AZ

ADPU-nun Quba filialında yaz imtahan sessiyası  uğurla davam edir

İndi ölkəmizin bütün ali və orta ixtisas məktəblərində ilin ən çətin və məsuliyyətli dövrüdür desək, heç yanılmarıq. Tələbələr semestr və tədris ili ərzində əldə etdikləri bilikləri yaz imtahan sessiyasında nümayiş etdirir, qazandıqları bacarıqları sınaqdan keçirirlər.

Qabaqcıl iş təcrübəsi ilə təkcə respublikamızda deyil,  artıq beynəlxalq miqyasda da şan-şöhrət qazanan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2023/2024-cü tədris ilinin yay semestrinin yaz imtahan sessiyasına artıq bir neçə gündür ki, start verilib. İyul ayının 2-dək davam edəcək imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb.

 Filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevin göstərişinə  əsasən, imtahanların obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmış qaydada və qrafikdə keçirilməsinə nəzarət etmək, imtahanlarla bağlı mövcud çatışmazlıqları operativ şəkildə təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılıb.

Eyni zamanda, imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə  Apellyasiya Komissiyası da yaradılıb. Daxil olan müraciətlərin daha obyektiv araşdırılması və təmin olunması bilavasitə filial rəhbərliyinin ciddi nəzarəti altındadır. İmtahan prosesinin operativ və şəffaf keçirilməsi məqsədilə təcrübəli nəzarətçi heyəti imtahan prosesinə cəlb edilib.

Qeyd edək ki, yazılı və qismən şifahi formada keçirilən imtahanlarda cavabların yoxlanma qaydası çarpaz şəkildə təşkil edilmişdir ki, bu da şəffaflığın qorunmasının ən başlıca göstəricisidir. Onu da qeyd edək ki, yaz imtahan sessiyasının ümumilikdə 36 qrup, 168 fənn üzrə 2 növbədə keçirilməsi nəzərdə tutulub ki, bu imtahanlarda da  858  tələbə iştirak edir.

  Kamal Kamalov
ADPU-nun Quba filialının baş müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
ucnoqta.az

1Mənbələr