AZ

Çoxşaxəli, səmərəli, təhlükəsiz...

Altı il öncə istifadəyə verilən TANAP Yaxın Şərq və Avropanın ən uzun və ən böyük diametrə malik boru kəməri olaraq tarixə düşüb

Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın maliyyə vəsaiti və ölkəmizə investisiya qoyuluşu yox dərəcəsində idi.  Bu gün isə ölkəmiz dünyanın ən nəhəng neft-qaz layihələrində iştirak edir. Daha doğrusu, dünya neft siyasətində mühüm bir oyunçuya çevrilib. Bu uğurlarda Cənub Qaz Dəhlizinin əsas komponentləri olan “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin edən Trans-Adriatik Boru Kəməri (TAP) layihələri mühüm rol oynayır.

Enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Azərbaycan bütün əsas transmilli enerji layihələrini uğurla həyata keçirib. Artıq Azərbaycanın təbii qazı Avropa İttifaqı (Aİ) ölkələrinə nəql edilir. Bu, Azərbaycanla bir sıra ölkələr, həmçinin Aİ arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş böyük nailiyyətdir.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində təntənəli açılış mərasimi keçirilən TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini təmin edir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək, Yunanıstan sərhədinə qədər uzanır. TANAP layihəsi təbii qazın “Şahdəniz-2”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. 1850 kilometr uzunluğunda olan TANAP Türkiyədə 20 şəhərdən və 67 qəsəbədən keçərək ölkənin Şərqi ilə Qərbini bir-birinə bağlayır. İki çıxış nöqtəsi olan boru kəmərinin ilk çıxışı Əskişəhərdə, ikinci çıxışı isə Ədirnədədir. TANAP layihəsi və bütövlükdə enerji əməkdaşlığı, ikitərəfli uğurlu münasibətlər həm region ölkələri, həm də enerji sərvətlərinə malik bütün ölkələr üçün nümunədir. TANAP həm Türkiyə, həm də Avropanın enerji şəbəkəsinə qoşulmaqla regionun enerji tarazlığına mühüm töhfə verir. Türkiyənin coğrafi mövqeyini nəzərə alan Azərbaycan bu ölkə ərazisindən öz enerji sərvətlərini nəql etməklə, eyni zamanda, özünün enerji təhlükəsizliyini də təmin edib. Beləliklə, bu layihə sayəsində Azərbaycan region ölkələri ilə rəqabət aparmaq imkanına malik olub.

Belə ki, TANAP kəmərinin Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən böyük diametrə malik boru kəməri olaraq tarixə düşməsi də böyük əhəmiyyət daşıyır. Çoxşaxəli və səmərəli layihə olan TANAP Türkiyə və Avropa ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır. Enerji sahəsində birgə layihələr bütövlükdə region üçün də faydalıdır. Bu boru kəməri Xəzər hövzəsində zəngin enerji sərvətlərinə malik başqa ölkələr üçün də Avropaya pəncərə rolunu oynayır.

Ümumilikdə, TANAP-ın əsas üstünlüyü ondan ibarətdir ki, Xəzər dənizindən hasil olunan qaz birbaşa olaraq Aİ-nin sərhədlərinə çatdırılır. Bu isə Azərbaycan qazının Avropa istehlakçılarına birbaşa tədarükü ilə bağlı uzun illərdir davam edən iqtisadi və siyasi səylərin artıq reallaşmasıdır. TANAP layihəsinin həyata keçirilməsi birbaşa Prezident İlham Əliyevin siyasi nüfuzu, dövlətimizin iqtisadi dəstəyi və Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

SOCAR-ın məlumatına görə, 2024-cü il mayın 1-dək TANAP vasitəsilə 62 milyard kubmetr nəql edilib. TANAP kəmərinin ötürmə qabiliyyəti ildə 16,2 milyard kubmetr qaz təşkil edir ki, bunun 5,7 milyard kubmetri Türkiyəyə, qalan həcmi isə Avropaya tədarük edilir. Daha sonra isə 31 milyard kubmetr qazın ixracı nəzərdə tutulur ki, bunun da bir hissəsi Türkiyəyə, digər hissəsi isə Aİ ölkələrinə veriləcək. Bu, dünyada ən böyük layihədir. TANAP-ın həcminin artırılması həm Türkiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək. Hazırda bununla bağlı fəaliyyətlər davam edir. Qarşıdakı dövrdə Azərbaycan öz ərazisindəki, xüsusilə də Xəzər sahilindəki külək enerjisi potensialını dəyərləndirmək istiqamətində ciddi investisiyalar planlaşdırıb. Burada istehsal ediləcək bərpa olunan enerjinin Türkiyə üzərindən Avropaya tranziti də müzakirə etdiyimiz mövzular sırasındadır.

Bütövlükdə Cənub Qaz Dəhlizinin layihəsinin ümumi dəyəri 38 milyard ABŞ dolları təşkil edir. Bu layihənin reallaşması üçün Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. “Şahdəniz-2”nin təsdiq olunmuş qaz ehtiyatları 1,4 trilyon kubmetr, Azərbaycanın isə təsdiq olunmuş qaz ehtiyatları  təxminən 2,5 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları 4,5 trilyon kubmetrdir. Bu da uzun müddət, yəni ən azı 100 il müddətində Azərbaycan qazının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə  Avropa bazarlarına ixrac olunmasına əsas yaradır. Təxmini hesablamalara görə, ölkəmizin əldə edəcəyi gəlirin 100 milyard dollardan çox olacağı gözlənilir. Ancaq bununla yanaşı, tranzit ölkələrin də əldə edəcəyi kifayət qədər gəlir var. Məsələn, hesablamalara görə, Yunanıstanın növbəti 50 il ərzində Azərbaycan qazının tranzitindən əldə edəcəyi gəlir 35 milyard avro həcmində olacaq.

Göründüyü kimi, TANAP Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin edə biləcək və artıq reallaşan yeganə layihədir. Bu layihə regionda təhlükəsizliyin qarantı, zəmanəti və bölgəyə yeni investisiyaların gəlməsi üçün əməkdaşlıq formatıdır.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
ikisahil.az

1Mənbələr