AZ

Alen Simonyana xatırlatma

İcma: Ermənistan hakimiyyəti azərbaycanlıların təhlükəsiz şəkildə qayıdışını təmin etməlidir 

NARDAR 

Son günlər Ermənistan hökuməti və parlament rəhbərliyi Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn bəyanatlar verir. Ermənistan parlamentinin sədri Alen Simonyan da ölkəsinin həm beynəlxalq hüququn tələbi olaraq, həm də sülh prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları inkar edib və Azərbaycanı  “etnik təmizləmə”, “soyqırımı” törətməkdə ittiham etməyə cəhd göstərib.

Əslində, Simonyanın bu iddialarının  heç bir əsası yoxdur. 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən məhz Ermənistan olub. Bu siyasət nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox insan doğma yurdlarından didərgin  düşmüşdü. Bu dövr ərzində erməni tərəfi işğal etdiyi ərazilərimizdə vandalizm həyata keçirib, bütün yaşayış məntəqələri və digər infrastrukturlar yerlə-yeksan edilib, tarixi, mədəni və dini abidələr dağıdılıb, eləcə də təbiətə böyük ziyan vurulub. İşğal zamanı ermənilər xalqımıza qarşı Xocalı soyqırımı kimi kütləvi qətliam törətdilər.  30 il ərzində aparılan sülh danışıqları da rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermədi və Azərbaycan öz hərbi gücünə torpaqlarını işğaldan azad etməyə məcbur oldu. 

Qarabağda yaşamış ermənilərin bu ərazini tərk etməsinə gəlincə, Simonyanın iddialarının əksinə olaraq burada heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Çünki bütün dünyaya məlumdur ki, ermənilər könüllü surətdə Qarabağı tərk ediblər. Hətta prosesin baş verdiyi zaman KİV nümayəndələri həmin ermənilərin rəyini öyrənib və onlar da açıq şəkildə Azərbaycan tərəfindən heç bir təzyiqə məruz qalmadıqlarını, öz istəkləri ilə Ermənistana getdiklərini söyləyirdilər. Əslində, sadə əhalini Ermənistan rəsmiləri və separatçıların nümayəndələri ərazini tərk etməyə sövq edirdilər. Məqsəd isə Azərbaycanı “etnik təmizləmə” siyasəti aparmaqda ittiham etmək və bu amildən ölkəmizə qarşı beynəlxalq müstəvidə istifadə etmək idi. Lakin bütün prosesin dünya ictimaiyyətinin gözü qarşısında baş verməsi, o cümlədən bölgədə monitorinq aparan BMT missiyasının hansısa etnik təmizləmənin, mülki əhaliyə qarşı zorakılığın baş vermədiyini açıqlaması Ermənistanın və onun havadarlarının niyyətini puç etdi. Bütün bunların fonunda A.Simonyanın məlum açıqlaması sabun köpüyündən başqa bir şey deyil.

Əslində, Simonyan indiki Ermənistan ərazisindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından danışsa, daha yaxşı olar. Gerçək etnik təmizləmə siyasəti məhz Ermənistan hakimiyyəti tərəfindən azərbaycanlılara qarşı törədilib. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulandığı kimi, Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi daxil olmaqla, onların hüquqlarının bərpa edilməsi üçün çalışmalıdır.

Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinin qarşıdurma yolunu seçərək, regionda sülh perspektivlərini qeyri-müəyyən məcraya sürükləməsini pisləyib və dünya ictimaiyyətini Ermənistanın konstruktiv xətt tutması üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr