AZ

3 milyonluq Bakıya 10 min taksi:Məhəllə sürücülərinin yolu açıldı

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı açıqlanıb.

Belə ki, indiyədək 4000-dən çox sürücü icazə alıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.  Təlim keçən sürücülərin sayı isə 21 000-i ötüb.  31 may tarixində taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 050 olub. Yəni 12 gün ərzində taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı cəmi 1000 nəfər artıb. Ehtimallara görə, qarşıda olan 18 gündə, yəni taksi fəaliyyəti ilə bağlı qərarın qüvvəyə minəcəyi 1 iyul tarixinə qədər bu say maksimum 10 000-ə qədər arta bilər. 

Əvvəllər isə Bakı şəhərində 60 minə yaxın taksi fəaliyyət göstərib. Beləliklə, növbəti aydan taksilərin sayı 5-6 dəfə azalacaq. İstirahət fəsli olduğunu, tələbələrin çoxunun rayonlarına getdiyini nəzərə alsaq, insan sayı əvvəlki ayla müqayisədə azdır, bir az da olsa, seyrəklikdir. Sentyabrda isə vəziyyətin xaotikləşəcəyi düşünülür. 

Nəzərə alaq ki, qeyri-rəsmi rəqəmlərə görə, Bakıda 3 milyon əhali yaşayır. 10 min taksinin isə 3 milyonluq əhaliyə çatmayacağı bildirilir. Öz növbəsində, bu amil də qiymətlərə təsir edəcək. Əvvəl 3-4 manata gedilən məsafənin qiyməti yeni tənzimləmələrdən sonra 2 dəfə artacaq. Onu da xatırladaq ki, iyulun 1-dən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, istehsal tarixindən 15 il keçən avtomobillərlə taksi xidməti göstərmək mümkün olmayacaq. 

İqtisadçı ekspert Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu tənzimləmə siyasəti nəticəsində 2 önəmli məsələ ortalığa çıxıb:

"Taksi fəaliyyətinin belə sərt qaydalarla tənzimlənməsinə dəfələrlə qarşı çıxmışıq. 

Ümumiyyətlə, hökumətin əlaqədar qurumları taksi səhmi müəyyənləşdirilərkən nəyəsə əsaslanmalı, araşdırılma aparılmalı, elmi nəzəriyyələr irəli sürülməlidir. Amma biz bunu görmədik. Əlaqədar qurumun əməkdaşlarından biri açıqlama verdi ki, Bakıda 60 mindən çox taksi var, bu çoxdur, 20-25 min bəs edər. Nəyə əsasən bunu dedi, hansı hesablamalar aparılmışdı - bununla bağlı açıqlamalar verilmədi. Belə sərt tənzimləmə siyasəti nəticəsində 2 önəmli məsələ ortalığa çıxıb. Artıq taksi qiyməti bahalaşıb, keyfiyyət aşağı düşüb - insanlar taksi sifariş verəndə əvvəl 2-3 dəqiqəyə gəlirdisə, indi 15-20 dəqiqə, yarım saat gözləməli olurlar". 

Onun sözlərinə görə, bu amil Türkiyədə olduğu kimi, Azərbaycanda da "korsan taksiçilik" yaradacaq:

"Bu qədər sərt tənzimləmə mexanizmi meydana gələcəksə, qeyri-leqal taksi xidməti peyda olacaq. Artıq məhəllə taksiləri var. İnsanlar mesajlaşma proqramları üzərindən tanıdıqları insanların taksi xidmətindən istifadə edəcək. Onların maşınlarının üzərində də taksi xidmətini göstərən işarə olmayacaq. Hər maşını saxlayıb onları araşdırmayacaqlar. Bu nöqteyi-nəzərdən çox yanlış və sərt tənzimləmə mexanizmləri düşünüldü. Bu da Azərbaycanda taksi ilə bağlı problemlərin azalmasındansa, artmasına səbəb olur". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
cebheinfo.az

2Mənbələr