AZ

Vaşinqtonda “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi” mövzusunda tədbir keçirilib

Vaşinqtonda yerləşən Beynəlxalq Tələbə Evində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin iştirakı ilə “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 Sədrliyi” mövzusunda hibrid formatda tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbir amerikalı tələbənin pianoda Azərbaycan Dövlət Himnini ifası ilə başlayıb.

Tədbirə ev sahibliyi edən Beynəlxalq Tələbə Evinin baş icraçı direktoru Daniyel Bremer, idarə heyətinin sədri, sabiq səfir Mişel Bond və ABŞ-də təhsil alan azərbaycanlı tələbə Cavid Rəhimli Azərbaycan səfirini və tədbirdə iştirak edən xarici qonaqları salamlayıb.

X.İbrahim iqlim dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi haqqında iştirakçıları ətraflı məlumatlandırıb. Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə COP29 sədrliyindən çox əvvəl başladığını vurğulayaraq, ölkəmizin külək və günəş enerjisi kimi bərpaolunan enerji mənbələri üçün böyük potensiala malik olduğunu qeyd edib. Xarici investisiyaların ölkəmizin bir sıra bölgələrində günəş enerjisinə marağı olduğunu qeyd edən diplomat özəl sektorun bu sahədə rolundan və bu xüsusda əməkdaşlığın davam etidirilməsinin vacibliyindən bəhs edib. Səfir həmçinin, Azərbaycanın COP29 Sədrliyi zamanı əsas prioritetlərdən birinin iqlim maliyyəsi olduğunu qeyd edib. Diplomat COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi ərazinin illər əvvəlki və hazırki vəziyyətindən, eləcə də bundan əvvəl Bakı şəhərində “Qara şəhər” adı ilə tanınan ərazidən və “Ağ şəhər” konsepsiyasından bəhs edərək, bu dəyişiklik və nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi planının nəticəsi olduğunu vurğulayıb.

Daha sonra səfir iqlim fəaliyyətində gənclərin rolundan söz açaraq, onların iqlim proseslərində iştirakının əhəmiyyətini xüsusi qeyd edib. Çıxışının sonunda diplomat qeyd edib ki, bundan əvvəl 28 COP tədbiri keçirilib və bir sıra hədəflər irəli sürülüb, lakin Azərbaycanın COP 29 sədrliyinin məqsədi yeni hədəflər irəli sürməkdən daha çox keçmişdə qarşıya qoyulan məqsədlərin icrasını təmin edilməsidir.

Tədbir zamanı qonaqlara Azərbaycan və ölkəmizin COP29 sədrliyinə dair videoçarxlar təqdim olunub, daha sonra sual-cavab sessiyası baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
ikisahil.az

4Mənbələr