AZ

Qardaş dövlətlərimizin diplomatiya tarixinin uğur səhifəsi

Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» tezisini əks etdirən «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması ilə iki qardaş ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı

2021-ci ilin iyun ayının 15-də, Milli Qurtuluş Günündə Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə müstəqillik salnaməmizə ələamətdar hadisə kimi yazıldı. Tarixi Qars müqaviləsindən 100 il sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Hər iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrini əhatə edən Bəyannaməni əməkdaşlığın yol xəritəsi adlandaranların sözlərində həqiqət var. İqtisadi inkişafın, siyasi birliyin, milli təhlükəsizliyin təminatı kimi mühüm məsələləri əks etdirən sənəd hər iki qardaş ölkəyə qarşı xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd edildiyi kimi, qarşılıqlı olaraq bir dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü üçün yaranan təhlükə digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyi yaradır. Başqa sözlə deyilsə, hər iki qardaş ölkə beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini oxşar, bəzi məqamlarda eyniləşən birgə maraqları baxımından təkmilləşdirəcək. Şuşa Bəyannaməsindəki «Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər» sözlərdə iki ölkənin əməkdaşlıq proseslərinin sərhədləri, istiqamətləri açıqlanır. «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, eyni dinə mənsubluluq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi nümunəsidir. Yəni, tərəflərin öz milli maraq və mənafelərini müdafiə etməklə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan münasibətlərdə birgə fəaliyyətləri nəzərdə tutulur. Sənəddə, həmçinin deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin, güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu müddəa həm Ermənistanda mövcud olan revanşist qüvvələrə, həm də qonşu dövlətlərə yönələn bir mesajdır. Türkiyə bununla açıq şəkildə bəyan edir ki, Azərbaycanın yanındadır və bu müttəfiqlik yalnız iqtisadi-siyasi amillərlə deyil, həm də hərbi amillə təsdiqlənir. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində mənəvi-siyasi dəstəyini ilk gündən göstərən Türkiyə hər zaman xalqımızla bir olduğunu 44 gün davam edən İkinci Qarabağ müharibəsində qardaş köməyi ilə təsdiqlədi. «İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı» söyləyən Prezident İlham Əliyevin qardaş ölkənin televiziya kanallarına müsahibələrinin geniş miqyasda yayımlanması, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mənəvi dəstək idi. Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradını hər iki qardaş ölkə başçısının birgə izləmələri işğalçı Ermənistana və onun havadarlarına gözdağı oldu.

15 iyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi naminə irəli sürülən təşəbbüslərin qardaşlığın gücü ilə tənzimlənməsi kimi öhdəliyi əks etdirən Bəyannamə bütün sahələr üzrə inteqrasiyanı sürətləndirdi. Qeyd olunduğu kimi, siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyəti ilə seçilən, daha etibarlı işbirliyinin ifadəsi olan, rəmzi məna daşıyan Bəyannamə regionda yeni geosiyasi konfiqurasiya yaratmaqla regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib. Sənəddə türk birliyini daha da möhkəmləndirəcək, Azərbaycanın tarixi ərazisi olan Naxçıvan Muxtar Respublikasını digər regionlarla, xüsusilə Türkiyə ilə əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizinin bərpası zəruriliyini xüsusilə qeyd olunması Bəyannamənin əhəmiyyətini daha da artırır. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarının açılış, Zəngəzur dəhlizinin bərpasını gerçəkləşdirəcək Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimlərində iştirakı Türkiyə-Azərbaycan əməkdaşlığının sarsılmazlıq ifadəsi idi.

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq beynəlxalq arenada böyük gücə çevrilən, dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, müdafiə qüdrəti ilə ön sıralarda dayanan, demokratik inkişaf yolu ilə addımlayaraq siyasi, iqtisadi qüdrəti ilə də böyük nüfuz qazanan Türkiyənin güclənməsi bütünlükdə türk dünyasının birlik və həmrəyliyinə önəmli töhfələr verir. Qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında aparıcı rol oynayan Avropa təsisatlarında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirə olunan mühüm, aktual məsələlərin həllində hər iki ölkənin eyni mövqedən çıxış etməsi Türkiyə-Azərbaycan dostluğunun bariz nümunəsi olmaqla, bu həmrəyliyə ədalətsiz yanaşmalara qarşı mübarizədə də sipər kimi bədniyyətlərin qarşısını alır. Hazırda qloballaşan dünya düzənini sahmana salacaq siyasətin kimlər tərəfindən idarə ediləcəyi iddiasında olanların sırasında eyniləşən, bəzən ziddiyyət təşkil edən ehtimallar «bolluğu» sülhə təhdiddir. Bu «bolluqda» özünü təsdiqləyən Türkiyə ilə Azərbaycanın qətiyyətli addımlarına qısqanan qüvvələr belə bu gücün qarşısında dayanmaqda çətinlik çəkirlər.

Getdikcə daha da möhkəmlənən bu dostluğun sarsılmazlığını göstərən amillər, tarixi məqamlar artdıqca inamlı addımlara ehtiyac hiss olunur. Xüsusilə hərbi sahədə əməkdaşlığın getdikcə güclənməsi, keçirilən birgə təlimlər, Bakıda, İzmirdə, İstanbulda təşkil edilin «TEKNOFEST» festivallarındakı nailiyyətlər möhtəşəmliyi ilə hər kəsi heyran edir. Türkiyənin hərbi qüdrətini «Kızılelma” havada», «Altay»” və «Togg” quruda», «Anadolu dənizdə» kəlamları ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini « Atam demişkən, «Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!» qətiyyəti ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri qardaş ölkənin qüdrətinin alqışlanması Azərbaycanla Türkiyənin həmrəylik nümunəsi idi. Türkiyənin Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində yüksək sürətli dəmir yollarının ardıcıl is­tifadəyə verilməsi, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması, ən iri hava limanlarının, səhiyyə müəssisələrinin istifadəyə verilməsi qardaş ölkənin xarici düşmənləri kimi, daxili xəyanətkarlarını da məyus edir. Onlar Türkiyəyə dəmir iradəli liderin yox, hər cür güzəştə açıq olan zəif birisinin başçılıq etməsini istəyərdilər. Dünyada taxıl qıtlığının yarandığı məqamlarda ədalətli davranışı ilə maraqları birləşdirən, Rusiya–Ukrayna danışıqlarında vasitəçi olan, hər iki ölkə ilə dialoq aparan Türkiyə Prezidentinin beynəlxalq səviyyədə artan nüfuzu bölgədə qarşılıqlı anlaşma prinsipinə sadiqliyin yeganə yol olduğunu göstərdi.

Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə, daha güclü həmrəyliyə ehtiyac duyulduğu dünyamızda iki qardaş xalqın sarsılmazlığının ifadəsi olan bu səmimiyyətə şahidlik edən qonaqlar, dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri həqiqi səmimiyyətin nəyə qadir olduğunu hiss etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə «Türkiyə yüzilliyi»”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”» sözləri başda Azərbaycan olmaqla türk dünyasını birlik və həmrəyliyə çağırış idi. Bu güvənin ən bariz ifadəsi Prezident Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı: «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq» minnətdarlıq sözləri artıq reallıqdır.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Bayrağını yandıran erməni fitnəkarlarına «Aldığım medalı azər­baycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızda­yıq!» sözləri ilə türkün yenilməzliyini bildirən qızıl medal sahibi Cansu Bek­taş bu hərəkəti ilə də türkün ədalətini dünyaya bəyan etdi. Bu sözlər 2023-cü il noyabrın 10-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin «Gənclər Paytaxtı- 2024»” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilən ölkəmizin gənclərinə, Gansunun həmyaşıdlarına həmrəylik nümunəsi oldu.

Ötən ilin 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin «İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru»” mövzusuna həsr edilmiş 12-ci Konfransında 2024-cü ildə abidələr məkanı Şuşa şəhərinin «İslam mədəniyyətinin paytaxtı» elan olunması Şərq aləminin, müsəlman dövlətlərinin ölkəmizə marağını daha da artırır, Şuşa Bəyannaməsinin tarixi məqamlarını xatırladır. Onu da qeyd edək ki, 4-5 oktyabr 2023-cü il tarixlərində İran İslam Respublikasının Ərdəbil şəhərində Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında isə Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2026-cı il üçün turizm paytaxtı adına layiq görülməsi də Müttəfiqlik Bəyannaməsində yer alan öhdəliklərin reallaşmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə mötəbər beynəlxalq tədbirlərin Şuşada keçirilməsi bu şəhərin mənəvi dəyərini daha da artırır. «Xarıbülbül» musiqi festivallarının, Vaqif Poeziya Günlərinin, Dünya Azərbaycanlılarının Zəfər Qurultayının və digər mühüm beynəlxalq tədbirlərin keçirildiyi bu məkan bütün Şərq dünyasının incisi adlandırılır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il isə Azərbaycanda «Şuşa İli”» elan olundu. Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsinin bu qədim diyarda imzalanması ilə Şuşa, Cıdır düzü həm də qardaşlıq məkanına, siyasət arenasına da çevrildi. Dünyanın müxtəlif güşələrindən gələn qonaqları gözəl təbiəti, möhtəşəş görünüşü ilə heyran edən bu qədim diyar mədəniyyət ocağı kimi tanınsa da hazırda, eyni zamanda, qəhrəmanlıq, Zəfər, sülh rəmzidir”. Prezident İlham Əliyevin iyunun 10-da həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri, hər iki dövlət başçısı arasındakı təkbətək görüş qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafının təsdiqi idi. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı. Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələn ay Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha vurğulandı. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Deyilənlər Prezident İlham Əliyevin aforizmə çevrilən «Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır» sözlərinin təkrarolunmaz reallığıdır.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
ikisahil.az

1Mənbələr