AZ

İcra başçısı BDU-nun Qazax filialında yaz semestrinin imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb

İyun ayının 3-dən Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Filialda imtahanlar 16 ixtisas üzrə iki növbədə keçirilir. Yaz imtahan sessiyasında 1355 (əyani 1174, qiyabi 181) tələbə iştirak edir. Sessiya ərzində əyani təhsil üzrə tələbələr 61 qrupda 352, qiyabi təhsil üzrə 16 qrupda 76, ümumilikdə isə 428 imtahan verəcəkdir. Gün ərzində imtahanlarda orta hesabla 400-450 nəfər tələbə iştirak edir. Filialda eyni zamanda, 8 ixtisas üzrə 20 nəfər magistrant da imtahan verir. Sessiya ərzində magistrantlar 47 imtahan verəcəkdir. Sessiya iyul ayının 5-dək davam edəcəkdir.Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin mütəmadi olaraq filialın professor-müəllim heyəti və tələbələri ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin bariz nümunəsidir. Rayon rəhbərinin filialda təhsil alan tələbələrin imtahan sessiyaları zamanı onlarla görüşməsi, imtahanların gedişatı ilə maraqlanması da artıq bir ənənə halını alıb.İyunun 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, bu dəfə də Bakı Dövlət Universitetinin Qazax filialında olub, imtahanlarda iştirak edən tələbələrlə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb.Filialın direktoru, dosent Arif Rüstəmov iyunun 11-də keçirilən imtahan barədə ətraflı məlumat verib. 1-ci növbədə bakalavriat səviyyəsi üzrə keçiriləcək 16 imtahanda 261 nəfər tələbənin, magistr səviyyəsi üzrə keçiriləcək 8 imtahanda 20 nəfər tələbənin iştirak edəcəyini bildirib. 2-ci növbədə bakalavriat səviyyəsi üzrə keçiriləcək 13 imtahanda isə 276 nəfər tələbənin iştirak edəcəyini qeyd edib. Filial direktoru vurğulayıb ki, BDU-nun Qazax filialında həmişə olduğu kimi, yaz imtahan sessiyası da şəffaf və obyektiv keçir. Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur. İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası formalaşdırılıb. Eyni zamanda, filialda “Qaynar xətt” də fəaliyyət göstərir. Filial direktoru imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları cavablandırdığını, tələbə valideynlərinin imtahanların gedişatını müşahidə etmək üçün bütün imkanların yaradıldığını söyləyib.İcra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb, onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Filialın fəaliyyətindən söz açan rayon rəhbəri bugünkü imtahanların şəffaf şəkildə keçirildiyini bildirib. Rayon rəhbəri imtahanların şərtləri, tələbələri maraqlandıran sualları və onlara yaradılan şəraiti elə tələbələrin öz dillərindən eşidib.Bugünkü imtahanlarda iştirak edən tələbələr söylədikləri fikirlərlə, verdikləri dolğun və əhatəli cavablarla filialda imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsini bir daha sübut ediblər. Tələbələr imtahanları rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax filialında gördüklərini bildiriblər. Buna görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər. Bu gün onlarla olan səmimi görüşə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb.Filialın direktoru Arif Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü növbəti səfərinə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
mediaxeberleri.az

1Mənbələr