AZ

Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri artıb

2024-cü ilin I rübü üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. 

Mərkəzi Bankın açıqladığı 2024-cü ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir ki, cari əməliyyatlar balansında 1.7 mlrd.$ həcmində profisit formalaşmış, kapitalın və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 1.6 mlrd.$-lıq kəsir yaranmışdır. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 116 mln.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 88$/barel olmuşdur. 

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)

2024-cü ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 1.7 mlrd.$ və ya ÜDM-in 10.1%-ni təşkil etmişdir (2023-cü ilin I rübü üzrə 3.4 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 28.2% azalaraq 3.6 mlrd.$, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 12.8% artaraq 1.9 mlrd.$ məbləğində olmuşdur.

Xarici ticarət balansı 2024-cü ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 9.7 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 5.0 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.3 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.7 mlrd.$ həcmində profisit yaranmışdır. 2024-cü ilin I rübündə Azərbaycanın dünyanın 153 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.7%-i MDB üzvü olan ölkələrin, 87.3%-i isə digər xarici ölkələrin payına düşür. 

Əmtəə ixracı

 Hesabat dövründə əmtəə ixracı 27.1% azalaraq 6.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft-qaz bazarlarında formalaşan müxtəlif istiqamətli meyllər şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5.5 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (5.5 mlrd.$) 3.8 mlrd.$-ı xam neftin, 1.6 mlrd.$-ı təbii qazın, 107 mln.$-ı isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin I rübü üzrə qeyri-neft-qazixracı 26.2% azalaraq 663.6 mln.$ olmuşdur.

Əmtəə idxalı

2024-cü ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 6.6% azalaraq 3.5 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.5 mlrd.$ olmuş, bunun da 0.5 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.3% artaraq 3.0 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda metalların (31.2%), bitki yağlarının (24.9%), şəkərin (15.6%), kərə yağının (14.8%), minik avtomobillərinin (13.7%), ətir və kosmetik vasitələrinin (11.1%), alkoqollu və alkoqolsuz içkilərinin (9.4%), tərəvəz məhsullarının (2.5%) və tütün məhsullarının (0.5%) idxalı artmışdır. Bu dövrdə, gəmilər, qayıqlar və üzən konstruksiyaların (63.2%), daxiliyanma mühərriklərinin (44.3%), dənli bitkilərin (41.6%), əczaçılıq məhsullarının (36.2%), ağac məmulatlarının (8.7%), mebel məhsullarının (8.3%), daş və şüşə məmulatlarının (8.0%), kağız məmulatlarının (6.3%) və sabun və yuyucu vasitələrinin (4.1%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.4% təşkil edərək 121 mln.$ olmuşdur.

Xidmətlər balansı 

2024-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.8 mlrd.$ təşkil etmişdir. Bunun 2.2 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.6 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 19.6% azalaraq 0.6 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 475.5 mln.$ (6.5% azalma) olmuşdur. Qeyrineft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 57.0% azalaraq 76.6 mln.$ olmuşdur. 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 30.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd.$ olan nəqliyyat xidmətlərinin 62.0%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 718.0 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 439.3 mln.$ təşkil etmişdir. 

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 5.9%, idxalı isə 6.3% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 5.6% artaraq 278.7 mln.$-a yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin I rübündə 264.0 mln.$ olmuşdur.

2024-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 61.7% artaraq 690.9 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (359.1 mln.$) idxalı (331.9 mln.$) üstələməsi nəticəsində 27.2 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 31.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 39.2% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 331.9 mln.$ olmuşdur. Bunun 77.6%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). 

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 56.8% azalaraq 5.0 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 3.8% azalaraq 325.9 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı 

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 906.5 mln.$ kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 340.1 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 40.7% azalaraq 566.4 mln.$ təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.7 mlrd.$ olmuşdur. Bunun 66.8%-i 1.1 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (837.3 mln.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 786.1 mln.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (146.6 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (89.4 mln.$) və digər ödənişlər (53.3mln.$) təşkil etmişdir.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 492.3 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 335.6 mln.$, ödənişlər isə 156.7 mln.$ təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.0%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.3%-ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 34.8% azalaraq 294.4 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.7% azalaraq 131.5 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 162.9 mln.$ (48.9% azalma) müsbət saldo yaranmışdır.

KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI 

2024-cü ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 463.9 mln.$ azalmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (-11.9 mln.$), portfel investisiyaları (4.4 mln.$) və digər investisiyalar (-456.4 mln.$) hesabına formalaşmışdır. 

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 058.4 mln.$ azalmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-358.6 mln.$), neft bonusu (456.4 mln.$), portfel investisiyaları (-898.8 mln.$) və digər investisiyalar (-1 257.4 mln.$) hesabına formalaşmışdır.

Birbaşa investisiyalar Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 11.9 mln.$, xalis maliyyə öhdəlikləri isə 358.6 mln.$ azalmışdır. 

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 mlrd.$, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 330.5 mln.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 346.7 mln.$ mənfi saldo yaranmışdır. 

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87.6% təşkil etmişdir. 2024-cü ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-357.1 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 322.0 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (1679.1 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186.5 mln. $ olmuşdur.

Portfel investisiyaları Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 4.4 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 898.8 mln.$ azalmışdır. 

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət sektorunun (10.7 mln.$), kapitalda iştiraka təminat verən qiymətli kağızların (32.9 mln.$) və bankların (7.6 mln.$) hesabına artmış, digər sektorların (46.8 mln.$) hesabına isə azalmışdır. Öhdəliklər əsasən dövlət sektorunun (902.8 mln.$) hesabına azalmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.4 mln.$), bank (0.4 mln.$) və digər (3.2 mln.$) sektorların hesabına isə artmışdır.

Neft bonusu 

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2024-cü ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.

Digər investisiyalar 

Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 456.4 mln.$, xalis maliyyə öhdəlikləri isə 1.3 mlrd.$ azalmışdır. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 34.6 mln.$, xalis maliyyə öhdəlikləri isə 260.2 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun (3.7 mln.$) və müəssisələrin kreditləri (6.8 mln.$) hesabına artmış, neft-qaz sektorunun kreditləri (158 mln.$), dövlət kreditləri (53.2 mln.$) və dövlət zəmanətli kreditlər (59.5 mln.$) hesabına isə azalmışdır. Ticarət kreditləri üzrə xalis maliyyə aktivləri 417.1 mln.$, xalis maliyyə öhdəlikləri isə 797.2 mln.$ azalmışdır (öhdəliklərin azalması əsasən öncəki dövrlərdə idxal edilmiş mal və xidmətlərin müqabilində cari ildə həyata keçirilmiş ödənişlər ilə əlaqədar olmuşdur). Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 4.7 mln.$, xalis maliyyə öhdəlikləri isə 200.0 mln.$ azalmışdır.

EHTİYAT AKTİVLƏRİ 

2024-cü ilin I rübü ərzində tədiyə balansının ehtiyat aktivləri 116.0 mln.$3 artmışdır. 

 XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 18.6 mln.$ həcmində olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
marja.az

1Mənbələr