AZ

Qurban əti sırf bu insanlar üçün ayrıla bilər – İlahiyyatçıdan AÇIQLAMA

Qurban bayramına bir neçə gün qalıb. Maraqlıdır, bu bayramın xüsusi adət-ənənələri nədir? Bayram münasibətilə müsəlmanlar nə etməli və hansı məqamları nəzərə almalıdır?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Ednews -a özəl açıqlama verib:

channels4_profile.jpg

“İslam dinində hər bir ibadətin, ayinin öz ilahi hikməti ilə yanaşı ictimai tutumu, mahiyyəti, fəlsəfəsi və sosial yönü var. Qurban da Həcc ibadətinin tərkib hissəsidir və əsasən, Həcc ibadətini icra edən müsəlmanlara vacibdir. Ancaq, Həccdə olmayan, öz məskənində, məntəqəsində olan müsəlmanlar üçün də imkan daxilində bu ibadət icra edilməlidir. Qurban sözünün mənası Allaha yaxınlaşmaqdır. İnsan qurban kəsməklə öz malını, varını rəmzi mənada ifadə edir. Digər tərəfdən isə sosial cəhətdən kasıblara, ehtiyacı olanlara yardım etmiş, paylaşmış olur.”

İlahiyyatçı qurban kəsərkən diqqət edilməli məqamları da vurğulayıb:

“Qurban dəvə, inək, camış, keçi və qoyundan olur. Qurban bayramı günü və ondan iki gün sonra qurban kəsmək məqbuldur. Kəsən mütləq müsəlman olmalı və yönü qibləyə, Allahın adını çəkərək və Allah üçün kəsməlidir. Kişi olmasa, qadın da qurban kəsə bilər. İçalatı, baş və ayağı yollara atmaq olmaz. Ya ev heyvanlarına vermək, ya da basdırmaq lazımdır. Qəbir üstündə, pirdə, məzarlıqda, natəmiz yerlərdə, yol üstündə, yol kənarında, azyaşlı uşaqların və heyvanların gözü önündə qurban kəsmək ədəbə uyğun sayılmır. Qurban ətini satmaq olmaz. Bəzən qəssablar qurban əti adı ilə ət satırlar. Bu, qurban sayıla bilməz. Kimin kəsməyə imkanı yoxdursa sadəcə ət alıb istifadə edə bilər. Hər şeyi dəllallığa, alverə, dələduzluğa çevirmək olmaz. Dəvə, camış, inək kimi böyük başlı heyvanları 7 nəfərə qədər şəxs şərikli pul qoyub kəsə, sonra da bölə bilər. Xırda heyvanlar bir yaşını tamamlamalıdır, kor, şikəst, xəstə, qoca heyvandan qurban olmaz. “T.İrfan sonda qeyd edib ki, qurban əti sırf bu insanlar üçün ayrıla bilər: 

“Qurban əti üç hissəyə bölünür: bir hissə özü və ailəsi üçün, ikinci kasıblar və ehtiyacı olanlar üçün, üçüncü isə qonşu və qohumlar üçün ayrıla bilər. Əgər miqdarı azdırsa, yalnız öz ailəsi üçün götürə və ya ehtiyacı olmasa, hamısını paylaya bilər. Bəzi ailələr var ki, bəlkə də ildə bir dəfə ət almağa imkanları olur. Bax belə ailələrə yardım edilməli, qurban payı bölünməlidir. İmkanlı şəxslər daha çox heyvan kəsə və paylaşa bilərlər. Bunun savabı daha çoxdur. 10 min manat verib Həccə gedincə o pula qurbanlıq alıb kasıblara paylasalar Cənnəti satın almış olarlar.” – O deyib

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
ednews.net

1Mənbələr