AZ

Avropadan Azərbaycana Rusiyanı əvəzləmək təklifi – “Müzakirələr gedir...”

“Avropa İttifaqı (Aİ) Rusiya ilə müqavilə başa çatdıqdan sonra Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Kiyevlə danışıqlar aparır. Variantlardan biri Azərbaycan qazının mövcud boru kəmərləri vasitəsilə idxalıdır”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Agentlik iddia edir ki, müzakirə olunan variantlardan biri də ondan ibarətdir ki, Qərb şirkətləri Azərbaycandan qaz alıb Avropaya gedən Rusiya boru kəmərlərinə ötürəcəklər.

“Bloomberg” yazır ki, Kiyevin bu ideaynı dəstəkləyəcəyi bəlli olduğu üçün təşəbbüs əhəmiyyət kəsb edir. Beləliklə, 2021-ci ildə sözgedən kəmərin tranzit gəlirləri təxminən 1 milyard dollar təşkil edib və bu maliyyə Ukrayna iqtisadiyyatına kömək edə bilər.

Bununla belə, boru kəmərlərinin hərbi hədəflərə çevriləcəyi, nəticədə yararsız hala düşə biləcəyi ilə bağlı narahatlıqlar var. Çünki bu halda bərpa işləri baha başa gələcək.

Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışov bildirib ki, o, Ukraynanın qaz nəqli sisteminin fəaliyyətini davam etdirəcəyi bir həll yolu tapmaq üçün hər şeyi edir, çünki bu, böyük sərvətdir və müştərinin olmaması itkilərə səbəb olacaq.

“Hər zaman yadda saxlamalı olduğumuz iki amil var: Birincisi, Ukraynada istifadə edilməli olan inanılmaz qaz tranziti və saxlama infrastrukturu var. İkincisi də Ukrayna bu infrastrukturdan istifadə etməyə meyllidir, çünki bu, çoxlu fayda gətirir”, - o, “Bloomberg”-ə deyib.

Çernışov Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı nəzərdə tutan hər hansı planı istisna edib. O hesab edir ki, Azərbaycandan qaz tədarükü variantının müəyyən gələcəyi ola bilər.

Agentliyin həmsöhbətləri deyirlər ki, danışıqlar ilkin mərhələdədir və ilin sonuna kimi qərarların qəbulu gözlənilir. Bəzi “Bloomberg” mənbələri Almaniyanın “Uniper” şirkətinin (2022-ci ildə Ukraynaya hücumdan sonra milliləşdirilib) müzakirədə iştirak etdiyini bildirir. Şirkətin nümayəndəsi agentliyə şərh verməkdən imtina edib. Almaniya İqtisadiyyat Nazirliyi isə hökumətin Avropa İttifaqı çərçivəsində danışıqlar apardığını bildirib.

“Bloomberg” qeyd edir ki, Azərbaycan artıq Avropaya uzanan boru kəmərindən tam gücü ilə istifadə edir. Qeyd olunur ki, sövdələşmə Moskvanın digər ölkələrə qaz tədarük etməsinə imkan verəcək bir mübadilə kimi tərtib edilərsə, Rusiyaya da fayda verə bilər.

Avropaya ixracı dəfələrlə artırmağa çalışan Azərbaycanın Energetika Nazirliyi vəziyyətil şərh etməyib.

Rusiya hazırda Avropa ölkələrinə qaz tədarükünü davam etdirir. “Bloomberg”-in hesablamalarına görə, ildə təxminən 15 milyard kubmetr yanacaq satılır. Avropa Rusiyadan mayeləşdirilmiş təbii qazı (LNG) də dəniz yolu ilə idxal edir və neft satışında olduğu kimi sanksiyalar tətbiq etmir. Eyni zamanda, Aİ 2027-ci ilə qədər Rusiya qazından tam imtina etmək planlarını açıqlayıb. Agentlik qeyd edir ki, Rusiyadan əsasən yanacaq tədarükü Avstriya və Slovakiyaya gedir.

Slovakiyanın Baş naziri Robert Fiko mayda Azərbaycana səfəri zamanı Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti ilə bağlı razılaşmanın mümkünlüyündən danışıb. O bildirib ki, bu halda Slovakiya Azərbaycan qazını idxal edə biləcək, onun bir hissəsi ölkədə qalacaq, qalan hissəsini isə Bratislava digər dövlətlərə verəcək.

“İndi hər şey Rusiyanın “Qazprom”u, Azərbaycan, Ukrayna şirkətləri və digər şirkətlər arasında iqtisadi və qiymət şərtlərinin razılaşdırılması üçün aparacağı danışıqlardan asılıdır” - deyə, o, jurnalistlərə bildirib.

E.Rüstəmli

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
azpolitika.info

1Mənbələr