AZ

Hürriyyət aşiqi mücahidin həmişəyaşar irsi - Abid Tahirli yazır

Abid TAHİRLİ


(Əvvəli ötən sayımızda)

 

M.B.Məhəmmədzadənin yaradıcılığında Azərbaycan mühacirəti problemi ilə bağlı elmi, publisistik yazılar bir çox cəhətdən dəyərlidir. O, ilk dəfə Azərbaycan mühacirətinin yaranması, təşkilatlanması, inkişaf mərhələləri, missiyası, fəaliyyətinin başlıca istiqamətləri, liderləri, mətbu orqanları, sovet mühacirləri ilə münasibətləri və sair haqqında məsələləri elmi əsaslarla işləyib. Mirzə Balanın "Seçilmiş əsərləri"ndəki "Rəsulzadə Məhəmməd Əmin bəy 70 yaşında", "Rəsulzadə Məhəmməd Əmin", "Əli Usta və şeirləri", "Azərbaycan mühacirləri", "Yenə mühacirlərimizə dair", "Azərbaycan mühacirlik mətbuatının otuz illiyi", "Batı Avropadakı əsir və mühacir türk kütlələri" adlı məqalələri müəllifin problemə dərindən bələd olduğunu, onu məsuliyyətlə işlədiyini deməyə əsas verir.

M.B.Məhəmmədzadənin digər yazıları kimi, "Azərbaycan mühacirləri" adlı məqaləsi də günümüzlə səsləşir. Müəllif məqalənin əvvəlində Hüseyn Cavidin Birinci Dünya müharibəsi zamanı rus-erməni qətliamından xilas olmaq üçün Azərbaycana pənah gətirmiş "Anadolu fəlakətzədələri üçün" yazdığı və "Qardaş köməyi" məcmuəsində dərc etdirdiyi "Hərb və fəlakət" adlı şeirindən bir parçanı verir. M.B.Məhəmmədzadə "müharibənin gedişində ermənilərin Qars, Ərzurum, Trabzon, Hınıs, Muş, Diyadın, Bəyazid və sair yerlərdə ətrafı qana və atəşə verdiyini, törətdikləri təxribatlarla rus əsgərlərinin də  qətliama istirak etdirdiklərini" qeyd edir və yazırdı: "Hər yeri qaçqın bürümüsdü. Azərbaycan türklüyü, basda Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi olmaq üzrə, bütün Rusiya əsarətindəki türklərin müavinətlərilə Şərqi Anadoluya yardım qafilələri göndəriyordu. Fəlakətzadələrə pa-ra, əlbisə, un təvzi olunur, sihhi yardım göstəriliyor, Bakı, Gəncə və digər şəhərlərdə qaçqınlar yurdu, yetimlər yurdu təsis olunmaqda idi". Məqalə müəllifi Azərbaycan mühərrirlərinin, yazıçılarının "fəlakət münasibətilə türk milli hissinin tüğyanını göstərən məqalə, şeir və hekayələr" yazdığnı vurğulayır, yazır: "O cümlədən, şimdi Şimalın buzlu cəhənnəmində, Solovki deyilən bolşevik mənfasında bulunan Əli Yusif bəyin "Qonaqlar" (müsafirlər) şeiri şayani-diqqətdir. Ə.Yusif bəyin şeiri qaçqınlara müraciətən şöylə bitir:

 

...Gəl qardaşım, haqqa səna edərək,

Hər nə ki bulursaq, onu bölüşək.

Yarın biz də sizin kimi dərbədər.

Olub yad ellərdən eyləsək güzar,

Şayət, onda bir rəhmi-dil tapılar

Bizi kəndi kölgəsində daldalar...

 

Əvət, zaman oldu ki, Əli Yusif bəyin "ehtimalı" həqiqət oldu. Biz də "yad ellərdən güzar eyləmək" məcburiyyətində qaldıq. Vətənimizin üzərinə çökən qızıl kabus xanimanları xarab etdi, yanar ocaqları söndürdü..."



Mirzə Bala publisistikasının güc, qüdrət mənbəyi həyatdadır, həqiqətdədir, hadisələri, onları doğuran səbəbləri dərindən bilməkdədir, düzgün, ədalətli, məntiqli nəticələr çıxarmaqdadır, oxucunun düşüncəsinə, qəlbinə nüfuz, təsir etməkdədir, onu həyəcanlandırmağı, düşündürməyi, səfərbər etməyi, mücadiləyə hazırlamağı bacarmaqdadır. Anadolu qaçqınlarının düçar olduqları faciəni xatırlatmaqla işğala məruz qalan, istiqlalı əlindən alınan, doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalan mühacirlərin acı, oxşar həyatını təsvir edən müəllif bununla da kifayətlənmir. O, daxildə bir sinif kimi imhasına qərar verilən bu xalqın övladlarının xaricdə də hər cür himayədən məhrum olduğunu, Cəmiyyəti Əqvamın (Millətlər Cəmiyyəti - hazırkı Birləşmiş Millətlər Təşkilatının təməli sayıla biləcək bir qurum. Birinci Dünya müharibəsindən sonra - 1920-ci ildə İsveçrədə təsis olunub - T.A.) isə azərbaycanlı mühacirlərə qarşı ikili siyasət yeritdiyini, yarıtmaz, çirkin və qərəzli fəaliyyət göstərdiyini, öz prinsiplərinə zidd hərəkət etdiklərini qəzəblə bəyan edir, "minlərlə mühacir qafiləsinə malik olan əsir türklərin müqəddəratına laqeyd qalmasını doğru və normal" saymırdı: "Cəmiyyəti-Əqvamın beynəlmiləl qaçqınlar şöbəsi belə, bu fəlakətə göz yummaqda, erməniləri bu şərtə tabe tutmadığı halda, bizlərə "rus mühaciri" ünvanını almaq şərti ilə yardım edə biləcəyini imha edən cavablar verməkdədir. Cəmiyyəti-Əqvam yalnız rus mühacirlərinə yardım edir və müstəsna olaraq erməniləri himayə edir". Son 30 ildə ölkəmizdə və ətrafındakı hadisələri, BMT, ATƏT kimi beynəlxalq qurumların fəaliyyətini izlədikcə istər-istəməz bu qənaətə gəlirsən: Heç nə dəyişməyib.

M.B.Məhəmmədzadənin "Yenə mühacirlərimizə dair" yazısı da mövzunun aktuallığı, problemin kəskinliyi ilə diqqəti çəkir. Sovet rejimindən xilas olmaq üçün İrana sığınan "ətimizdən, qanımızdan və canımızdan olan qardalarımızın" - "Vətəndən cüda düşən... hürriyyət, insaniyyət və istiqlal yolunun haqq və həqiqət aşiqlərinin", əsir türklərin müqəddəratına laqeyd münasibəti doğru və normal hesab etmir. Müəllifin fikrincə, "məqsəd himayəsiz və kimsəsiz insan qafilələrini süründürmək və məhv olmağa məruz qoymaqdır". Yazıda diqqəti çəkən, düşündürən, narahat edənbir məqam da var. M.B.Məhəmmədzadə İranda ikən avropalı qonağın da iştirak etdiyi məclisdə "bir fars münəvvərilə münaqişə etdiyini" xatırlayaraq yazır: "İranlı münəvvər Azərbaycanın istiqlal dövrünü istehza edir, Azərbaycanın fəlakətini istiqlal fikrinə düşməsində görürdü. Hər fars milliyyətçisi kimi, o da Azərbaycanın istiqlala haqqı olmadığını, Azərbaycanın müstəqil olmayacağını iddia edirdi". Məqalə müəllifi həmsöhbətini fikrindən dəyişməyə çalışsa da, fars şovinisti inadından dönmür. Bu zaman avropalı söhbətə müdaxilə edir: "Gərək Azərbaycanın, gərəksə Gürcüstan və digər millətlərin istiqlallarını mühafizə edəməmələrinin ən böyük səbəblərindən biri qüvvətli, mədəni və uzaqgörən bir dövlətlə həmhüdud bulunamamalarıdır". Mirzə Bala yazır: "Şimdi o sözləri xatırlıyorum. Və anlamaq istiyorum ki, əgər Azərbaycan mühacirləri bir islam İrana deyil, bir xristian Almaniyaya mühacirət etsəydi, heç də Kərbəla əsirləri gibi at önünə qatılıb çöllərə, dağlara, cənubi İranın o hey-van yaşamayan səhralarına sürülməzlərdi. Çünki mədəni məmləkətlərdə milli və dini təəssüblər xaricində, onlar qədər qüvvətli insani və mədəni hisslər də hakimdir". Tarix böyük publisistin nə qədər haqlı olduğunu bu gün də sübut etməkdədir...



M.B.Məhəmmədzadə erməni xəyanəti, vəhşiliyi, cinayətləri mövzusuna müxtəlif səpkili məqalələrində dəfələrlə toxunub. O, "Promete-Boromete", "M.Fətəli Axundov", "Mirzə Ələkbər Sabir", "Molla Nəsrəddin" əlli yıl əvvəl intişar etmişdi", "Cəfər Cabbarlı üçün", "Azəri türk ədəbiyyatının dünəni və bu günü", "Əli Usta və şeirləri" və sair əsərlərində ölkəmizin ərazisində ermənilərin, rus-daşnaq silahlılarının törətdiyi qırğın və qətliamları ifşa edir. Publisistin bəzi məqalələrindən seçdiyimiz sitatlar erməni xislətini, xəbisliyini, vəhşiliyini, eyni zamanda mənfur düşmənlərdən fərqli olaraq xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyini açıq-aydın göstərir: "Leninlə Stalinin məruf "Dekret №13"ünə dayanaraq 1918-də Azərbaycanı xarabazara çevirmək təşəbbüsünə girişən bolşevik-daşnak blokunun ikinci üzvü 1905-də Vorontsov-Daskovların himayəsi altında Azərbaycan türkünü kəsmək surətilə süni bir Ermənistan yaratmaq xülyasına düsmüsdü. Bu qanlı təşəbbüs hər iki millətin zərərinə idi. Sabir bunu təqdir ediyor, seziyor, hər iki millətin haqqını tanıyor, onları müstərək dümən önündə birləşməyə dəvət edirdi" ("Mirzə Ələkbər Sabir"); "Mirzə Cəlil Məhəmməd-quluzadənin Sovet hökuməti tərəfindən mən edilən əsərləri arasında ermənilərlə türkləri bir-ləsməyə dəvət edən "Kamança" pyesi də vardır ki, ciddən bir sənət əsəridir" ("Molla Nəsrəddin" əlli yıl əvvəl intişar etmişdi"); "Abbas Səhhət lisədə türk dili və türk ədəbiyyatı müəllimi idi. Bir kaç gün sonra Şamaxı erməni müsəlləh qüvvətlərinin basqınına uğramış və biz insan selinə qoşularaq Bakıya doğru yol almısdıq... Bir çox əl yazıları Şamaxının erməni-bolşevik çətələri tərəfindən təxrib edildiyi zaman kayb olmuş bu böyük şairin əsərlərindən bə-ziləri istila dövründə nəşr edilmisdir. Fəqət istila hökumətinin "ədəbi mirasda" nələr aradığı məlum olduğu için Abbas Səhhətin bir çox məlum yurdçu şeirləri sansördən keçəməmisdir" ("Abbas Səhhət"); "Şaumyanın erməni qüvvətləri isə Leninin hiyləsinə uyduğu gibi bilaxirə, Ənzəlidə duran ingilis qüvvətləri kumandanlığının əlində dəxi eyni qolaylıqla alət olmaqdan çəkinmədi" ("Cəfər Cabbarlı üçün")."Yeni dastan" şeirində isə Mirzə Bala Rus məmləkətimiz də daxil türk ellərinin işğalında ermənilərin xəyanəti və hiyləsinin də olduğuna işarə vuraraq yazırdı:

 

Olmasaydı arxada hay, Qurulmazdı tuzağımız.

 

İstiqlal mücahidi, böyük publisist M.B.Məhəmmədzadənin həyatı və yaradıcılığı haqqında son 30 ildə çox sayda dəyərli tədqiqatlar aparılıb, müəllifin ayrı-ayrı əsərləri nəşr edilib. Mücahidin vətənində ilk dəfə nəfis tərtibatla buraxılan irihəcmli "Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri" onun bədii, publisist, elmi yaradıcılığının əsas hissəsini əhatə edir və həmin materiallar Mirzə Bala irsi haqqında tam və zəngin təəssürat yaradır. Həmin materiallar M.B.Məhəmmədzadə haqqında daha dərin, daha əhatəli, sanballı tədqiqatların ərsəyə gəlməsi üçün etibarlı zəmin və mənbə olacaq.

28.05.2024






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
525.az

1Mənbələr