AZ

“Sertifikatlaşdırmanın adı var, özü yoxdur” – Millət vəkili od püskürdü

“Sertifikatlaşdırma imtahanı müəllimlərə əlavə iztirab yaşatmaq üçün nəzərdə tutulur”.

Bu barədə Millət vəkili Fazil Mustafa TodayPress-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sertifikatlaşdırma imtahanını keçirənlərin özləri, o imtahandan çıxa biləcək qabiliyyətə sahib deyillər:

“Bu gün Elm və Təhsil Nazirliyində işləyən adamların böyük əksəriyyəti peşəkar təhsillə məşğul olan insanlar deyil. Amma özləri müəllimləri imtahan edirlər. Təbii ki, müəllimlərin içində də universitet təhsilinin verdiyi natamamlığa görə xeyli problemlər yaşayan insanlar var. Amma bunu bütün müəllimlərə şamil etmək doğru deyil. Müəllimlərin də içində kifayət qədər həyat təcrübəsi olan və bu dərs metodikasını doğru mənimsəyən insanlar var. Lakin onlar o qədər yüklənmiş vəziyyətdədirlər ki, hansısa bir sertifikatlaşdırma üçün nəzərdə tutulan prosedurları keçməkdə çətinlik çəkirlər”.

Fazil Mustafa müəllimlərin bilik səviyyəsinin sertifikatlaşdırma imtahanları ilə yoxlanmasının əleyhinə olduğunu qeyd edib:

“Təbii ki, müəllim öz üzərində çalışmalıdır. Amma biz daha çox məktəblərdə təhsili sadə formada gerçəkləşdirən, uşaqlara yüklənmiş yox, aydın şəkildə bilik aşılayan, dünya görüşü formalaşdıran müəllim obrazına qayıtmalıyıq.

Bizdə onsuz da təhsil müəssisələri bilik yeri deyil, sosial müəssisələrdir. Daha çox tədqiqat yeri yox, iş yeridir. İnsanlar da bir çox hallarda dolanışığı olmadığı üçün “ən azı orta maaş alım” prinsipi ilə məktəblərə üz tutur və özlərinə repetitor olmaq imkanları yaradırlar. Biz ona görə uşaqların məktəbdə bilik alması prinsipini həyata keçirmək əvəzinə müəllimi sıxışdırmaq metoduna üz tuturuq. Bu da yanlış bir istiqamətdir”.

Millət vəkilinin fikrincə, sertifikatlaşdırma bir çox məktəblərdə yer boşaltmaq üçün düşünülmüş variantdır. “Bu bizdə Baloniya sistemi kimi bir şeydir. Adı var, özü yoxdur” deyən Fazil Mustafa sertifikatlaşdırmanın ancaq müəyyən bir gənc nəsil müəllim kateqoriyasına şamil olunmasının tərafdarı olduğunu əlavə etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
musavat.com

4Mənbələr