AZ

Sertifikasiyadan kəsilmiş müəllimlər barədə yeni müzakirə başlayıb…

Image

Məlum olduğu kimi, ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. 

Sertifikasiyadan kəsilən müəllimlərin işlə təmini ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyətinə dair məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq: “Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər pedaqoji vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq”.

Maraqlıdır, təkrar sertifikasiyadan kəsilən müəllimlərin taleyi necə olacaq? 

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi humanizm nümayiş etdirərək sertifikatlaşdırma imtahanında keçid balını toplamayanların alternativ iş yeri ilə təmin olunmaları barədə ciddi işlərə başlayıb” 

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün ölkəmizin 4430 orta məktəbində 140 minə yaxın müəllim 1.6 milyon şagirdin bilik əldə etməsinə, şəxsiyyət kimi formalaşmsına xidmət edir: “2009-cu ildən etibarən orta ümumtəhsil məktəblərinə işə qəbul MİQ vasitəsi ilə həyata keçirilsə də, bu proses vasitəsi ilə işə qəbul olunanlar ümumi təhsil verənlərin çox az faizini təşkil edirdi. Orta məktəblərdə MİQ-dən əvvəl müxtəlif təhsil sənədləri ilə, fərqli yollarla işə qəbul olanların əksəriyyəti tədrisin keyfiyyətinə təsir göstərirdi. 2022-ci ildən təhsil sistemi üçün çox mühüm proses, sertifikatlaşdırma başlandı. 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak etmişdir. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur. Lakin bu il ölkə üzrə 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamamışdır. Müsabiqə nəticəsində keçid balını toplamayan müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək və onların yerinə MİQ-dən yüksək bal toplayan işsiz gənc müəllimlər gələcəkdir. Etiraf edim ki, MİQ-in sualları və müsabiqə şəraiti sertifikasiyadan dəfələrlə çətindir. Düzdür, Elm və Təhsil Nazirliyi humanizm nümayiş etdirərək sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmaları barədə ciddi işlərə başlayıb”.

Ekspert xüsusi olaraq vurğuladı ki,  sertifikasiya ölkə təhsilinin inkişafına ciddi şəkildə müsbət təsir edir. 

Elçin Süleymanov: “Sertifikasiya təhsildə keyfiyyətin artmasına müsbət təsir edən faktorlardan biridir” 

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, sertifikasiya təhsildə keyfiyyətin artmasına müsbət təsir edən faktorlardan biridir: "Çünki burada həm müəllimlərin bilik və bavarıqları yoxlanılır, həm də bu prosesdə müəlllimlərin əməkhaqqı artır. Sertifikasiyadan keçən müəllimlərin əməkhaqqı ortalama 1300 manatdan çoxdur. Dolayısıyla bu, keyfiyyət və rəqabətə xidmət edir. Ona görə də mən sertifikasiyanı müsbət qiymətləndirirəm. Eyni zamanda, bildiyimiz kimi, müəyyən qədər saxta diplomu olan müəllimlər də var idi. Onların diplomunun saxta olması ortaya çıxdı. Bununla yanaşı müəllimlər arasında fənnini zəif tədris edən müəllmlər də sertifikasiyadan sonra artıq öz üzərində işləməyə başladı. Sertifikasiya imtahanından yüksək nəticə əldə edən insanlar mediada işıqlandırıldı, cəmiyyətə tanıdıldı. Düzdür, bütün müəllimlərin sertifikasiyadan keçməsi uzun vaxt və resurs tələb edir. Amma xidmət təqdim edilərkən onun keyfiyyətinə də əmin olunmalıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu addımı mütərəqqi addımdır. Eyni zamanda paralel olaraq diektorların seçiminin imtahanla olması, “Məktəblinin dostu” layihəsinin icrasını nəzərə aldıqda bunlar təhsilin keyfiyyətini artırır. Bu, göstəricilərdə də özünü göstərir".

Elçin Əfəndi: “Sertifikasiyadan kəsilən şəxsləri ən azından texniki istiqamətdə müəyyən işlərə cəlb etmək mümkündür, onların bilik və bacarıqlarından istifadə etmək olar” 

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzi şəxslər müəyyən dərs saatlarının müqabilində təhsil müəssisələrində çalışırlar, çünki ailədə işləyən yeganə şəxs onlardır, ailənin başqa gəlir mənbəyi yoxdur: “Bu amilləri nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən humanist qərarlar qəbul olunur. Belə şəxsləri ən azından texniki istiqamətdə müəyyən işlərə cəlb etmək mümkündür, onların bilik və bacarıqlarından istifadə etmək olar. Ona görə də bu cür güzəştlərin edilməsi düzgün hesab oluna bilər. Ancaq sertifikasiyadan kəsilən şəxsləri təkrar təhsilə qaytarmaq yolverilməzdir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
baki-xeber.com

1Mənbələr