AZ

Deputat: "Qohum evliliklərinin qarşısını inzibati qaydada alsaq, mənfi məqamlar ortaya çıxacaq"

“Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əmi, dayı, xala uşaqlarının nikahının qadağa olunması cəmiyyət arasında müzakirə olunur. Bunu birbaşa adət-ənənəyə bağlayanlar da var, başqa formada yanaşanlar da. Birinci növbədə qohum evliliklərinə qadağa qoymaqdansa, müəyyən qədər məhdudiyyətlər tətbiq edilsə, daha yaxşı olar. Təbii ki, qohumların hər birini evlənməzdən əvvəl tibbi müayinədən keçirmək şərtdir. İkinci dərəcəli qohumlar da var. Qadağa qoymaqla insanların əlinə müəyyən dərəcədə fürsət düşəcək. Kənd yerlərində uzaq qohumlar arasında da evlilik olur. Eyni kənddə qohumlar yaşayırlarsa, onlar evlənmə təşəbbüsündə olsalar, biz də bunun qarşısını alsaq, daha mənfi məqamlar ortaya çıxacaq. Bu, daha böyük ziyan verə bilər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 

 

Deputat bildirib ki, Azərbaycanın öz adət-ənənələri var və bunu qorumaq lazımdır: “Dini tərəfdən yanaşsaq, İslam dinində kimlərin bir-biri ilə evlənə biləcəyi barədə qeyd olunub. Qohumların evlənməsinə qadağanı inzibati qaydada yox, geniş şəkildə təbliğat və maariflənmə aparmaqla həyata keçirmək olar. Təkrar edirəm, evlənmək istəyən qohumların hər birinin tibbi müayinədən keçirilməsi mütləqdir. Təbliğat elə aparılmalıdır ki, bu, insanlara ziyan verməsin. İnzibati qaydada qarşısı alınsa, düşünürəm, daha böyük ziyan verə bilər. 10-15 ildən sonra təsirini görə bilərik. Məsələn, dayınəvəsi, bibinəvəsi, kiminsə nəvəsinin nəvəsi də qohum adlanır. Elə bölgələrimiz var ki, kirvəni qohum bilirlər, halbuki kirvənin heç bir qanuni qohumluğu yoxdur. Ailə üzvləri bir-birilərinin evinə gedib-gəlirlər. Sabah hamısı məhkəmə qarşısında qalanda görün necə səhnə alınacaq. Sizcə, bizim cəmiyyətə bu necə təsir edəcək?” 

 

Aytəkin Qardaşova 

Tarix: 12 İyun 2024, 12:34   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
pravda.az

3Mənbələr