AZ

Büdcəyə əlavələr strateji sahələri əhatə edir

Mili Məclisin iclasında  “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklərdə əsas məqsəd  əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, həmçinin digər zəruri sahələrin inkişafıdır. Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev fikirlərini qəzetimizlə bölüşdü:
 – Uzun illər torpaqları işğal altında olan və müharibədən yenicə çıxan bir dövlətin büdcəsində hər il artımın olması insanların sosial rifahının yüksəldilməsinə, ölkənin müdafiə və milli təhlükəsizliyinin təmin olunmasına, işğaldan azad olunmuş ərazilərin bərpasına daha çox maliyyə vəsaitinin ayrılması qürurvericidir. Bu, dayanıqlı və davamlı iqtisadi inkişafdan, düzgün maliyyə və vergi siyasəti aparılmasından xəbər verir. 2023 - cü ilin dövlət büdcəsinin icrası bu baxımdan xarakterikdir. 2024-cü ilin yanvar – aprel aylarında Azərbaycanının dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib ki, bu artım ali maliyyə sənədində dəyişikliklərin edilməsini zərurətə çevirmişdi.
– Tahir müəllim, dövlət büdcəsinə  əlavə gəlirlərin hansı sahələrə yönəldilməsi nəzərdə tutulub? 
– Büdcəyə əlavələr əhalinin sosial müdafiəsini daha da gücləndirəcək. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma, tikinti-bərpa işləri geniş vüsət alacaq. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinə, avtomobil yolu, elektrik enerjisi, su təchizatı və digər layihələrin həyata keçirilməsi üçün verdiyi tapşırıqlar, həyata keçirdiyi tədbirlər vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir və bu, keçmiş köçkün soydaşlarımızın tez bir zamanda öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi iqtisadiyyatımızın yüksəlişinə yeni imkanlar açacaq, aqrar sektorun, turizmin inkişafını təmin edəcək. Bunun üçün əlavə maliyyə vəsaitinin ayrılması günün tələbidir. “Böyük Qayıdış”ın tezləşməsinə, insanlar üçün normal həyat şəraitinin yaradılmasına, ərazilərin abadlaşdırılmasına zəmanətdir. Bu məqsədlə 1 milyard 160 milyon manat vəsaitin ayrılması qəbulediləndir.
– Büdcəyə artımdan  ölkəmizin müdafiə və milli təhlükəsizliyinin təmin olunmasına nə qədət vəsaitin ayrılması nəzərdə tutulub?
– Dünyada və regionda  mövcud olan geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qüdrətinin  möhkəmləndirilməsini, milli təhlükəsizliyinin  təmin edilməsini əsas vəzifə kimi qarşıya qoyur. Son 3 ildə hərbi–müdafiə infrastrukturunun müasirləşdirilməsi, hərbi quruculuq tədbirlərinin genişləndirilməsi, sərhədlərimizin möhkəmləndirilməsi və yeni layihənin həyata keçirilməsi əlavə vəsait tələb olunur. Dövlət büdcəsindən bu sahəyə əlavə 807 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulması təqdirəlayiqdir. 
– Dövlət Sosial Müdafiə Fondunun da xərclərinin artırılması vacib məsələlərdəndir.
– Hər il dövlət büdcəsi qəbul ediləndə onun sosialyönümlü olması diqqəti cəlb edir. Bu il də elədir. Büdcədə gəlir və xərclərin 3 milyard manatdan çox artırılması, sözsüz, əhalinin sosial təminatının yaxşılaşdırılmasına yönəldilir. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 30 milyon manat artırılması bunun nümunəsidir. Büdcə artımının vacib  uc prioritet xətt üzrə istiqamətləndirilməsi digər sahələrin unudulması demək deyil. Dövlətin aydın proqramları var və büdcə gəlirlərində bütün sahələr nəzərə alınıb. Müasir dövr Azərbaycanın dünyada artan nüfuzunu, beynəlxalq fəaliyyətini genişləndirməyi tələb edir və bu sahəyə əlavə vəsaitin ayrılması başa düşüləndir. Vergi və gömrük orqanları xətti ilə qeyri-neft sektoru üzrə daxilolmaların həcminin ildən-ilə artması yaxşı haldır və bu sahədə çalışanların uğuru kimi dəyərləndirilməlidir. Yeni dövr, yeni reallıqlar qarşıya yeni tələblər, yeni vəzifələr qoyur. Seçildiyimiz regionların əhalisinin tələbləri də yaddan çıxmayıb, gündəmdədir. Ancaq yeni dövr daha vacib olan məsələləri gündəmə gətirməyi və həll etməyi tələb edir. Bu tələblər isə 2024-cü ilin dəqiqləşdirilmiş dövlət büd­cəsi zərfində aydın əks olunmuşdur və reallıqların nümunəsidir.

Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV 
XQ 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
xalqqazeti.az

1Mənbələr