AZ

Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri

Kamal Adıgözəlov

XIV məqalə

Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi

Müstəqil dövlətlər üçün beynəlxalq təşkilatlarda fəaliyyət çox ciddi əhəmiyyət kəsb edir. Hətta hesab olunur ki, bu istiqamət müstəqil dövlətin beynəlxalq miqyasda uğurunun başlıca şərtidir. Ancaq məsələnin özü mürəkkəbdir, çünki hazırda mövcud olan çoxlu sayda beynəlxalq təşkilatların hər birinin öz hədəfləri və məqsədləri vardır. Buna görə də müstəqil dövlət üçün beynəlxalq təşkilatlarla əlaqələrin xüsusi uğurlu fəlsəfəsini yaratmaq vacibdir. Təbii ki, bu da liderlik fəaliyyətində yüksək peşəkarlıq və siyasi-diplomatik məharət tələb edir. Bütün bunların fonunda Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi beynəlxalq təşkilatlarda Azərbaycanın fəal iştirakının təmin edilməsinin müəyyənləşməsi çox uğurlu addımdır.

Beynəlxalq təşkilatların təsnifatı: əsas məqamlar

Müasir geosiyasi prosesləri və xarici siyasəti beynəlxalq təşkilatlarsız təsəvvür etmək mümkün deyildir. Ümumiyyətlə, politoloqlar indiki tarixi mərhələdə ayrı-ayrı dövlətlərin deyil, dövlətlər qrupunun və onların birləşdiyi təşkilatların aparıcı geosiyasi rol oynadığı qənaətindədirlər. Bu səbəbdən hətta ən güclü dövlətlər belə xarici siyasətlərini təkbaşına deyil, hansısa beynəlxalq qurumların, ittifaq və ya alyansların üzvü kimi daha fəal reallaşdırmağa çalışırlar. Bunu sübut edən bir çox faktlar mövcuddur. Dünyanın böyük geosiyasi güc mərkəzləri məhz bu cür fəaliyyət göstərirlər.

Məsələn, postsovet məkanında Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) vasitəsilə siyasətini yeritməyə çalışır (bunun alınıb-alınmaması başqa məsələdir). Bundan başqa, Rusiya ABŞ, Fransa, Böyük Britaniya və Çinlə birgə BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə qlobal geosiyasi proseslərə təsir göstərir. ABŞ Asiya-Sakit okean regionunda nüfuzunu artırmaq və təsirini gücləndirmək üçün QUAD, AUKUS və başqa təşkilatlardan istifadə edir. Avropa İttifaqına (Aİ) üzv olan böyük dövlətlər də ondan yararlanırlar. Bundan başqa, böyük dövlətlər iqtisadi, enerji, mədəni, sosial, ekoloji, təhlükəsizlik maraqlarını təmin etmək üçün də təşkilatların imkanlarından istifadə edirlər. Məsələn, NATO konkret olaraq bir qrup dövlətin hərbi-müdafiə və təhlükəsizlik sahələrində maraqlarını təmin edir. YUNESKO, İSESKO kimi təşkilatlar mədəniyyət, elm, təhsil sferalarında dövlətlərin fəaliyyəti ilə bağlıdır və s.

Bu qayda bütövlükdə hər bir müstəqil dövlətin xarici siyasətinin başlıca əlamətidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq təşkilatlarda iştirakına ciddi diqqət yetirir. Bu proses real məzmununu 1993-cü ildən başlayaraq aldı. Eyni zamanda, hər mərhələdə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətinin məzmun və məqsədi yeni çalarların əlavə olunması ilə xarakterizə olunur. Onların təhlili göstərir ki, rəsmi Bakı bu faktordan ağıl və müdrikliklə istifadə edərək böyük nailiyyətlər əldə edib. Azərbaycan hər bir tarixi mərhələdə qarşısına qoyduğu strateji məqsədə çatmaq üçün beynəlxalq təşkilatlardakı fəaliyyətdən maksimum yararlanır. Onları xarakterizə etməzdən öncə qısa şəkildə "beynəlxalq təşkilat" anlayışı üzərində dayanaq.

Beynəlxalq təşkilat mütləq müqavilə əsasında yaradılır. Məsələn, Birləşmiş Millətlər Təşkilatı (BMT) nizamnamə əsasında fəaliyyət göstərir. Başqa beynəlxalq təşkilatların fəaliyyətini tənzimləyən müqavilə-sənəd-nizamnamə olmaya da bilər.

Beynəlxalq təşkilat dövlətlərarası və ya qeyri-dövləti xarakterli ola bilər. Bundan başqa, beynəlxalq təşkilatlar hökumətlərarası (dövlətlərarası) və qeyri-hökumətlərarası (qeyri-dövləti, ictimai) kimi təsnif oluna bilərlər. Beynəlxalq dövlətlərarası təşkilatlar dövlətlərin və ya dövləti institutların birləşməsidir. Onlar beynəlxalq müqavilə əsasında yaradılır. İctimai təşkilatları isə hər hansı bir dövlətdə rəsmi qeydə alınan və konkret məqsədləri müəyyənləşən subyektlər yaradırlar. Onların fəaliyyətləri öz nizamnamələri ilə tənzimlənir (bax: 1, s. 110-140).

İlk beynəlxalq təşkilat kimi 1815-ci ildə yaradılmış Reyn gəmiçiliyi üzrə Mərkəzi Komissiya qəbul edilir. Sonra Millətlər Liqası yaradılıb. İkinci Dünya müharibəsindən sonra beynəlxalq təşkilatların sayı sürətlə artmağa başlayıb. Hazırda iştirakçılar dairəsinə görə beynəlxalq təşkilatlar universal (qlobal), regional və regionlararası kimi növlərə bölünürlər. Universal beynəlxalq təşkilat kimi BMT-ni göstərmək olar. Regional təşkilat olaraq Amerika Dövlətləri Təşkilatı (ADT) və ya Türk Dövlətləri Təşkilatını (TDT) göstərə bilərik. Regionlararası təşkilat kimi isə NATO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) qeyd etmək olar.

Hər bir beynəlxalq təşkilat konkret məqsədlə yaradılır. Onun fəaliyyəti beynəlxalq hüquq normaları vasitəsilə tənzimlənir. Qarşıya qoyulan məqsəddən asılı olaraq beynəlxalq təşkilatın fəaliyyət sferası müəyyənləşir. Təşkilat həmin fəaliyyət sferasına uyğun hərəkət etməlidir (bax: 2, s.19-38; 201-315).

Burada məqsəd məsələsi xüsusi əhəmiyyət kəsb edir. Çünki beynəlxalq təşkilatın qlobal proseslərdə yeri məqsədinə uyğun şəkildə beynəlxalq miqyasda müəyyən olunur. Yəni, həm təşkilatın məqsədi, həm də həmin məqsədə çatmaq üçün göstərilən fəaliyyət beynəlxalq əhəmiyyətə malikdir (bax: əvvəlki mənbəyə).

Beləliklə, müasir mərhələdə beynəlxalq təşkilatlar yaranma forması, məqsədi və fəaliyyət miqyasına görə fərqlənirlər. Onların hər birinin öz funksiyası mövcuddur. Bundan başqa, regionun geosiyasi özəlliklərindən asılı olaraq beynəlxalq təşkilatların özəl funksiyaları müəyyənləşə bilər. İstənilən halda müstəqil dövlətin beynəlxalq təşkilatların qlobal, regionlararası və regional kimi bütün növləri üzrə fəaliyyəti xarici siyasətdə mühüm yer tutur (bax: məs., 3).

Azərbaycan və beynəlxalq təşkilatlar: əməkdaşlıq dinamikası

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması həmişə məqsədyönlülüyü ilə seçilib. Xüsusilə Ulu Öndər Heydər Əliyevin xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra bu proses xüsusi məzmun alıb. Heydər Əliyev bacarıqla beynəlxalq təşkilatlardakı fəaliyyəti milli maraqlara istiqmətləndirib və davamlı olaraq uğurlar əldə edib. Həmin uğurlar siyasi, geosiyasi, hüquqi xarakterli idi və əsas olaraq ərazi bütövlüyünün təmininə xidmət edirdi. Eyni zamanda, burada daha geniş aspektdə Azərbaycan liderinin mühüm bir məqsədi də vardı. Həmin məqsəd ilk növbədə BMT-də Azərbaycanın müstəqil dövlət kimi real imicini yaratmaqdan ibarət idi. Bu prosesdə Heydər Əliyevin 1994-cü və 1995-ci illərdə BMT-dəki nitqləri vacib rol oynadı.

Heydər Əliyev BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Məclisinin 1995-ci il oktyabrın 22-də keçirilən xüsusi təntənəli iclasındakı çıxışı zamanı vurğulamışdı: "Umumbəşəri dəyərlər dünyada geniş yayılır və bərqərar olur. Bunların arasında azadlıq, demokratiya və insan haqları ideyaları xüsusi yer tutur. İctimai-siyasi və dövlət qurculuğunda, iqtisadiyyatda, həyatın bütün sahələrində demokratik dəyisikliklər həyata kecirmək zərurəti çox ölkələr üçün ən vacib amil olmusdur" (bax: 4, s. 393).

Bu fikirləri müstəqil Azərbaycanın dövlət olaraq hər bir beynəlxalq təşkilat daxilində fəaliyyətinin manifesti kimi qəbul etmək olar. Təsadüfi deyil ki, Ulu Öndər BMT üzvlərinə Azərbaycanın, ümumiyyətlə, dünyanın hər bir yerində sülh və ədalətin bərqərar olmasını istədiyini bəyan edib. Və bunlar onu göstərir ki, Heydər Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərini hüquq, ədalət və milli maraqların təmini üzərində qurub. Onun da əhəmiyyətli mənası vardır. Məsələ ondan ibarətdir ki, ötən müddətdə Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatlarla əlaqələrində Ulu Öndər Heydər Əliyevin vurğulanan mövqeyini əsas götürərək ardıcıl surətdə əsas məqsədə doğru irəliləyib.

Bu baxımdan Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin dinamikasının xarici siyasətdə ifadəsi çox aktualdır və indiki mənzərəni anlamaqda yardımçıdır. 1993-cü ildən başlayaraq Azərbaycan əsasən BMT və onun ixtisaslaşmış qurumları ilə əlaqələrə üstünlük verib. Səbəbi aydındır – BMT Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında əsas rolu oynamalı idi. Bunun fonunda Azərbaycan ölkəni mədəniyyət, iqtisadiyyat, enerji və s. aspektlərdə tanıtmaq prosesini də intensvləşdirdi. YUNESKO və İSESKO ilə əlaqələr bu səbəbdən daha da genişləndirildi.

Paralel olaraq, Azərbaycan regional təşkilatlar kimi Avropa İttifaqı və NATO ilə də münasibətlərinə ciddi diqqət yetirməyə başladı. NATO ilə təhlükəsizlik və ordu quruculuğu istiqamətində, Aİ ilə isə müxtəlif sferalarda, ilk növbədə, enerji sahəsində əlaqələrə üstünlük verilirdi və hər iki istiqamət üzrə müsbət nəticələr əldə edildi. Artıq XXI əsrin başlanğıcına doğru Azərbaycan-Aİ əlaqələrində kifayət qədər təcrübə toplanmışdı. BMT, NATO və Aİ Azərbaycanın Qərb istiqamətində əlaqələrinin başlıca istiqamətlərini təşkil etməyə başlamışdı.

Burada xarici siyasətdə mühüm rol oynayan enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin sintezini təmin edən addımları xüsusi vurğulamaq lazımdır. Azərbaycan rəhbərliyi (öncə Ulu Öndər Heydər Əliyev, daha sonra isə Prezident İlham Əliyev) vurğulanan üç təşkilat daxilində enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi məharətlə uyğunlaşdıra bildi. Paralel şəkildə digər beynəlxalq təşkilatlarla, məsələn, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), GUAM, Müstəqil Dövlətlər Birliyi (MDB), ATƏT, Avropa Şurası, NATO və s. daxilində fəal diplomatik gedişlər etməklə, Azərbaycan dövlətinin mövqeyini daha da möhkəmlətdi.

Vurğulanan təşkilatların hər birinin milli dövlətçiliyimiz baxımından xüsusi əhəmiyyəti vardır. Deyək ki, İƏT daim Azərbaycanı müdafiə edib və onun haqq səsinin dünyada eşidilməsi üçün xidmət göstərib. İƏT Azərbaycanın ədalətli mövqeyini ifadə edən sənədlər qəbul edib. Bu proses indi də davam edir. Azərbaycanın İƏT üzvləri ilə ayrılıqda və müxtəlif beynəlxalq qurumlar çərçivəsində əlaqələri yüksək səviyyədədir. Onu da vurğulayaq ki, Ərəb Dövlətləri Liqası (ƏDL) da Azərbaycana maraq göstərir və Prezident İlham Əliyevi bu təşkilat özünün Əlcəzairdə keçirilən zirvə toplantısına fəxri qonaq kimi dəvət edib.

Aİ də Azərbaycanın fəaliyyəti sayəsində Qarabağla bağlı nisbətən ədalətli sənədlər qəbul edib. Bu, 1993-cü ildə BMT-nin məlum qətnamələri qəbul etməsinin davamı kimi görünürdü. Bir-birinin ardınca Qoşulmama Hərəkatı da Azərbaycanın xeyrinə sənədlər qəbul etdi.

2012-2013-cü illərdə Azərbaycanın BMT TŞ-yə müvəqqəti sədrlik etməsi isə mühüm tarixi nailiyyət idi. Bu nailiyyətin təməlində Azərbaycanın, ümumiyyətlə, beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyəti dayanır. Çünki XX əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan rəhbərliyi intensiv və davamlı olaraq dövlətin beynəlxalq nüfuzunu yüksəltməyə üstünlük verir. Müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın hörmətinin artması sayəsində BMT TŞ-yə üzvlükdə Azərbaycana üstünlük verilib. Bir zamanlar Azərbaycanı hər addımına görə günahlandıranlar ona inanır və görürdülər ki, ədalət Bakının tərəfindədir. Sonrakı proseslər də göstərdi ki, Azərbaycanın xarici siyasətdə bu seçimi tarixi uğurların əsası olacaqdır. Həmin aspektdə Bakının Avropa İttifaqı, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti üzərində bir qədər geniş dayanaq.

Aİ-Azərbaycan: bərabərhüquqlu münasibətlərə doğru

Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramı daxilində Cənubi Qafqaz dövlətləri ilə münasibətləri inkişaf etdirmək qərarına gəldikdən sonra proseslər daha da sürətləndi. Tezliklə aydın oldu ki, Brüssel burada daha çox öz maraqlarını nəzərdə tutur. Aİ assosiativ üzvlük ideyasını ortaya atmaqla müəyyən dərəcədə Şərq Tərəfdaşlığı proqramına daxil olanların hüquqlarını pozur. Ermənistan və Gürcüstan buna getdilər. Lakin İrəvanı Rusiya çəkib oradan çıxardı. Gürcüstan isə Aİ ilə assosiativ üzvlük çərçivəsində əlaqələr qurmağa üstünlük verdi. Bu qonşu dövlətin bundan nə qazandığı indi meydanlarda aydın görünür. Həm də Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıq bəyan edib ki, Brüssel onu hədələyir, odur ki, münasibətlərə yenidən baxılmalıdır. Deməli, assosiativ üzvlük dövlətin müstəqil siyasətinə müsbət təkan verməyə də bilər. İndi, faktiki olaraq, assosiativ üzvlərin heç birinin hansısa üstün cəhətləri yoxdur.

Azərbaycan Prezidenti bütün bunları öncədən görərək, assosiativ üzvlükdən imtina etdi və özünün yeni əməkdaşlıq paketini Brüsselə təklif etdi. Proses hələ davam edir. Lakin Azərbaycan mühüm bir uğur əldə etdi: Aİ anladı ki, Azərbaycanı müstəqil xarici siyasət kursundan çəkindirə bilməz, onunla yalnız bərabərhüquqlu münasibətlər qura bilər.

Bu məqam İkinci Qarabağ müharibəsindən sonra son dərəcə əhəmiyyətli nəticələr verdi. Həm müharibə dövründə, həm də postmüharibə mərhələsində Azərbaycan Aİ-yə növbəti dəfə anlatdı ki, onunla ancaq bərabərhüquqlu tərəfdaş kimi rəftar etmək olar.

Digər tərəfdən, Azərbaycan rəhbərliyi böyük uğurla Avropanın enerji təhlükəsizliyinin təmininə yardım edən layihələr həyata keçirməkdədir. Bu layihələr həm də Aİ üzvlərinin milli təhlükəsizliyini təmin etməsinə dəstək verir. Bu kontekstdə "Azərbaycan xüsusilə də Avropa üçün qlobal enerji təhlükəsizliyinin vacib elementidir. Xəzər dənizindən hasil olunan qaz Avropanın bir sıra ölkələrinin inkişafında, habelə bu ölkələrdə enerji resurslarının diversifikasiyasında önəmli rola malikdir" (bax: 5).

Hesab edirik ki, BMT ilə yanaşı, Aİ istiqamətində də həyata keçirilən siyasət Azərbaycanın böyük uğurlarındandır.

Qoşulmama Hərəkatı və TDT: Azərbaycanın yeni zəfərləri kontekstində

Azərbaycan hər iki təşkilatda kifayət qədər fəaldır. Qoşulmama Hərəkatında Azərbaycan ən böhranlı zamanlarda belə hüquq və ədalət çərçivəsində hərəkət etdi. Bu, 120 üzvü olan, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu böyük bir təşkilatda Azərbaycanın dövlət kimi nüfuzunu çox yüksəltdi. Azərbaycan Prezidenti dəfələrlə BMT miqyasında dünya üçün aktual olan məsələlərin müzakirəsini Qoşulmama Hərəkatının sədri kimi qaldırdı. İndi də rəsmi Bakının bu təşkilatda fəaliyyəti böyükdür. Məsələn, Fransanın müstəmləkəçi siyasətinin əsl simasını Azərbaycan məhz Qoşulmama Hərəkatı çərçivəsində uğurla açmaqdadır. Bunun da bütün dünyada müstəmləkəçiliyə qarşı mübarizəyə ciddi faydası vardır.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi fəaliyyətinin xüsusi yeri vardır. İndi, faktiki olaraq, Azərbaycan TDT-nin aparıcı dövlətidir (bax: məs., 6). Bunu təsdiq edən faktlardan biri indi ekspertlərin dünyada yeni güc mərkəzinin formalaşmaqda olduğundan bəhs etməsidir. Konkret olaraq söhbət Aİ-TDT əməkdaşlığından gedir. Təhlilçilər xüsusilə Azərbaycanın fəallığı ilə Avropa İttifaqına üzv olan ölkələrin TDT-yə maraq göstərdiyini yazırlar. Bu prosesin əsas təkanverici faktoru isə Azərbaycanın enerji siyasətidir. Bu siyasət uğurlu surətdə türk dövlətlərinin milli təhlükəsizliyi ilə Avropanın milli təhlükəsizliyi arasında əlaqələri dərinləşdirir (bax: məs., 7).

Yeni mərhələ: Azərbaycan və beynəlxalq təsisatlar

Beləliklə, yeni tarixi mərhələ üçün Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsinin müəyyənləşməsi ciddi əsaslara malikdir. Azərbaycan bu istiqamətdə zəngin təcrübəyə və uğurlara malik dövlət kimi fəaliyyət göstərir. Hazırda Bakının beynəlxalq təşkilatlarla əlaqələrinin mərkəzində TDT dayanır. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatı, Aİ və BMT ilə də sıx münasibətlərini inkişaf etdirir. Bu istiqamətlərin hər birinin yeni tarixi mərhələ üçün siyasi və geosiyasi əhəmiyyəti çox olacaqdır. Burada bir ümumi məntiq mövcuddur.

Belə ki, Azərbaycan beynəlxalq təşkilatlardakı fəaliyyətini koordinasiya etməklə ümumi strateji hədəfə doğru irəliləyir. Bu hədəf Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin etibarlı təmini ilə bağlıdır. Həmin proses Aİ-BMT-Qoşulmama Hərəkatı-TDT kontekstində uğurla aparılır. Bunun Azərbaycanın yeni mərhələdə beynəlxalq təşkilatlar istiqamətində yeritdiyi siyasətin başlıca əlaməti olacağını düşünürük. Sistem xarakterli bu prosesin mərkəzində TDT dayanır. Azərbaycan TDT-nin fəal üzvü kimi yeni tarixi mərhələdə beynəlxalq təşkilatlar şəbəkəsində fəaliyyət göstərəcəksə, bu, beynəlxalq miqyasda, faktiki olaraq, yeni səviyyədə və statusda çıxış etmək deməkdir. Çünki öncəki mərhələlərdən fərqli olaraq Azərbaycan güclü bir regional təşkilatı təmsil edən müstəqil dövlət olaraq qlobal miqyasda özünü təsdiq edəcəkdir. Bunun perspektivlərini indidən proqnozlaşdırmaq çətin deyildir.

Birincisi, Azərbaycan birbaşa qlobal geosiyasətin aktiv oyunçularından biri olmaq səviyyəsinə yüksəlir.

İkincisi, Azərbaycan regional lider statusunda qlobal geosiyasətdə yeri və rolunu müəyyənləşdirir.

Üçüncüsü, Azərbaycan TDT üzvü kimi Asiyadan başlayaraq Mərkəzi Asiyadan keçməklə Qafqaz vasitəsilə Avropa və Yaxın Şərqə çıxan nəqliyyat-logistika marşrutunun Orta Dəhliz kontekstində vacib məntəqələrindən birinə çevrilir.

Dördüncüsü, Azərbaycan TDT üzvü kimi dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərin milli təhlükəsizliyinin təminində ciddi rol oynamış olur. Bu da özlüyündə Azərbaycanın "orta güc" kateqoriyalı dövlətlər sırasına yüksəlməsinə ciddi təkan verə bilər.

Beləliklə, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarda fəaliyyəti inkişaf etdirmək müddəasının yer alması strateji əhəmiyyətli özəl haldır. Prezident İlham Əliyevin bundan sonra da bu istiqamətdə çox uğurlu təşəbbüslər göstərəcəyi şübhəsizdir. Yəni, Azərbaycan müstəqil dövlət kimi xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığı yeni səviyyədə milli dövlətçiliyə xidmət müstəvisində təşkil etməkdə qərarlıdır. Bunun həm ayrılıqda Azərbaycanın, həm də bütövlükdə təşkilat kimi TDT-nin inkişafı və təhlükəsizliyi üçün rolu çox böyük olacaqdır!

Mənbələr

Теория международных отношений: учебник для вузов / П.А. Цыганков [и др.]; под редакцией П.А. Цыганкова. – Москва: Издательство Юрайт, 2020. – 316 с. Право международных организаций: учебник для вузов / А.Х. Абашидзе [и др.]; под редакцией А.Х.Абашидзе. – 2-е изд., перераб. и доп. – Москва: Издательство Юрайт, 2023. – 565 с. Международные организации: учеб. Пособие / А.Ю.Скопин, 2007; Никитина Ю.А. Введение в международные отношения и мировую политику: учебное пособие для студентов вузов. Москва: Издательство "Аспект Пресс", 2017 – 160 с.; Hurd, I. (DE-588)1054792968, (DE-576)265458161. (2011). International organizations : politics, law, practice / Ian Hurd. Cambridge [u.a.]: Cambridge Univ. Press. Retrieved from http://search.ebscohost.com/login.aspx?direct=true&site=eds-live&db=edswao&AN=edswao.329819380 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 1997 – 528 səh. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef BaydenAzərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 4 iyun 2024. URL: https://azertag.az/xeber/amerika_birlesmis_statlarinin_prezidenti_cozef_bayden_azerbaycan_prezidenti_ilham_eliyeve_mektub_unvanlayib-3038710 Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçiriləcək. Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib // "Azərbaycan", 119 (9574) 7 iyun 2024, s. 1-3. Dünyada yeni güc mərkəzi // "Yeni Azərbaycan", 16 may 2024. URL: https://www.yeniazerbaycan.com/Gundem_e101900_az.html

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
turkustan.az

1Mənbələr