AZ

Belə çıxır ki, qardaş bacı ilə evlənə bilər – Əkrəm Həsənovdan yeni qadağaya sərt reaksiya

Yaxın qohumların ailə qurmasını mən də bəyənmirəm. Amma bu, hər kəsin öz işidir. Ailə hüququ milli mentalitetin əleyhinə getməməlidir. Heç bir sivil ölkədə belə qadağa yoxdur!

TEMPİNFO-nun xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.

“Deputatlarımız onun dərdini çəksinlər ki, selektiv abort nəticəsində doğulan oğlanların sayı qızlardan xeyli çoxdur, rəsmi nikahların sayı azalır, boşanmalar isə artır. Ailə institutu dağılır, bunlar isə ailə qurmağa məhdudiyyətlər qoymaq istəyirlər. İş yox, güc yox…” – o qeyd edib.

Hüquqşünas sual edib ki, donor vasitəsilə süni mayalanma yolu ilə uşaqların doğulduğu ölkədə deputatlar əmi, dayı, bibi və xala uşaqlarının evlənməsinə qadağa qoymaq istəyirlər: “Belə çıxır ki, qardaş bacı ilə evlənə bilər (donordan doğulan nə bilsin ki, qardaş və bacısı kimdir?), amma əmioğlu əmiqızı ilə evlənə bilməz, elə?”

Xatırladaq ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
tempinfo.az

1Mənbələr