AZ

“Ardıcıl 3 ölkə çempionluğu qazanmış rəhbərlik geri gəlməlidir”

Azərbaycan yığmasının sabiq futbolçusu, II Liqada çıxış edən “Kür-Araz” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin futbolinfo.az saytına müsahibəsi

– II Liqada 2023/2024 mövsümünü 6-cı pillədə tamamladınız. Mövsümü “Kür-Araz” üçün necə dəyərləndirirsiniz?

– Komanda birinci dəfə idi ki, II Liqada çıxış edirdi. İlk mövsüm olduğu üçün “Kür-Araz” təcrübə topladı. Məncə, ilk il üçün 6-cı yer pis nəticə deyil.

– II Liqanın ümumi səviyyəsi sizi qane etdimi? Bu liqada bəyəndiyiniz məqamlar hansılardır?

– Səviyyə baxımından deyə bilməsəm də, sırf regionlarda oyunları izləyən azarkeş sayı baxımından müsbət məqamlar gördüm. Bu mənada, II Liqada çox xoş təəssüratlarım oldu. Bəzi regionlarımızda futbolun bu qədər sevildiyini bilməzdim. Sevindirici haldır ki, bugünkü gündə II Liqa Azərbaycan futbolunun inkişafında, kütləviləşməsində rol oynayır. İnşallah, bütün liqalarımızda, o cümlədən Premyer Liqada region komandalarımızın sayı daha çox olar.

– Növbəti mövsümdə də “Kür-Araz”a kömək edəcəksiniz?

– Bəli, çox güman ki, növbəti sezonda da “Kür-Araz”la bir yerdə olacağam. İnşallah, gələn mövsüm komandaya daha çox köməyim dəyər. “Kür-Araz”ın növbəti sezonda daha yuxarı pillələrdə qərarlaşması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bunu bacaracağımıza inanıram.

– Uzun illər formasını geyindiyiniz “Neftçi”nin Premyer Liqanın mükafatçılar sırasından və avrokuboklardan kənarda qalmasını necə qarşıladınız?

– Əlbəttə, bu, mənim üçün heç xoş olmadı. Çünki sizin də qeyd etdiyiniz kimi, uzun illər “Neftçi”nin şərəfini qorumuşam. “Neftçi”ni belə yerlərdə görmək mənim üçün çox ağırdır. “Neftçi” xalqın komandasıdır. Həmişə ilk “üçlük”də qərarlaşan, çempionluğa oynayan komanda olub. İnşallah, islahatlar aparıldıqdan sonra “Neftçi”ni əvvəlki vaxtlardakı kimi güclü görərik.

– Sizcə, “Neftçi”yə əvvəlki əzəmətini kim qaytara bilər?

– Mənim düşüncəm belədir ki, ardıcıl 3 ölkə çempionluğu və 2 Azərbaycan Kubokunu qazanmış rəhbərlik geri gəlməlidir. Təbii ki, söhbət Sadıq Sadıqov, Tahir Süleymanov və Güloğlan Cabbarovdan gedir.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
futbolinfo.az

1Mənbələr