliyinə də göstərdik ki, yol budur. Əlbəttə ki, ənənəvi enerji mənbələri hələ ki, istismar olunur, uzun müddət də olacaq. Ancaq həcmini getdikcə yaşıl enerji xeyrinə azaltmaq lazımdır".

"Bu tədbirlər Azərbaycan üçün çox vacibdir. Çünki ölkəmiz artıq orta güc mənasını tərənnüm edir, təsdiqləyib və onu dünyaya təqdim edir. Bu baxımdan da biz dünya birliyində sayılan, seçilən məmləkətlər sırasındayıq.

Bilirsiniz ki, Qoşulmama Hərəkatında bizim 4 il sədrliyimiz beynəlmiləl mühitdə olan məsələlərin həllinə şərait yaratdı. Azərbaycan burada təşəbbüskarlıqla çıxış etdi ki, əziyyət çəkən xalqlara, dövlətlərə birlikdə kömək edək. BMT səviyyəsində bu məsələ böyük razılıqla qarşılanmışdı. Beynəlxalq Humanitar forumun özü dünyada olan geosiyasi, geoiqtisadi gərginliyin azalmasına hesablanmış tədbirdir. Bu forum ondan xəbər verir ki, mübahisəli məsələlər var, amma onlara köklənməyək, əməkdaşlığa köklənək. Bunun üçün ən yaxşı sahə humanitar sahədir. Çünki o, ilk növbədə gərginliyi azaltmağa imkanlar yaradır, digər tərəfdən xalqları bir-birinə yaxınlaşdırır, onların vətəndaş cəmiyyətlərini stimullaşdırır ki, bir-birlərilə yaxın əlaqədə olsunlar. Beləcə də, dialoq formatı genişlənsin, bununla da biz bir çox məsələlərin həllinə nail ola bilək.

Formula1-ə isə ictimai qüvvələr sırasında olan münasibət birmənalı deyil. Ancaq bu, ölkəmizin dünya səviyyəsində tanınmasına verilən əsas nailiyyətlərdən biridir. Birincisi, texnoloji baxımdan görürük ki, bu, çox əhəmiyyət kəsb edir. Yeni maşınlar, yeni mühərriklər və sair, bunların hamısını biz istifadə edirik. Sonda onlardan yararlanırıq, dünya birliyinə göstəririk ki, Azərbaycan mürəkkəb infrastruktur baxımından tədbirlərin keçirilməsinə hazırdır. Biz bunlarla öyünürük. Çünki hər bir ölkəyə belə imkan verilmir. Bəli, bunların böyük maliyyə tutumu var. Digər tərəfdən ancaq idman tədbirlərinə xas olan böyük maraq doğuran qığılcımı var. Nəhayət, bizim də bu tədbirlərdə pilotlarımız yetişir. Hələ ki, dünya səviyyəsində məşhur deyillər. Niyə də olmasın? Buna can atmaq lazımdır. Bu məsələlərin hamısının birmənalı şərhi yoxdur. Ancaq əsas məqam ondan ibarətdir ki, bu proseslərdə çalışırıq ki, dünyadan geri qalmayaq. Göstərək ki, bizim də ölkəmizdə inkişaf meyilləri, oturuşmuş tərzdə özünü büruzə verir. Biz həm də dünyaya açığıq.

Düşmənlərimiz bir tərəfdən feyk, mənfur təbliğatını yayırlar. Bildirirlər ki, guya, Azərbaycan çox geridə qalmış ölkədir, demokratiyaya etinasız münasibət var. Bunların hamısını alt-üst etməkdən ötrü adını çəkdiyimiz tədbirlər çox gözəl vasitələrdir. Bu tədbirlərin həm də inkişafımıza gətirə biləcək töhfələri var" -deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
sia.az

2Mənbələr