AZ

Şuşa Bəyannaməsinin imzalanması region üçün yeni tarixi gerçəklik idi

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasından 3 il ötür. Bu Bəyannamə Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının dünyaya bir daha nümayiş idi. 

Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasına qarşı xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.

 "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunu idi. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz 15 iyun Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var.  Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Dövlət başçıları Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar.

 Bəyannamənin məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində imzalanması özlüyündə müstəqiliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə xidmət göstərməklə böyük dəstəyin bariz nümayişidir.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

 

Dilqəm Əlirzayev Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı

Seçilən
119
1
missiya.az

2Mənbələr