AZ

Azərbaycanla Türkiyənin yeni hədəfi - TƏHLİL

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada işgüzar səfərdə olub. Səfər çərçivəsində vacib məsləhətləşmələr aparılıb, müvafiq qərarlar verilib.

Mövzu ilə bağlı fikirlərini News365.az –a bölüşən Millət vəkili Vüqar Bayramov bildirib ki, qardaş Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir:

“Azərbaycan da hər zaman Türkiyənin yanındadır və öz dəstəyini heç zaman əsirgəmir. Hazırda Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır. 2023-cü ildə Türkiyə ilə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub.

Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb.

Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard 469 milyon dollar olub. Tərəflər qeyri-enerji sektoru üzrə də əməkdaşlığı gücləndirirlər. İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.

Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir”.

İhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
news365.az

1Mənbələr