AZ

Deputatlar "veteran pulu"ndan danışdılar: "Oktyabrdan artırılsa..."

Müharibə veteranlarına verilən müavinətlərin artırılması bir neçə dəfə qaldırılıb. Bildirim ki, təqaüdünü 80 manatdan 160 manata çatdırmaq üçün o qədər də böyük məbləğ lazım deyil.


Modern.az xəbər verir ki, bunu deputat Əli Məslimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

 

“Hesablamalara görə, ayda 14,4 milyon manat əlavə vəsait tələb olunur ki, bu da bizim büdcə üçün böyük məbləğ deyil. Elə məsələlər var ki, vaxtında həll edilmədikdə bumeranq effekti yaradır. 80 manatlıq müavinətin artırıması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır. Onların təqaüdləri oktyabrdan artırılsa, 45 milyon manat vəsait tələb olunacaq ki, bu da böyük rəqəm deyil”, - deyə o bildirib.

 

Deputat Vahid Əhmədov da müharibə veteranlarının müavinətindən danışıb.

 

“Əgər deputatın qaldırdığı məsələ həllini tapmırsa, niyə biz məsələləri qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manat müavinətlə bağlı dəfələrlə məsələ qaldırmışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatların qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədir? Biz demirik ki, həmin müavinəti 300-345 manat edin. Heç olmasa 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiz ki, yox, bu həll olunmur. Vəsaiti tapmaq mümkün deyil? Ona görə də məsələlərə toxunmuruq ki, öz həllini tapmır. Məsələ həll olunsa, o barədə danışarıq. Ən çox şikayət etdiyim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Vətəndaşlardan da bu nazirlikdən çoxlu şikayət gəlir. Ayda 30-a yaxın məktub göndərirəm. Bu gün də birini verdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi yalnız pensiyaçıları sayını azaltmaq deyil. İlbəil sosial pensiya alanların sayı azalmaya gedir. Biz bu məsələni qaldırırıqsa, bunlara münasibət bildirilməli və öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar”,- deyə Vahid Əhmədov vurğulayıb.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 179 840 nəfər müharibə veteranı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
modern.az

1Mənbələr