AZ

Ermənistan müxalifəti fövqəladə sessiya çağıra bilmədi...

Image

Mətin Məmmədli: “Hazırda Ermənistanda kifayət qədər ziddiyyətli məsələlər müşahidə edilir”  

Ermənistan Parlament Şurası Nikol Paşinyan hökumətinə etimadsızlıq iclasını çağırmaqdan imtina edib. Bu barədə jurnalistlərə Paşinyanın “Mülki müqavilə” partiyasının fraksiya rəhbəri Hayk Kondjiryan məlumat verib.

O qeyd edib ki, Ermənistan Milli Assambleyasının Şurası iki müxalifət fraksiyasının – “Ermənistan” və “Mənim şərəfim var” partiyasının parlamentin növbədənkənar iclasının keçirilməsi və orada etimadsızlıq ifadəsi məsələsinə baxılması təklifini rədd edib. “Bütün Mülki Müqavilə fraksiyası bu layihənin əleyhinə səs verdi”, deyə - Hayk Kondjiryan görüşdən sonra deyib.

O həmçinin bildirib ki, müxalifətin, qanuna əsasən, iyunun 17-də belə bir gündəmlə iclas keçirməyə təşəbbüs etmək hüququ var. Lakin onun sözlərinə görə, bu iclasda hakim qüvvədən olan deputatlar iştirak etməyəcək. “Bizim belə bir gündəliyimiz yoxdur, ona görə də bu gündəliyi müzakirə etmək fikrində deyilik. Ermənistanın qanuni parlamenti, legitim baş naziri, legitim hökuməti var. Buna görə də bizim belə bir gündəmimiz yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan hökumətinə etimadsılıq iclasının çağırılması ilə bağlı  sözügedən müxalifət partiyaları ilə fırıldaqçı keşiş Baqrat Qalstanyan arasında sövdələşmə aparılmışdı. Onlar Baqrata söz vermişdilər ki, bu iclasın çağırılmasına nail olacaqlar, lakin göründüyü kimi, iclas baş tutmayıb.

“Bunlar ziddiyyətli xəbərlərdi, bu da ondan xəbər verir ki, Ermənistan...” 

Məsələ ilə bağlı şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə “İyunun 10-u axşamı belə bir məlumat yayıldı ki, Ermənistan Parlamentinin spikeri iyunun 17-də Ermənistan hökumətinə etimad məsələsinin gündəliyə çıxarılacağını deyib. Hətta Ermənistanın bəzi media resursları qeyd etdilər ki, Ermənistan hökumətinin buraxılması və sair də gündəlikdə var. Ancaq indi də belə bir məlumat yayılıb ki, Ermənistan Parlament Şurası Paşinyan hökumətinə etimadsızlıq iclasını çağırmaqdan imtina edib. Bunlar ziddiyyətli xəbərlərdi, bu da ondan xəbər verir ki, Ermənistan siyasəti növbəti dəfə siyasi böhrana daxil olur, Ermənistan hökuməti və müxalifət qüvvələri arasında kifayət qədər problemin olduğu məlumdur. Ola bilsin, eləcə də artıq Ermənistan hakimiyyəti, hakim elitası daxilində də müəyyən ziddiyyətlər, fikir ayrılıqları var. Bu da ehtimallardan biri kimi qəbul edilə bilər. 

Bu da, sözsüz ki, son dövrlərdə Ermənistan müxalifətinin fəallaşması ilə bağlıdır. Demək olar ki, hər gün Ermənistanda etiraz aksiyaları keçirilir, Ermənistanın müxtəlif bölgələrində və paytaxt İrəvanda Ermənistan Parlamenti qarşısında aksiyalar gerçəkləşdirilir. Bir şeyi də müşahidə edirik ki, son günlər etirazçılar müəyyən mənada etiraz aksiyalarında müxalifətin sayını artıra biliblər”-deyə bildirdi. 

M.Məmmədli qeyd etdi ki, neytral müşahidəçilərin qiymətləndirməsinə görə, təxminən 20-25 minlik bir qüvvə toplaya biliblər. “Ancaq bunu da əlavə etmək istərdim ki, bu qüvvə ilə, hələ ki, Ermənistanda inqilabi dəyişiklikləri həyata keçirmək yetərli deyil. Yəni bu dəyişiklikləri həyata keçirmək üçün Ermənistan müxalifəti, revanşistlər daha böyük dəstək əldə etməlidirlər. Bu dəstəyi əldə edə biləcəklərmi? Bu da sual doğurur. Çünki nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətində revanşist qüvvəllərin elə də böyük nüfuzu yoxdur. Baxmayaraq ki, Nikol Paşinyanın da reytinqi son dövrlərdə xeyli düşüb, amma əks qüvvənin də reytinqi yüksək deyil. Ona görə də, qeyd etdiyim kimi, hazırda Ermənistanda kifayət qədər ziddiyyətli məsələlər müşahidə edilir.  Düşünürəm ki, Ermənistanın Baş naziri Paşinyan Ermənistan hakimiyyətini, xüsusilə də güc strukturlarını nəzarətdə saxlaya biləcəksə, bu böhrandan da çıxa bilər, yox, əgər Ermənistan hakimiyyətində ciddi ixtilaf yaranarsa, o, güc strukturlarının üzərində nəzarəti itirərsə, Ermənistan müxalifəti, revanşist qüvvələr daha böyük qüvvə ilə ortaya çıxa biləcəksə, Ermənistan cəmiyyətindən daha böyük dəstək qazanacaqsa onda öz məqsədlərinə nail ola bilərlər. Hər halda baxaq, görək nə baş verir... Düşünürəm ki, istənilən halda Ermənistanda baş verən proseslər həm də regiondakı proseslərə, o cümlədən də Ermənistan-Azərbaycan danışıqlar prosesinə əhəmiyyətli dərəcədə təsir edəcək”-deyə M.Məmmədli qeyd etdi.

İradə SARIYEVA      





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
baki-xeber.com

1Mənbələr