AZ

Azərbaycanla Gürcüstan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq

Dost ölkələr olan Azərbaycanla Gürcüstan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq. Bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilib.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır. “Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.

İki ölkə arasındakı mövcud sərhəd-keçid məntəqələri

Bu gün tarixi ənənələrlə bir-birinə bağlı olan Azərbaycanla Gürcüstan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əlaqələrini də getdikcə dərinləşdirirlər. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək respublikamız Gürcüstana 3,3 milyard dollardan çox  investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Azərbaycan 2024-cü ilin 1-ci rübündə Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub. Bəhs olunan dövrdə Gürcüstan Azərbaycandan 208,84 milyon dollar dəyərində mal və məhsullar idxal edib. Gürcüstanın Azərbaycana ixracı isə  191,94 milyon dollar təşkil edib. Bütövlükdə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400,79 milyon dollar səviyyəsində olub.

Azərbaycanla Gürcüstanın sıx əməkdaşlıq etdikləri istiqamətlərdən biri nəqliyyat sektorudur. İndiyədək iki ölkə arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən olunub. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş 2021-ci ildə Bakıda imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi sözügedən Sazişin təsdiq edilməsi barədə Qanuna əsasən iki ölkə arasında aşağıdakı sərhəd-buraxılış məntəqələri müəyyənləşdirilib:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:

Dəmiryolu

“Böyük-Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan);

Avtomobil

- “Qırmızı körpü” (Azərbaycan) - “Krasnıy Most” (Gürcüstan);

- “Mazımqara” (Azərbaycan) - “Tsodna” (Gürcüstan).

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri

“İpəkyolu” (Azərbaycan) - “Abreşumis Qza” (Gürcüstan);

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:

piyadalar üçün avtomobil;

“Sadaxlı” (Azərbaycan) - “Vaxtangisi” (Gürcüstan)

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):

piyadalar üçün avtomobil

“Muğanlı” (Azərbaycan) - “Samtatskaro” (Gürcüstan).

Davamlı şəkildə artan daşımalar

Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan və Gürcüstan üzərindən keçən marşrutlara maraq heç vaxt olmadığı qədər artıb. İki ölkə arasında bərqərar olan dostluq münasibətləri, uzunmüddətli sabitlik, tərəflərin fəaliyyətlərini bir-biri ilə uzlaşdırmaları Orta Dəhlizin, bütövlükdə Şərq-Qərb marşrutunun üstünlüklərini və cəlbediciliyini artırır. Hər iki ölkə müasir infrastruktur quruculuğunu diqqət mərkəzində saxlayır. Zamanında bir sıra maneələrə baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə çox mühüm nəqliyyat layihəsini reallaşdırmaları böyük hadisədir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır. 2023-cü ilin may ayından BTQ dəmir yolunun Gürcüstan hissəsinin 184 kilometrlik hissəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə layihənin icrasına başlanıb. Cari il mayın 20-də tamamlanan modernləşdirmədən sonra BTQ dəmir yolunun yükaşırma imkanları artıb. Qeyd edək ki, Azərbaycandan ilk yük qatarı modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə mayın 25-də səhər saatlarında Türkiyə ərazisinə daxil olub. Qatar 20 konteynerə yüklənmiş 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb.

Bütövlükdə Azərbaycan və Gürcüstan üzərindən keçən marşrutlarla daşımalar intensiv şəkildə artır. Cari ilin birinci rübündə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7 milyon 980,6 min ton, yük dövriyyəsi isə 3 milyard 233,8 milyon ton-km olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, daşınmış yüklərin həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9 faiz artım müşahidə olunub. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763,3 min tona çatıb. Avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə çoxalıb.

Perspektivdə Azərbaycan Gürcüstanla nəqliyyat sektorunda əməkdaşlığını daha da genişləndirmək əzmindədir. Məlumdur ki, Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var. Həmin limanın genişləndirilməsi nəzərdə tutulur. Ölkəmiz həmçinin Gürcüstanın yeni infrastruktur layihələrinin yaradılmasında maraqlı olduğunu bildirib. O cümlədən Qara dənizdə Anakliya limanının inşası ilə bağlı müzakirələr aparılır. İki ölkə arasında yeni gömrük-keçid məntəqəsinin yaradılması daşımaların davamlı olaraq artması ilə şərtlənir.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr