AZ

Pakistan–Çin tərəfdaşlığı Hindistanı niyə narahat edir?

Bu günlərdə Pakistanın baş naziri Şahbaz Şərif Çinə səfər edib. Pekində bir sıra mühüm görüşlər keçirən pakistanlı nazir ölkəsinə razı qayıdıb. Çin strateji müttəfiqi adlandırdığı Pakistana bundan sonra sərmayə yatıracağını bildirib. Ancaq iki ölkənin əlaqələrini daha da gücləndirməsi Hindistanda narahatlıqla qarşılanıb, çünki Yeni Delhinin Çin və Pakistan ilə ərazi mübahisələri var və hər belə yaxınlaşma induslarda qıcıq yaradır.

Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Pekin çoxtərəfli mexanizmlər çərçivəsində İslamabad ilə koordinasiyanı gücləndirməyə və əməkdaşlığı möhkəmləndirməyə, dünyanın bərabərhüquqlu və nizamlı çoxqütblülüyünü və ictimai və inklüziv iqtisadi qloballaşmanı birgə təşviq etməyə, inkişaf gündəminə diqqət yetirməyə, təhlükəsizlik problemlərini dəf etməyə, qlobal idarəetməni təkmilləşdirməyə, inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını və beynəlxalq ədaləti müdafiə etməyə hazırdır. Eyni zamanda, Çin lideri görüşdə vurğulayıb ki, Pekin Pakistanın milli suverenliyini və ərazi bütövlüyünü qorumaqda, onun milli şəraitinə uyğun inkişaf yolu tutmaqda və terrorizmlə mübarizədə qətiyyətlə dəstəkləməyə davam edəcək.

Baş nazir Şahbaz Şərif isə görüşdə bir daha bildirib ki, heç bir qüvvə Çinin inkişafını və böyüməsini dayandıra, Pakistan və Çin arasındakı möhkəm dostluğu sarsıda bilməz. Onun sözlərinə görə, Pakistan həmişə Çinin ən etibarlı dostu və tərəfdaşı olaraq qalacaq. “Vahid Çin” prinsipi Pakistan hökumətinin sarsılmaz öhdəliyidir və Tayvan Çinin ayrılmaz hissəsidir. Bundan başqa, cənab Şərif diqqətə çatdırıb ki, Pakistan Tayvan, ­Sitsyan, Sincan və Cənubi Çin dənizi kimi məsələlərdə Çinin mövqeyini qətiyyətlə dəstəkləməyə davam edəcək.

Bundan başqa, Pekin qonşu ölkəyə sərmayə qoymağa davam edəcəyinə də söz verib. Eyni zamanda, Pakistan Kəşmirdəki vəziyyətlə bağlı Çin tərəfini də məlumatlandırıb. Ancaq bu müzakirə Hindistanda birmənalı qarşılanmayıb. Hindistan hökuməti ilə əlaqəli olan “Hindustan Times” qəzeti yazıb ki, bu mesaj xüsusilə ciddi narazılıq doğurub. Çünki pakistanlıların Çində Kəşmir barədə danışmaları xəbəri Narendra Modinin baş nazir kimi and içdiyi vaxtda verilib. Bu xəbər Hindistan sosial mediasında da qəzəb dalğasına səbəb olub. İnduslar Pakistan Baş nazirinin Çində Kəşmir barədə danışmasını Modinin hakimiyyətə qayıtmasına mane olmaq cəhdi kimi qiymətləndiriblər.

Əslində, Çin prezidenti Si Cinpin və Pakistanın baş naziri Şahbaz Şərifin birgə bəyanatında birbaşa Kəşmirdən bəhs edilmir. Pekin həmişə bu cür sənədlərdəki ifadələri diqqətlə yoxlayır. Yalnız qısaca qeyd edilən BMT Təhlükəsizlik Şurasının 1948-ci il qətnaməsidir ki, bu qətnamə həm Hindistanı, həm də Pakistanı öz ­qüvvələrini Kəşmirdən çıxarmağa çağırır. Bununla belə, sənədin özü Pakistan-Çin münasibətlərinin hazırkı durumuna, eləcə də onların perspektivlərinə işıq salır. “Reuters” agentliyinin məlumatına görə, Çin hasilat sənayesinə, xüsusən də dənizin dibindəki neft, qaz ehtiyatlarına, quruda isə dəmir filizlərinin hasilatı və Pakistan müəssisələrində onların emalına investisiya qoymağa davam edəcək. Buradan aydın olur ki, Pakistana 65 milyard dollara yaxın sərmayə yatıran Çin bununla kifayətlənmək fikrində deyil.

Pekin və İslamabad, həmçinin Çin-Pakistan İqtisadi Dəhlizini “Bir kəmər, bir yol” təşəbbüsü əsasında əməkdaşlıq modelinə çevirməyi vəd ediblər. Bu baxımdan Çinin dənizə çıxışı olmayan şimal-qərb bölgəsindən Hind okeanına gedən marşrutun son nöqtəsi kimi Qvadar limanının əhəmiyyəti vurğulanıb. Düzdür, bəyanatdan belə nəticəyə gəlmək olar ki, gələcəkdə Pekinin yardımı bazar prinsiplərinə əsaslanacaq. Siyasətə gəlincə, tərəflər strateji tərəfdaşlıq və sarsılmaz dostluq münasibətlərini bundan sonra da inkişaf etdirəcəklərini açıqlayıblar. Pakistan vahid Çin, yəni Tayvanın Çin Xalq Respublikasına mənsub olması prinsipinə sadiqliyini bir daha təsdiqləyib.

Bəs nə üçün Pakistan və Çin liderləri arasında aparılan danışıqlar və sonrakı bəyanatlar Hindistanda belə emosional reaksiya doğurub? Məsələ ondadır ki, Cammu və Kəşmir ərazilərində müqəddəs yeri ziyarət etmək istəyən hindu zəvvarlarını daşıyan avtobusa atəş açılıb. Nəticədə 10 nəfərin öldüyü bildirilir. Hindistanlı analitiklər hesab edirlər ki, bu hadisə Kəşmirin Hindistan-Pakistan münasibətlərində qaynar nöqtə olaraq qaldığını təsdiqləyir. Çin isə geosiyasi səbəblərdən öz tərəfdaşını dəstəkləməyə davam edir. 

S.ELAY 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
xalqqazeti.az

10Mənbələr