AZ

Onu güldürən sual: “Dediklərimi bir yerə yazın, sonra yada salarsız”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Sportinfo.az-a müsahibə verib.

Bölgə təmsilçisi I Liqaya yuvarlanmasına baxmayaraq, komandanın “sükanı” arxasında dayanan gürcü çalışdırıcı bir sıra maraqlı fikirlərlə diqqət çəkib.

- Klub rəhbərliyinin I Liqada çalışmaqla bağlı təklifinə cavab vermək üçün nə qədər vaxt sərf etdiniz?

- Düzü, bu barədə daha öncə söhbətimiz olmuşdu. Amma yenə də Premyer Liqada komanda sayının artırılacağına ümid edirdik. Bu məsələ alınmayandan sonra I Liqa məsələsini müzakirə etdik. Həm Çixradze, həm də ailə üzvlərimizlə bağlı açıq qalan suallar var idi. Həmin suallara cavab tapandan sonra yola davam etməyi qərara aldıq.

- İstirahətiniz necə keçir?

- Vaxtımızın böyük hissəsini keçmiş oyunlara baxmaqla keçiririk. Qalan hər şey yaxşıdır.

- Keçmişdəki oyunlara baxanda “kaş bunu belə edərdik” dediyiniz anlar olur?

- Qırılma nöqtəsi “Səbail”lə oyun oldu. Hesabda 2:0 öndəydik, hər şey yaxşı gedirdi. Azlıqda qalmağımız planlarımızı pozdu və 2:3 hesabı ilə uduzduq. Nəticədə bütün komanda “sındı”. Kaş həmin oyunu udardıq. Bu görüşdə qalib gəlsəydik, hər şey fərqli ola bilərdi. Bundan sonra keçmişlə bağlı danışmaqla heç nə dəyişməyəcək. İrəli baxmalıyıq.

- Bu gün sizi narahat edən nədir?

- I Liqada işimiz çətin olacaq, həm də çox çətin. Əvvəla büdcəmiz ötən ilə nisbətən çox-çox aşağıdır. İkinci tərəfdən Premyer Liqada heyətə 12-13 legioner cəlb edə bilirdiksə, artıq belə bir şansımız yoxdur. Limitə uyğun addım atmağa məcburuq. Və ən vacibi, azərbaycanlı futbolçulardan demək olar heç kim aşağı dəstədə oynamaq istəmir. Ötən mövsüm “Qəbələ”nin ən böyük problemi seleksiya ilə bağlı idi. Komandada qələbə ruhu yox idi. Bunun olması üçün qələbə ruhlu futbolçuları cəlb etmək lazım idi. Ona görə də seleksiya işlərində son dərəcə diqqətli olmağımız vacibdir.

- Georgi Çixradze ilə Qəbələdə məskunlaşacaqsınız, yoxsa Bakıya gedib-qayıdacaqsınız?

- Hər ikimiz ailəmizlə birlikdə Qəbələdə yaşayacağıq.

- Bu baxımdan bəxtinizin gətirdiyini deyə bilərəm. Övladlarınız böyüyüblər, nəvələriniz onlarla yaşayır. Xanımınızla ikinci cavanlığınızı yaşayacaqsınız. Üstəlik Qəbələ kimi cənnət məkanda. Pisdir məgər?

- (gülür) Qəbələ üçün ürəyim gedir. Əsl iş ab-havası var orada. Səs-küydən uzaq, sakit, gözəl təbiəti, mənim üçün xoş olan yerdir. Tiflis böyükdür, Bakı ondan da böyükdür. Böyük şəhərlərdə hər zaman xaos hökm sürür. Səs-küy, tıxac, qələbəlik, hər zaman tələsirsən, gecikirsən. Qəbələdə adamın ruhu şad olur. “Qəbələ”ni layiq olduğu Premyer Liqaya qaytarmaq üçün əl-ələ verib çalışacağıq.

- Bu, nə dərəcədə real görünür?

- Hər şey quracağımız komandadan və keçəcəyimiz hazırlıqdan asılı olacaq. Əminəm ki, bütün Azərbaycanın gözü bizdə olacaq, hamı bizi dəstəkləyəcək ki, elitaya qayıdaq. Bunun özü də böyük məsuliyyət deməkdir. Bu dəqiqə əsas çətinliyimiz komandanın dağılmasıdır. Legionerlər gedib, təcrübəli yerlilərdən Asif Məmmədovdan başqa heç kim qalmayıb. Əsasən gənclər bizimlədir. İbrahim Ramazanovun müqaviləsi başa çatıb və bu günə qədər kluba cavab deməyib. Düzdür, vaxtımız var, amma sıfırdan komanda qurmağın nə demək olduğunu anlayırsınız yəqin.

- “Qəbələ”nin əcnəbi baş məşqçisi, akademiyada yetişən istedadlı futbolçuları, infrastrukturu, ad-sanı var. Sizcə, aşağı dəstədə hansı komanda sizə güc gələ biləcək?

- Bu dediklərimi bir yerə yazın, bir neçə aydan sonra yada salarsız. Çempionatda mübarizə aparan bütün komandalar “Qəbələ” ilə matça final oyunu kimi yanaşacaqlar. “Qəbələ” addır, brenddir və hər bir futbolçu özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Həm özünü göstərmək, həm də komandasının adını uca tutmaq üçün. Buna 100 faiz əminəm, siz də əmin olun. Ona görə deyirəm ki, işimiz çətin olacaq. Bütün çətinliklərə baxmayaraq məqsədimiz dəyişməz qalır – Premyer Liqaya qayıtmaq.

- Komandada neçə futbolçu qalıb?

- Çox az. Asif Məmmədovdur və bir neçə gənc. Klub rəsmiləri heyətin gücləndirilməsi üçün çalışır.

- Legionerlər olacaq?

- Mütləq.

- Neçə nəfər?

- Neçə nəfərə gücümüz çatsa, o qədər. Yəqin ki, ən yaxşı halda dörd nəfər olacaq.

- Klubla müqaviləsinin müddəti davam edən legionerlər qalacaqlar?

- Bu barədə heç nə deyə bilmərəm. Klub rəhbərliyi bu işlə məşğul olur. Hansısa yenilik olsa, ictimaiyyətə açıqlanacaq.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
sportinfo.az

1Mənbələr