AZ

"Azərbaycanda kontrafakt məhsullarla bağlı cərimələr 5 il təxirə salınmalıdır" - İqtisadçı etiraz etdi

Bir müddət öncə Azərbaycana xaricdən, xüsusən də Çindən idxal edilən, alıcılara \"brend\" adla təqdim olunan kontrafakt malların gətirilməsi qadağan edilmişdi.

Hələ ötən ilin sentyabr ayında Dövlət Gömrük Komitəsi (DGK) bu barədə ictimaiyyətə geniş məlumat yaymış, karqo şirkətləri isə müştərilərinə bu haqda məlumatlar göndərmişdi. 

Həmin göstərişdən aylar keçməsinə baxmayaraq hələ də ölkəmizdə \"saxta brend\" məhsullarının alışı və satışı müşahidə olunur.
 
Xüsusən də \"İnstagram” və \"Tik-tok” sosial şəbəkələrində \"Armani”, \"Gucci”, \"Lacoste”, \"The North Face” kimi bir çox məşhur brendlərin məhsullarının satıcılar tərəfindən minimum 10 manatdan satışa çıxarıldığını görmək mümkündür. 

Bəs, \"brend\" adı altında satılan \"poddelka\" malların ölkəmizə gətirilməsinin qarşısı alınması istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə əlaqədar AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli tətbiq olunan bu qərarın dəyişdirilməli olduğunu deyib:

\"Zənnimcə, Çindən idxal edilən kontrafakt məhsulların Azərbaycana gətirilməsinin qadağan olunması çox mənasız qərardır. Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Misal üçün, İtaliyada, İspaniyada, dünyanın ən irəli gedən ölkələrində və s.  Bu ölkələrdəki brendlərin saxta mallarını Çində istehsal edib satırlar. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ki? İçində eyni adlı məhsul və ya ona oxşar məhsul gətirib ölkədə satanları hansı daxili problem gözləyir? Bu, sadəcə kiçik və orta sahibkarlara əlavə yükdür. Həmin şəxslərə problem yaranır, cərimələnirlər. Bunun heç bir mənası və iqtisadiyyata təsiri belə yoxdur. Öna görə də düşünürəm ki, bu məsələdə daha yumşaq davranmaq lazımdır. Mən dünyanın 50-dən çox ölkəsində olmuşam. Dünyada elə ölkə yoxdur ki, küçədə saxta mal satılan yer olmasın və ya belə adam görməyim. Bizim və ümumilikdə azərbaycanlıların ən çox getdiyi ölkə məhz Türkiyədir. Bu ölkənin yeraltı keçidlərindən tutmuş, küçələrində satılan saxta məhsullara qədər hər yerdə bu cür mallar satılır. Türkiyə ilə əlaqəli insanlar bunu görmürlərmi? Görürlər. Az qazananlar üçün, kiçik və orta sahibkarlar üçün şərait yaradırlar. Ümumən, bu məsələyə bizim ölkədə bu qədər ciddi yanaşılmasını anlaya bilmirəm\".

Ekspert əlavə edib ki, qərar verilməsinə baxmayaraq yumşaq siyasət yeridilməsinin iki səbəbi ola bilər:

\"Ya korrupsiya var, ya da bir az yumşaq siyasət yürüdülür. Çünki minlərlə insan bu sahədən dolanır. Onların da çörəyinə bais olmaq olmaz. Orijinal mal \"poddelka\" adlandırdığımız maldan 10-15 dəfə bahadır. Əlbəttə ki, insanlar daha ucuz mala yönəlirlər. Bu təkcə bizim ölkədəki problem deyil, qlobaldır\".

N.Cəfərli hesab edir ki, ölkədə yerli istehsala fikir verilməlidir:

\"Bu məsələlərə dair qanunvericilikdə olan dəyişikliklər ertələnməlidir. Mən demirəm ki, ölkədə kontrafakt məhsullarla bağlı mübarizə aparılmasın. Əsasən, yerli istehsala fikir verilməlidir. Yerli istehsalın saxtasının qarşısı alınmalıdır. Amma digər məsələlərlə bağlı cərimələr və sərt tənzimləmələr ən azı 5 il təxirə salınmalıdır. Tutaq ki, Azərbaycanda \"Channel\" markasının saxta çantası satılır. Bunu bizim dövlət orqanları aşkarlayır və insanları cərimələyir. Bunun \"Channel\"ə heç bir aidiyyatı yoxdur. Bu marka bizdən nəsə tələb edir? Bir sözlə, insanlara işləmək üçün şərait yaradılmalıdır. Əgər bu qanunu hərfi mənada tətbiq etsələr, Sədərək, Binə və böyük ticarət mərkəzlərinin hamısı bağlanmalıdır\".
 
Mikayıl Mirzəzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
azxeber.com

1Mənbələr