AZ

Hər bir Zirvə görüşü...

Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi bu gün Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etməsinin ən bariz göstəricisidir. Məqsədlərə çatmaq yolunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bir aydan sonra Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mühüm rol oynayacaq. Bununla bağlı dövlətimizin başçısı vurğulayıb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.

Sammitin Şuşada keçirilməsi də burada aparılan nəhəng quruculuq və bərpa işləri baxımından diqqətəlayiqdir. Bu gün işğaldan azad edilmiş torpaqlarda sürətlə həyata keçirilən irimiqyaslı layihələr sırasında geniş yol-nəqliyyat infrastrukturunun yaradılması diqqəti daha çox cəlb edir. Qardaş türk ölkələri də bu prosesdə yaxından iştirak edirlər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkələrin verdiyi töhfələr açıq şəkildə səmimi dostluğun təzahürləridir. Belə ki, görülən işlərin fonunda dostluq və qardaşlıq jesti olaraq Füzuli şəhərində Özbəkistan dövlətinin inşa etdirdiyi orta məktəb və Qazaxıstanın hədiyyəsi olan yaradıcılıq mərkəzi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimiyyətindən xəbər verir.

Beynəlxalq əlaqələrdə də türkdilli ölkələrin sıx inteqrasiyası diqqəti cəlb edir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.

Eyni milli kökləri bölüşən türkdilli ölkələrin bir təşkilat daxilində fəaliyyəti həm də iqtisadi baxımdan əhəmiyyət kəsb edir. Azərbaycanın son illər türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanmışdır. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. Hazırda Avropada və bütün dünyada TDT-də birləşən ölkələrə böyük maraq var. Bu da ilk növbədə türkdilli ölkələrin malik olduqları zəngin iqtisadi potensialla bağlıdır. 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edən geniş Türk coğrafiyasında  təxminən 155 milyon əhali yaşayır. Qeyd edək ki, bu coğrafiyada tarixən əhali artımının dinamikası yüksək olub. Azərbaycan və digər türkdilli ölkələr öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər.

Statistikalara görə, Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. TDT-da cəmləşən ölkələr ümumilikdə 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahibdirlər. Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır.

Bu gün əminliklə deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi məhz türkdilli ölkələrin iştirakı ilə formalaşır. Təkcə ötən il isə TDT üzrə müxtəlif istiqamətləri əhatə edən 110-dan çox tədbir baş tutub. Bu tədbirlərdə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı aktual müzakirələr aparılıb, potensial imkanlara diqqət çəkilib.

Türkdilli ölkələrin Avropa üçün önəmini artıran digər mühüm bir amil isə əlverişli coğrafiya və kommunikasiyalarla bağlıdır. Yaranan geosiyasi reallıqlar fonunda nəqliyyat bağlantıları və digər kommunikasiyaların önəmi heç vaxt olmadığı qədər artıb. Avropa ilə Asiya arasında ən qısa və rahat bağlantı isə məhz türk coğrafiyasından keçir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn müasir nəql marşrutları Avropa üçün şaxələndirilmiş təchizat marşrutlarıdır. Türkdilli ölkələrin digər tərəfdaşlarla qarşılıqlı fəaliyyətləri sayəsində hazırda mühüm nəqliyyat bağlantısı – Beynəlxalq Trans-Xəzər Marşrutu inkişaf etdirlir. Orta Dəhliz kimi tanınan bu marşrut üzrə türkdilli ölkələrdə, o cümlədən də Azərbaycanda müasir infrastruktur qurulub. Bu marşrut ölkəmizin ərazisində Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə optimal şəkildə inteqrasiya edilib. Beləliklə, biz türk coğrafiyasında həm nəql, həm də nəqliyyat xətlərinin şaxələndirildiyinin şahidi oluruq. Bu şaxalənməyə Zəngəzur dəhlizinin  də əlavəolunması arzuolunandır. Hazırda Azərbaycan bütün Türk dünyasını birləşdirəcək və beləliklə də, tarixi ədalətsizliyə birdəfəlik son qoyacaq Zəngəzur dəhlizinin açıması məqsədilə israrlı fəaliyyətlər həyata keçirir. Zəngəzur dəhlizinin açılması bütün türk dünyasının inkişafı və inteqrasiyasında mühüm amilə çevriləcək. Eyni zamanda, türkdilli dövlətlərin əməkdaşlığına yeni təkan verəcək, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət təsir göstərəcək.

Göründüyü kimi, türk dövlətləri arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir. Beləliklə, türk birliyi dünya miqyasında əsaslı faktora çevrilir. Bu prosesdə Azərbaycan amili isə həm iqtisadi, həm də siyasi baxımından aparıcı rola malikdir.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
ikisahil.az

1Mənbələr