AZ

Azərbaycan Ədəbiyyat Fondunun növbəti layihəsi şagirdlərin yazı qabiliyyətini artırmağa yönəldilib

Azərbaycan Ədəbiyyat Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə “Bir direktor, bir şagird” adlı layihəsi uğurla icra olunmaqdadır.

Layihənin əsas məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Tədris ili müddətində bir neçə məktəb layihənin iştirakçısı olub və bir-birindən gözəl esselərlə şagirdlərimiz öz potensiallarını, yazma, düşünmə, analizetmə qabiliyyətlərini nümayiş etdiriblər.

Bununla bərabər, öz işinin peşəkarı olan təhsil müəssisələrinin rəhbərləri də bu layihənin iştirakçısı olublar. Rəhbər idarəetmə sisteminin əsas fiqurudur. Hər hansı idarəetmə prosesində, o cümlədən məktəbin idarə olunmasında ən əsas mövqe, məsuliyyət rəhbərə – direktora məxsusdur. Məktəb rəhbərləri məktəb işinin məzmununu dərindən mənimsəməklə demokratik prinsiplərə istinadən operativ təşkilatçılıqları ilə təlim- tədris prosesinə əsaslı təsir göstərirlər. Layihənin bir özəl tərəfi də odur ki, məktəb rəhbərlərinin şagirdlərinə olan səmimiyyət və sevgisini nümayiş etdirir.

Layihə “Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə həyata keçirilir. Layihənin əlaqələndiricisi fondun əməkdaşı Ülviyyə Əbülfəzqızıdır.

Rubrika sayəsində çoxminli oxucu auditoriyası bir çox məktəb direktorları və istedadlı şagirdlərimizlə tanış olublar.

Ülviyyə Əbülfəzqızı söyləyir:

-Gəlin birlikdə bir daha layihə iştirakçıları olan şagird və direktorların bir neçəsini xatırlayaq. Diqqət çəkən şagirdlərimizdən biri ən azyaşlı iştirakçımız – 247 nömrəli tam orta məktəbin 3- cü sinif şagirdi Əkbər Qorodayev oldu.

Əkbər “Kitab aşiqi” essesi ilə kitabların dəyərli dost olduğunu vurğuladı. O, oxuduğu bir neçə kitabın adını söyləyərək mütaliənin əvəzsiz olduğunu bildirdi. Əkbərin essesindən son bir neçə cümləyə nəzər salaq:

“İstərdim ki, bütün uşaqlar maraqlı kitabları oxusunlar. Oxusunlar ki, daha da böyüsünlər, zənginləşsinlər, gələcək addımlarını atanda düşünüb hərəkət etsinlər.

Nə vaxtsa haradansa oxuduğum bu fikirlə yazımı tamamlayıram:  “10 yaşına qədər həftədə ən azı 1 kitab oxuyan uşaqda 16 yaşına çatdıqda həftədə 1-dən az kitab oxuyan uşağa nisbətdə təlim nailiyyətlərinin daha yüksək olduğu müşahidə edilmişdir.” Yoldaşlarımın  da təhsildə nailiyyətlərinin,  danışma, ünsiyyət bacarıqlarının, dünyagörüşünün yüksəlməsi üçün daha çox kitab oxumasını tövsiyə edirəm. Oxuduğumuz kitablar haqqında qısa məlumat verir, digərlərini də oxumağa sövq edirik, hətta aramızda “Mən oxudum, sən də oxu” şüarı altında kitablarımızı bir-birimizə ötürürük.”

247 nömrəli tam orta məktəbin direktoru Sitarə xanıma və şagirdimiz Əkbərə uğurlar diləyirik.

Növbəti yazısı ilə fərqlənən şagirdimiz isə 83 nömrəli məktəb- liseyin əlaçı şagirdi Tərlan Həsənovadır.

Bu şagirdimiz ” Azərbaycan qadını dünyanın səkkizinci möcüzəsidir” adlı essesi ilə yaddaşımızda iz saldı. Şagirdimizin essesindən bir parçaya nəzər salaq:

“Mehriban xanım bu gün müasir Azərbaycan qadınının ən mükəmməl obrazıdır. Azərbaycan qadını – gözəl ana, vəfalı ömür-gün yoldaşı, elini-obasını düşməndən qoruyan, haqq-ədalət yolunda qanını-canını əsirgəməyəndir. Azərbaycan qadını – övladını torpağa əmanət edən, “Şəhadətin mübarək” deyərək, ən böyük “Şəhid anası” titulunu şərəflə daşıyandır. Azərbaycan qadını – bir saçını ağ, birini qara hörən, bu dünyada o dünyadakı ömür-gün yoldaşına vəfalı olandır. Azərbaycan qadını – dünyanın səkkizinci möcüzəsidir!

”Qadınsız həyat yoxdur” – Bu sözlərsə Ümummilli lider Heydər Əliyevə məxsusdur!”

83 nömrəli məktəb- liseyin direktoru Almaz Bayramova və şagird Tərlan Həsənovaya  uğurlar diləyirik.

Növbəti uğurlu şagirdimiz Bakı şəhəri Məktəb Lisey Kompleksinin 11- ci sinif şagirdi Kənan Quliyevdir. Şagirdimiz essesində günümüzün ən aktual məsələlərindən birinə toxunmuşdur. Kənan Quliyevin “Stress: müasir görünməz problem” adlı essesindən bir parçaya diqqət edək:

“Stresssiz-hesabsız inkişafa baxmayaraq, fərdlərin onun enerjisinə təsirini yumşaltmaq və davamlılıq inkişaf etdirmək üçün strategiyalar qəbul edilə bilər. Məşq, ibadət və istirahət üsulları kimi stressi azaldan fəaliyyətlərlə məşğul olmaq stress reaksiyasını tənzimləməyə və emosional rifahı söndürməyə kömək edə bilər. Güclü sosial əlaqələr qurmaq və dostlardan, ailədən və ya psixi sağlamlıq mütəxəssislərindən kömək axtarmaqdadır. Bundan əlavə, düzgün qidalanma, adekvat yuxu və vaxtın idarə edilməsi təcrübələri üzrə sağlam həyat tərzini inkişaf etdirmək mümkündür.

Son olaraq, stress kimi güclü təsirdən qaynaqlanan və fiziki, emosional və psixikaya təsirli müasir dövrdə geniş yayılmış aspektdir. Stressin səbəbləri və nəticələrini başa düşmək effektiv mübarizə strategiyalarını tətbiq etmək, fərdlər daha çox güclü olmaq və rifahla həyat fəaliyyətinin öhdəsindən gələcək.”

Məktəbin direktoru Esmira Quliyeva və şagird Kənan Quliyevə bol nailiyyətlər diləyirik.

Zaman yel qanadları ilə ömrümüzdən elə sürətlə keçir ki, heç ruhumuz da incimir. Beləcə bir tədris ilinin də sonuna gəldik. Rubrikanın son qonağı isə 189-190 nömrəli tam orta məktəb oldu. Həmin məktəbin 11- ci sinif şagirdi Əziz Əlizadə “Uğur hekayəsi” adlı yazısı ilə bizə uğur yolunun xəritəsini göstərdi.

Gəlin Əlizadə Əlinin bu essesindən bir parçaya nəzər salaq:

“Təbii ki, heç bir uğur təkbaşına qazanılmır. Bu yolda mənə dəstək olan ailəm, mənə məndən çox inanan müəllimlərim uğur hekayəmi yazmaqda mənə kömək oldular. Ancaq əminəm ki, bu hekayə tamamlanmayıb. Əldə etdiyim bu uğur hekayəmizin başlanğıcıdır, davamını yazmaq üçün daha qətiyyətlə çalışmalı, çətinliklərdən qorxmamalı, ən əsası, özümüzə inanmalıyıq. Onda uğur da daim bizimlə olacaq.”

189- 190 nömrəli məktəbin direktoru Fayaz Hüseynova və şagird Əziz Əlizadəyə uğurlar diləyirik.

Ümummilli Lider Heydər Əliyevin bu sözlərini bir daha xatırlayaq: “Təhsil millətin gələcəyidir. Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.”

Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsi yeni tədris ilində də davam edəcəkdir.

“Ədəbiyyat və incəsənət”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
konkret.az

1Mənbələr