AZ

Sabirabad rayonunda “Çempion ailələr” layihəsinə start verilib

Bakı, 11 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çempion ailələr” layihəsinin icrasına başlanılıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihənin ilk tədbiri iyunun 7-də Sabirabad rayon ərazisində yerləşən Heydər Əliyev Parkında keçirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aqil İsmayılzadə dövlət ailə siyasətinin icrası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb, icrasına başlanılan “Çempion ailələr” layihəsinin məqsəd və əhəmiyyətini diqqətə çatdırıblar.

Tədbir çərçivəsində ümumilikdə 12 ailə arasında kəndir və dama oyunu, uşaqlar arasında isə kisə ilə yaxın məsafəyə qaçış və intellektual yarış keçirilib. Nəticələrə əsasən, 3 ailə qalib seçilib. Qalib ailələrə, eyni zamanda, tədbirdə iştirak edən hər bir fəal ailəyə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, layihənin məqsədi bölgələrdə əhali arasında sağlam həyat tərzinin təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və onların asudə vaxtlarının səmərəli təşkilidir.

Cari ilin iyun-iyul aylarını əhatə edəcək layihənin ümumilikdə 10 bölgədə 120-dən çox ailənin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
azertag.az

1Mənbələr