AZ

44 GÜNLÜK SAVAŞDA AĞIR YARALANDI, HƏRBİDƏN TƏRXİS OLUNDU, ƏLİLLİK DƏRƏCƏSİ VERİLMİR - Şikayət / Fotolar

Lənkəran rayon sakini Məmmədov Zamiq Rasim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qanunsuz olaraq əlillik dərəcəsi verilmir:

“Mən, Məmmədov Zamiq Rasim oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 11 il N saylı hərbi hissədə işləmişəm. Bü günə kimi də səhhətimlə əlaqəli “Papanin Hospital” kimi tanınan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alıram. Başımdan əməliyyat olunmuşam. Beynimin sağ tərəfinə “plasmas” yerləşdiriblər. Amma yenə də mənə əlillik vermirlər.

Dövlətimizdən cəmi 80 manat pul alıram. Kirayədə qalıram, hər ay müalicəm üçün ən azı 175 manat lazımdır.

Dəfələrlə İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbulunda olmuşam, amma mənə maddi-mənəvi kömək olmurlar. Hər görüşdə "yaxşı olacaq" deyib, yola verirlər.

44 günlük Vətən Müharibəsində də iştirak etmişəm. 6 medalım var. 2023-cü ildə antiterror əməliyatı zamanı da iştirak etmişəm. Laçın-Xankəndi yolunda düşmənin “Xaç postu” yerləşən əraziyə  heç kəs girməyə risk etmirdi. Mən, 6 nəfər əsgərlə bu addımı atdım. Biz posta girdikdən sonra 3 zabit də arxamızca gəldi.

Postdan çıxıb Milli qəhrəmanımız Albert Aqranovun tankına sarı gedəndə yaralandım. Ağır günlər keçirdim, qan qusurdum. Bütün bunlara baxmayaraq, həkimə getmədən axıra kimi döyüşlərdə iştirak etdim. Döyüş bitdikdən sonra özümdən getmişəm. Gözümü açanda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında olduğumu bildim. 1 həftə orada yatandan sonra məni “Papanin Hospital”ına göndərdilər. Ağır əməliyyat olacağına görə, bunu edə bilmədilər. Sığorta ilə özəl xəstəxanada əməliyyat olundum. “Papanin Hospital” məni yararsız kimi tərxis etdi. İndi də əlilliyimi ala bilmirəm.

Nazikrlik nə fikirləşir? Mənim kimi canını itirmiş xəstə qazilər əlillik ala bilmirsə, bu nazirlik niyə var? Sağlam adamamsa, onda məni niyə tərxis etdilər? Suallarım çoxdur, amma alacaq cavab yoxdur”. 

Jalə FAMİLQIZI

P.S. Qeyd edək ki, redaksiyamıza belə şikayətlərin ardı-arası kəsilmir. Qazilərlə yanaşı, həqiqətən də xəstə insanlar var ki, onlara da əlillik təyin edilmir. Bu şəxslərdən bir neçəsinin adını müvafiq nazirliyə versək də, heç bir tədbir görülməyib. Yoxlanış zamanı heç bir araşdırma aparılmadan, xüsusi insanlara 1-ci qrup əlillik təyin olunur. Maraqlıdır, belə insanlara hansı əsasa görə 1-ci qrup əlillik təyin olunur?! Əgər 1-ci qrup ağır xəstələrə şamil olunursa, necə olur ki, səhhətində ciddi problem olmayan insanlar bu qrup əlillik dərəcəsi alır?! 

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
hurriyyet.az

1Mənbələr