AZ

ABŞ və Ermənistan strateji dialoqu və yaxınlaşması Cənubi Qafqaza sülh və barışıq gətirə bilərmi? - TƏHLİL

Dünən ABŞ və Ermənistan arasında baş tutan strateji dialoqdan sonra tərəflərin birgə bəyanatı aydın şəkildə göstərir ki, rəsmi Vaşinqton Ermənistanı Rusiyanın təsirindən tamamilə çıxarmaq üçün zəruri olan bütün detalları müzakirə edib. Hətta perspektivdə “ikitərəfli dialoq statusunu Strateji Tərəfdaşlıq Komissiyasına yüksəltməyi” qərara alıblar. Ermənistanın indiki xarici siyasət kursunu müsbət qiymətləndirən ABŞ dövlət katibinin köməkçisi O'Brayen Ermənistanın Avro-Atlantik strukturlarla və Qərblə daha sıx əməkdaşlıq etmək istəyini yüksək qiymətləndirib. 
 
Birgə bəyanatda Ermənistan-Azərbaycan münasibətlərinə toxunulmasa da, diqqət çəkən məqamlardan biri də Birləşmiş Ştatların 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistanın suverenliyi, müstəqilliyi, demokratiyası və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləməsi oldu. Bu mövqeyi, iki ölkə arasında hazırda gedən delimitasiya və demarkasiya məsələlərinin sonadək Alma-Ata bəyannaməsi əsasında  aparılacağına dolayısı ilə bir işarə kimi də dəyərləndirmək olar. Bir sıra həyati vacib sahələrdə Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmaq məqsədilə  nümayəndə heyətləri 5 aprel 2024-cü il tarixində Brüsseldə yüksək səviyyəli Ermənistan-Avropa İttifaqı-ABŞ birgə görüşü zamanı aparılan mühüm müzakirələri nəzərə alaraq daha sıx əməkdaşlıq vasitəsilə iqtisadi və enerji davamlılığının təşviqinə yönəlmiş birgə səyləri müzakirə ediblər. 44 günlük müharibədən sonra Ermənistan Rusiyadan incikliyi yalnız ritorikada deyil, əməldə də özünü göstərib və tərəflər 2020-ci ildən bəri Ermənistan və ABŞ arasında ticarət dövriyyəsinin artıq 4 dəfə artdığını qeyd edərək, əlaqələri maksimum dərəcədə genişləndirməyə davam edəcəklərinə dair öhdələr götürdüklərini vurğulayıblar. Enerji təminatının Ermənistanın yaralı yeri olduğu məlumdur və görünür elə bu səbəbdən Atom elektrik stansiyasını nüvə enerjisi ilə təmin etməyi də ABŞ üzərinə götürüb.
 
Qeyd etdiyimiz kimi, tərəflər digər vacib sahələr üzrə də, hətta ədliyyə və digər hüquq- mühaifizə orqanlarında islahatlar aparılması sahəsində mövcud əməkdaşlığı nəzərdən keçiriblər.
 
Bu strateji dialoq Rusiya üçün kifayət dərəcədə ciddi bir mesajdır. İndiyədək Paşinyanın  daha çox sözdə “qərbyönümlü siyasət”kursunun əməldə strateji xarakter almağa başladığı və konkret hədəfləri göstərməklə Ermənistanın siyasi, iqtisadi, hərbi cəhətdən ABŞ-nin, Avropa İttifaqının nəzarətinə, təsirinə keçəcəyi bir növ elan olundu. Praktik şəkildə bu planlar reallaşa bilərmi və Rusiyanın bu strateji dialoqa reaksiyası olacaqmı?
 
Ukraynada işğalçı müharibə Rusiya üçün bundan sonra daha ağır itkilərlə müşahidə olunacaq və yalnız bu cəbhədə deyil, bütövlükdə postsovet məkanında, daha çox isə Cənubi Qafqazda özünü göstərəcək. ABŞ Ukrayna fürsətini səbrlə, addım-addım dəyərləndirərək Rusiyanı daha da zəiflətmək siyasi xəttini davam etdirir. 
 
Nikol Paşinyan bir neçə ay bundan əvvəl Ermənistanın forpost statusndan qurtulmağını ölkəsinin təhlükəsizliyinin təminatı olduğunu açıq şəkildə ictimaiyyətə çatdırmışdı. Ermənistan bu prosesi təkbaşına deyil, güclü bir tərəfdaşla həyata keçirə bilər və o da ABŞ-dir. Dünənki strateji dialoqun müzakirə hədəfi Rusiya idi və Kremlin buna mane olma vasitələri olsa da, reallaşdırması üçün  Ermənistan daxilində də, kənardan da təzyiq və təsir imkanları son iki ildə xeyli zəifləyib. 
 
 ABŞ və Ermənistan strateji dialoqu və yaxınlaşması Cənubi Qafqaza sülh və barışıq gətirə bilərmi? Rusiyanın imperiya ambisiyaları və Ermənistanın Moskvadan iqtisadi asılılığı ilk mərhələdə ciddi fəsadlar verə bilər, amma bu prosesin paralel olaraq Ermənistan cəmiyyətində onsuz da yüksək olan anti Rusiya əhvalının daha da güclənməsinə səbəb olacağı da şübhə yaratmır . Kreml təzyiq imkanlarının əks reaksiya yaradacağını keşiş Baqratın uğursuz aksiyasından bilir. Belə davam edərsə Kreml Cənubi Qafqazda əsas dayaq nöqtəsi olan Ermənistanın tədricən ondan uzaqlaşdığına seyrçi qalacaqmı və bu proses Cənubi Qafqazın digər iki respublikasına necə təsir edəcək? Sualların cavabı Ukrayna cəbhəsində baş verənlərlə sıx bağlıdır. 
 
Moderator.az-ın analitik qrupu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
moderator.az

1Mənbələr