AZ

“Ermənistan hökumət istefaya getsə bu, növbəti ictimai-siyasi böhrana yol aça bilər” - Qədir Aslan

Ermənistan parlamentində müxalif deputatların tələbi ilə “Hökumətin istefası ilə bağlı” növbədənkənar iclas keçiriləcək. Bununla bağlı parlamentin sədri Alen Simonyan iyunun 17-də növbədənkənar iclasın çağırılması barədə göstəriş verib. İclasın gündəliyinə Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihə daxil ediləcək. Amma hökumətin “Vətəndaş müqaviləsi” fraksiyası iclası pozmağa qərar verib və yetərsayın təmin edilməməsi üçün iştirak etməyəcək.

Politoloq Qədir Aslan Herbiand.az-a bildirib ki, növbədənkənar iclasın olması hökuməti yola salmaq üçün müxalifətin istəyilə həyata keçirilməsi nəzərdə tutulan məsələdir:

“Bilirsiz ki, Ermənistanda keşiş Baqratın hökumətə qarşı başlatdığı etiraz aksiyaları keçirilir. Bu prosesə parlament müxalifətinin də qoşulması gərəkdir və impiçmentə doğru aparmalıdır. Amma bunu edə bilmədilər və indi hökumətin istefaya getməsini istəyirlər. Hökumət istefaya gedərsə “Vətəndaş müqaviləsi” fraksiyasının hökumətdə olan üzvləri istefaya getmiş olacaq. Bununla da Nikol Paşinyanın dayaqları zəifləmiş olacaq və altı il ərzində gördüyü islahatların hamısı puça çıxacaq”.

Politoloqun sözlərinə görə, əgər hökumət istefaya getsə bu, növbəti ictimai-siyasi böhrana yol aça bilər:

“Bu təklifin nə qədər baş tutacağı və ya həyata keçiriləcəyi bəlli deyil. Amma düşünürəm ki, Nikol Paşinyanın avropalı məsləhətçiləri və ABŞ-dan tez-tez gəlib-gedənlər buna yol verməyəcəklər. Paşinyana bu barədə öz məsləhətlərini verəcəklər”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
herbiand.az

1Mənbələr