I Liqaya vəsiqə qazanmaq uğrunda pley-off matçı keçirilib. İlk oyunda “Cəbrayıl” rəqibi “Araz Saatlı”nı 2:0 hesabı ilə üstələyib. Görüşlə bağlı fikirlərini öyrənmək və gələcək karyerası haqda məlumat almaq üçün “Cəbrayıl”ın futbolçusu Elvin Məmmədovla əlaqə saxladıq. Azərbaycan millisinin sabiq üzvü Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Komandamı təbrik edirəm. Uşaqlar əzmkar mübarizə apardılar. Məncə, işin 50% öhdəsindən gəlmişik. Amma 2-ci oyun bundan çətin olacaq. Unutmayaq ki, I Liqa komandasına qarşı oynayırıq. Arada fiziki cəhətdən də olsa, fərq var. Görüş barəsində onu deyə bilərəm ki, hər 2 komanda təmkinli oynadı. Düzdür, ilk hissədə elə də real qol imkanları olmasa da, amma ələ düşən şanslardan maksimum istifadə elədik. 2:0 qələbə qazansaq da, turu keçdiyimiz dəqiq deyil. Növbəti oyun səfərdədi. Rəqib üçün bu avantajdır. 

Buraya Cavid Hüseynova görə gəlmişdim. Növbəti mövsüm üçün futbol haqda düşünmürəm. Maksimum bura qədərdir. İnşallah əlimdən gələn qədər bu axrıncı oyunda kömək etdikdən sonra, böyük futbol oynamaq istəmirəm. I Liqa mənim üçün ağır olar, yaşım və fiziki göstəricim buna yol verməz. Ən əsası məqsədim artıq məşqçilikdir. Ona görə oynamaq barədə düşünmürəm”.