AZ

“Misirdən sonra Türkiyəyə səfər xarici siyasətdə türk-islam amilinin önəmindən xəbər verir” - Politoloq

İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. İlk öncə Prezidentlər Ankaranın Esenboğa Hava Limanında görüşüblər. Ardınca iki ölkə başçısının arasında təkbətək görüş olub. Görüşdən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər. Elə həmin gün Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb.

Politoloq Şəbnəm Həsənova Herbiand.az-a bildirib ki, Cənab Prezident İlham Əliyevin Türkiyəyə hər səfəri dövlətlərimiz qədər, xalqlarımızı da məmnun, rahat edən səfərdir:

“Dövlət başçımızın son günlərdə reallaşdırdığı səfərlər, keçirdiyi görüşlərin ardından Türkiyəyə bu səfəri xüsusi önəm daşıyır. O baxımdan ki, istər qlobal gündəlikdə, istərsə də regionda gedən proseslərlə əlaqədar olaraq yığılan məsələlərin uzlaşdırılması, Türkiyə və Azərbaycanın atacağı sinxron addımların müzakirəsi labüd idi. Bunu zəruri edən məsələ həm də son zamanlarda atılan çirkin addımlardır. Azərbaycan-Türkiyə münasibətlərinə ləkə salmağa cəhd edən qüvvələr həmişə olub. Baş verən son proseslərdə bu həmləyə əl atıldığının bir daha şahidi olduq. Lakin dövlət və xalq olaraq bu dəfə də palçığın üzərimizə bulaşmasına, münasibətləri çirkləndirməsinə icazə belə vermədik. Eyni zamanda məsələ ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından kənar tutmaq istəyirlər. İstər Azərbaycan, istərsə də Türkiyə bu məsələ ilə bağlı qətiyyətini, həssaslığını həmişə ortaya qoyur. COP29-un ən yüksək səviyyədə keçirilməsi Azərbaycan üçün son dərəcə vacibdir. Bu tədbirin qüsursuz keçirilməsinə də mane olmaq istəyən qüvvələr var. Türkiyə bu işdə də Azərbaycana hərtərəfli dəstək göstərir”.

Politoloqun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlərdə hələ misli görünməmiş xarakterə malikdir:

“Bunu daha da yaxınlaşdıran amil iki dövlət başçısının səmimi dost münasibətləridir. Bu gün ən vacib məsələlərdən biri regionun gediş-gəlişinin canlandırılması, imkanların mümkün qədər maksimallaşdırılmasıdır. Bu baxımdan səfər çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinin xüsusilə qeyd edilməsi təsadüf deyil. Böyük bir coğrafiyadan keçərək dövlətlərə və xalqlara yalnız əməkdaşlıq, qarşılıqlı fayda və rifah gətirəcək Orta Dəhliz layihəsinin önəmi məlumdur. O da inkarolunmaz faktdır ki, bu böyük zəncirin inkişafında iki ölkə, birgə həyata keçirilən fəaliyyət onun realizəsində də əsas həlqədir. Türkiyə-Azərbaycan münasibətləri ikitərəfli kontekstdə olduğu qədər Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf edir. Bu münasibətlər, onun inkişaf tempi digər türk dövlətləri üçün cazibə qüvvəsi, stimul mənbəyidir”.

Şəbnəm Həsənova qeyd edib ki, Təşkilatın Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü ərəfəsində Azərbaycan-Türkiyə dövlət başçılarının görüşü zamanı Şuşada ələ alınacaq məsələlərin ilkin müzakirəsi də aparılmamış deyil:

“Dövlət başçımızın Misirdən sonra Türkiyəyə səfəri xarici siyasətimizdə türk-islam amilinin önəmindən xəbər verir. Azərbaycanın yürütdüyü xarici siyasət hər zaman uzlaşdırıcı, sabitləşdirici olması baxımından spesifik xarakter daşıyıb. Bu baxımdan Türkiyə-İsrail münasibətlərinin pozulmasına cəhd edilən həmlələr fonunda da cənab Prezidentin Misirdən sonra Türkiyəyə səfəri xüsusi analiz tələb edən məsələdir. Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Ən önəmli məsələ onların inkarolunmaz eyni soy, kök, qardaşlıq üzərində qurulmasıdır”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
herbiand.az

1Mənbələr