AZ

“Aztelekom” Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

Gəncə, 11 iyun, AZƏRTAC

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti mərhələdə Gəncə şəhərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib.

Gəncə şəhərinin 90 faizdən çox hissəsi yüksəksürətli internetlə əhatə olunub. Hazırda şəhər ərazisində 20 minədək ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (Gəncə TKİ, ünvan: Gəncə şəhəri, Əhməd Cəmil küç.1,), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin olunması üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

2021-ci ildən reallaşdırılan “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2 milyon 490 minə çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 85 faizini təşkil edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
azertag.az

2Mənbələr