AZ

Avropa Parlamenti “sağlaşdı”- müsəlmanları nə gözləyir...

Image

Seyid Camal Əzimbəyli: “Çox günan ki, qoca qitədə islamofoboya meylləri daha da güclənəcək”

Xəbər verildiyi kimi, Avropa Parlamentində bazar günü keçirilən seçkilərdə ifrat sağ partiyalar əhəmiyyətli nəticə əldə edib. Bu da Aİ-nin gələcək siyasi istiqamətinə qeyri-müəyyənlik əlavə edir. 

Çünki Avropa seçkilərində millətçilərin nəticələri Avropa İttifaqının daxili və xariçi siyasətindəki uğursuzluqlar sayəsində davam edən dərin böhranın bariz göstəricisidir. Bu, artıq özünü iqtisadiyyatda və maliyyə sferasında göstərir. Analitiklər Avropadakı millətçi partiyaların üstünlük qazanmasını artan qiymətlərdən narazılıq, miqrasiya ilə bağlı narahatlıqlar və yaşıl keçidin yaratdığı xərclər, eləcə də Ukraynadakı müharibə ilə əlaqələndirirlər. Mühafizəkarlar indi öz qələbələri ilə Aİ siyasətinə təsir etməyə çalışacaqlar.

Bütün bu deyilənlərin fonunda, seçkilərin nəticələri Avropada olan müsəlmanlar üçün nə kimi təhlükələr yaradır? İslamafoboya meylləri daha da artacaqmı? 

“Ehtimal var ki, miqrantlarla bağlı qanunlar daha da sərtləşdirilsin” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, ifrat sağçıların üstünlük qazanması müsəlmanlar üçün yaxşı bir şey vəd etmir: “Çox güman ki, qoca qitədə islamofoboya meylləri daha da güclənəcək. Çünki onsuz da bu yöndə müəyyən çağırışlar var idi. Avropanın ifrat sağ və sağ millətçi partiyaları müsəlmanların nüfuzunun artmasına qarşı idilər. Onlar narahatdılar ki, getdikcə müsəlmanların sayı artır və bunu Avropa üçün təhlükə hesab edirlər. Hətta Avropa ölkələrinin bir sıra tanınmış simaları miqrantlara qarşı çıxışlar edirlər və bunu gizlətmirlər. O baxımdan ehtimal var ki, miqrantlarla bağlı qanunlar daha da sərtləşdirilsin. Xüsusən də müsəlman miqrantlarla bağlı. Çünki Suriyada və bəzi müsəlman ölkələrində baş verən vətəndaş müharibəsi nəticəsində xeyli sayda insan yerindən-yurdundan olub. Böyük qaçqın orduları yaranıb ki, onların bir qismi Avropaya pənah aparıb. Ona görə də Avropada ifrat sağçı dairələr hər vasitə ilə müsəlman miqrantlara qarşı çıxır, islamofobiya meyillərini hər vəchlə alovlandırmağa cəhd göstərirlər. O baxımdan müsəlman miqrantlarla bağlı müəyyən narahatlıqlar var. Onu da nəzərə almaq lazımdır ki, insan hüquqlarının qorunmasından danışan Avropa dövlətləri mövzu müsəlman miqrantlar olanda çox şeyə göz yumur. Bu səbəbdən müəyyən narahatlıqlar gözlənilir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
baki-xeber.com

1Mənbələr