AZ

Milli Məclisin Sədri Sahibə Qafarova Belarusda

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Belarus Respublikasında səfərdədir. Bu ölkənin Prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin Sədrini qəbul edib. 

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan strateji münasibətlər uğurlu inkişaf yolu keçib. Aleksandr Lukaşenko Azərbaycana ötən ay baş tutmuş səfərini böyük məmnuniyyətlə xatırlayaraq, Prezident İlham Əliyevlə görüşləri və dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib. 

Prezident Aleksandr Lukaşenko onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Sahibə Qafarova göstərilən yüksək qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə, Belarus Prezidentinə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin salamlarını Belarus Prezidentinə çatdırıb. Spiker  xalqlarımızı ənənəvi dostluq əlaqələri, ümumi dəyərlər birləşdirdiyini və ölkələrimiz arasında münasibətlərin dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. 

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu sahədə mövcud olan potensial barədə fikirlər ifadə olunub. 

***

Milli Məclis Sədrinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Dövlət Universitetində mərasim təşkil olunub. Belarus Dövlət Universitetinin Fəxri professoru diplomu və mantiyası Sahibə xanıma təqdim olunub.

Milli Məclisin Sədri Fəxri professor adına layiq görüldüyünə görə dərin minnətdarlığını bildirib. Sahibə Qafarova Belarus Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında məruzə ilə çıxış edib. 

Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək ölkələrimiz və xalqlarımız arasında münasibətlərə dair fikirlərini səsləndirib.

Milli Məclisin Sədri Sahibə Qafarova Belarus Dövlət Universitetinin xatirə kitabını imzalayıb.

Əliqismət BƏDƏLOV
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
xalqqazeti.az

1Mənbələr