AZ

“İsayev Marko Yankoviç deyil” - Menecer Alekseyin gözdən düşməsini belə izah etdi

Son mövsümün ən böyük trasnferlərindən biri də Aleksey İsayevin “Qarabağ”a keçidi oldu. 

2020-ci ildən “Sabah”ın formasını geyən İsayevin 450 min dollar qarşılığında Ağdam təmsilçisinə transfer olunması böyük əks-səda doğurmuşdu. Çünki “bayquşlar” komandanın ən yaxşısını əsas rəqiblərinə verirdi. O zaman da onların bu qərarı maliyyə baxımından düzgün qərar kimi dəyərləndirilsə də, yerli oyunçu statusuna malik, öz mövqeyində ən yaxşılardan olan yarımmüdafiəçinin gedişinə komandanın icazə verməsi birmənalı qarşılanmadı. Ancaq görünən odu ki, “Sabah” öz sütununu itirmədi və zamanında edilmiş baş məşqçi dəyişikliyi ilə daha da yüksəldi. Aleksey isə ondan gözləntilərin çox olmasına rəğmən “köhlən atlar”da özünü doğrultmadı. Futbolçu demək olar ki, komandanın önəmli oyunlarının heç birində ilk “11-lik”də meydana çıxmadı. Bir futbolçunun meydanda kifayət qədər dəqiqə almaması performansının aşağı düşməsinə səbəb olur.  Buna baxmayaraq, Alekseyin oyun vaxtı qazandığı matçlarda da pis təsir bağışladığını demək doğru olmaz.

Ümumiyyətlə, yerli oyunçu statusuna malik İsayevin “Qarabağ”a keçidini uğursuz transfer kimi dəyərləndirmək olarmı? Bu barədə detallı məlumat öyrənmək üçün təcrübəli menecer Erkin İbrahimova tribuna verməyi lazım bildik. Onun “Football-plus.az”a söylədikləri:
“Futbolçu öz mövqeyində yaxşı çıxış etdikdə uğurlu olur. Görünən odu ki, hələlik İsayev uğursuzdu. Doğrusu, onun komandaya uyğunlaşması da o qədər çox çəkməməliydi. Ancaq bir tərəfdən də “Qarabağ”da rəqabət çox güclüdü. Yerli oyunçular arasında ən yaxşılarından olmasına baxmayaraq, təbii ki, o, Marko Yankoviç deyil. Qısası, hələ ki uğursuzdu. Yəqin ki, özü də bunu başa düşür. Fəqət futbolda çox belə oyunçular olub. Məsələn, elə Julio Romao da “Qarabağ”a gələndə 3-4 ay hamı ağız büzürdü, lakin sonradan açıldı. Qurban Qurbanov səbrli məşqçidi. Məncə, qəti fikir bildirmək hələ tezdi”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
football-plus.az

1Mənbələr