AZ

“Ukrayna Rusiya ərazisində 50 km-lik "bufer zona" yaradacaq...”- Elxan Nuriyev

“Və “G-7”-lərlə iki gündən sonra baş tutacaq görüşdə bir mühüm qərar ondan ibarət olacaq ki, ABŞ və Ukrayna hərbi müttəfiqlik sazişi imzalayacaq...”
 
“NATO Baş katibinin köməkçisi deyirdi ki,  ukraynalılar hətta Qərbdən göndərilmiş ən müasir  texnoloji silahları özləri daha da mükəmməlləşdirə bilirlər...”
 
“Kuluarlarda danışıldığına görə, artıq Qərbdən bir neçə yeni qırıcı eskadronu gəlib və gəlməkdə davam edir. “F-16”lar gəldikcə, Ukrayna aviasiya, artilleriya parklarını böyütdükcə, raket parkını böyütdükcə, təbii ki, Rusiya ərazisinə birbaşa aviasiya və raket hücumlarının tez-tez şahidi olacağıq. Və Rusiya hər gün vurulacaq,  hər gün.... Nəticədə Rusiyanın “bufer zonası” dediyi məsələ artıq onun öz ərazisində Ukrayna ordusu tərəfindən yaradılacaq”. 
 
Bunu Ukraynada yaşayıb fəlaiyyət göstərən soydaşımız, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev  Moderator.az-a açıqlamasında Qərbin öz silahlarıyla Rusiya ərazisini vurmasına qismən icazə verməsindən sonra Rusiya-Ukrayna cəbhəsində yaranmış yeni durumdan danışarkən söyləyib.
 
“Putin istəyirdi ki, Ukrayna ərazisində “bufer zona” yaratsın, biz də ona göstərəcəyik ki, əslində “bufer zona” Rusiya ərazisində olmalıdır. Çünki hücum edən tərəf məhz Rusiyadır, işğal, aqressiya, Ukrayna tərəfindən yox, onlar tərəfdəndir. Və biz öz təhlükəsizliyimizi qorumalıyıq. Bu mənada raşist ərazisində 50 km-lik "bufer zonası" yaradılmalıdır və yaradılacaq. Amma onu  da deyim ki, Ukrayna Rusiya ilə dövlət sərhəddini heç bir halda keçmək fikrində deyil. Sadəcə, işğalçı tərəfdən bəlalar gəldiyi üçün özümüzü “bufer zona” ilə qorumağa məcburuq. Və bu gün Belqorod, Kursk, Voronej, Bryansk  vilayətlərinə və s. Rusiya ərazilərinə zərbələr endirilməsi, o cümlədən Həştərxan şəhərindəki aviabazada 5-ci nəsil “Su-57” hərbi təyyarəsinin vurulması(hətta son məlumatlara görə ikisi məhv edilib), Azov dənizində növbəti gəminin sıradan çıxarılması və s. kimi xəbərləri hər gün eşidəcəyik”, -deyə davamında polkovnik diqqətə çatdırıb.
 
“Bir maraqlı faktı da deyim ki, ötən həftənin cümə günü NATO Baş katibinin köməkçisi Devid Van Vil özünün apardığı yarıqapalı bir toplantıda -Ukrayna- NATO-Pentaqon görüşündə Ukrayna haqda tez-tez “abqreyd”(yeniləşdirmə, modernləşdirmə) ifadəsini işlədirdi. NATO rəsmisi deyirdi ki, ukraynalılar hətta Qərbdən göndərilmiş ən müasir  texnoloji silahları özləri daha da mükəmməlləşdirə bilirlər. Yəni bu o deməkdir ki, bütün çətinliklərə rəğmən həm də öz hərbi sənaye kompleksini işə sala bilmiş Ukrayna tərəfi ona verilən maliyyə yardımlarının bir hissəsi bu istiqamətdə yaxşı tətbiq edilir. Sağlıq olsun, bütün bu işlərin hamısı payız ərəfəsində daha effektli nəticələr verəcək. Qüvvələr nisbəti dəyişir və bu dəyişmənin intensivliyi Ukraynanın xeyrinə gündən-günə çoxalacaq. Bu gün Qərbdən Ukraynaya verilməli olan silahların təxminən altıda biri gəlib çıxıb. Siz təsəvvür edin ki, həmin silahların 30 faizi- 40 faizi gəlib çatanda nələr olacaq.  Yaxud söz verilmiş silahların yarısı gələndə nələr olacaq? Onların, mütləq əksəriyyəti 70-80 faizi gələndə nələr baş verəcək?  Hələ 100 faizdən danışmırıq. Və “G-7”-lərlə görüşdə bir mühüm qərar ondan ibarət olacaq ki, ABŞ və Ukrayna hərbi müttəfiqlik sazişi imzalayacaq. Bu o deməkdir ki, ABŞ-da kimin hakimiyyətə gələcəyindən asılı olmayaraq bu super güc daim Ukraynanın yanında olacaq.   Və bununla da Amerika İsrail üçün nəzərdə tutduğundan daha aktiv formada Ukraynanı birbaşa hərbi-siyasi müttəfiqi olacaq. Və bu hadisələrə cəmi 2 gün qalıb. Hər şey yaxşı olacaq, inşallah. Buna heç bir şübhəniz olmasın”, - deyə hərbi ekspert vətəndaşı olduğu ölkənin gec-tez qalib olacağına böyük ümidini ifadə edib.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
moderator.az

1Mənbələr